Həqiqətən o, öz vədinə sadiq idi

Cahiliyyə dövründən ərəblər verilmiş vədə sadiq olmağı yüksək dəyərləndirərdilər və şərəfli insanlar, şairlər bu xüsusiyyətlə fəxr edərdilər. Digər ümmətlərdə də buna bənzər xüsusiyyətlər olub. İslam gəldikdən sonra bu gözəl xisləti təqdir etmiş və insanları ona doğru təşviq etmişdir.

Mövzu barəsində alimlərimiz təfsir kitablarında geniş danışıblar, vədə vəfalı olmağın peyğəmbərlərə və saleh insanlara aid olan gözəl əxlaqi prinsiplərdən olduğunu bəyan ediblər. Bu barədə ayrıca kitab yazan alimlərdən biri əl-Hafiz Şəmsud-Din əs-Səxavi (vəfatı hicri 902) olub və o, bu mövzu barədə yazdığı “İltiməsus-Sa’di fil-Vafəi bil-Va’di” adlı kitabını Misirin sultanı Qayıtbəyə1 hədiyyə etmişdir. Mövzu barədə kitab yazmış digər alim böyük hənbəli alimi, “Dəlilut-Talib” və “Ğayətul-Muntəhə” kimi hənbəli fiqhinin məşhur mətnlərinin müəllifi Mər’i bin Yusuf əl-Kərmi’dir2. əl-Kərmi’nin bu kitabı həqiqətdə kiçik bir kitabdır, lakin qısa da olsa vədə sadiq qalmağın əhəmiyyəti barədə müsəlmanları agah edir.

Fiqh kitablarında mövzunun ayrıca yeri vardır və alimlərin vədə vəfalı olmağın hökmü haqqında görüşləri fərqlənir. Allah müyəssər etsə bu hökmün təfsilatını müsəlman qardaş və bacılarımıza təqdim edəcəyik. İndi isə əl-Kərmi’nin yazdığı bu kiçik həcmli kitabla oxucuları tanış etmək istəyirik.

 

 

Allahu Təaləyə möhtac qulu Mər’i bin Yusuf əl-Hənbəli əl-Maqdisi dedi:

Və’də vəfalı olmağı gözəl xüsusiyyətlərdən və peyğəmbərlərin – aleyhimissalətu vassələm – əxlaqından edən Allaha həmd olsun! Allah – Subhənəhu – imamımız İbrahim’in oğlu İsmaili tərifləyərək deyir:

Kitabda İsmaili də xatırla! Həqiqətən o, öz vədinə sadiq idi.

(Məryəm, 54)

Onun öz əməli ilə sözünü təsdiqlədiyini qəsd edir.

İnsanlar arasında sözündə ən sadiq, vədində vəfalı olmaqda ən öndər, şərəfdə məqamı ən yüksək olan , bütün insanlara rəhmət olaraq göndərilmiş peyğəmbərə, onun ailəsinə və  şərəflilərin qürurundan titrəyən və İslamın himayəsi üçün hərəkətə keçən səhabələrinə salam və salavat olsun!

Sonra:

Əxlaq sahiblərinin, yüksək məqam tutanların, qılınc və qələm əhlinin, alicənablıq və mərdlik sahiblərinin təbiətinin meyl etdiyi vədə və əhdə vəfalı olmaqla bağlı gözəl faydalar və gözəl qarşılanan nadir xüsusiyyətlər haqqında müxtəsər olaraq bir şeylər yazmaq istədim. Bu qəsdin muradı nə gözəldir! Allah – Subhənəhu – deyir:

Kitabda İsmaili də xatırla! Həqiqətən o, öz vədinə sadiq idi.

Xeyirli insanların nəfsləri buna meyl edir. Bu yazımı “İxlasul-Vidad fi Sidqil-Miy’ad” (Vədə sadiq olmaq istəyindəki səmimiyyət) adlandırdım.

Allah – Subhənəhu va Təalə – mübarək kitabında deyir: “Kitabda xatırla…!”; yəni sənə endirilən kitabda – və o, əziz olan Qurandır – İsmailin qıssasını, xəbərini, ondakı vədə sadiq olmaq və şiddətli hallarda dözümlü və sabit olmaq kimi xüsusiyyətləri xatırla!

İsmail sərfə tabe olmayan3 əcəmi adlardandandır və sonunda “nun” hərfi ilə İsmain də deyirlər və bunların hər ikisi ərəblərin işlətdiyi iki tərzdir. Ayədəki bu İsmail haqqında onun İsmail bin Həzqil – aleyhiməssalam – olduğu deyilib; bunu əl-Qurtubi öz təfsirində rəvayət edib4.

Alimlərin və müfəssirlərin böyük əksəriyyətinin üstünlük verdiyi görüşə görə o, ərəblərin atası və Allahın xəlili İbrahimin oğlu qurbanlıq İsmaildir5 hər ikisinə salam və salavat olsun!

Həqiqətən o, öz vədinə sadiq idi”; vədə sadiq olmaq sifəti digər peyğəmbərlərdə – aleyhimissalam – olsa da Allahu Təalə İsmaili şərəfləndirmək və onun şanını ucaltmaq üçün vədə sadiq olduğunu yada salıb onu başqalarından ayırmışdır və çünki bu, onun – salləllahu aleyhi va səlləm – xislətlərindən məşhur olanı və bilinən bir xislətidir.

İmam əl-Qurtubi təfsirində deyir: “Vədə sadiq olmaq tərifə layiq bir xüsusiyyətdir və bu, peyğəmbərlərin və elçilərin əxlaqındandır.”6

əl-Bəydavi deyir: “Allahu Təalə onu bu xüsusiyyətə görə yada salıb, çünki o, bununla məşhurdur və bu yöndə başqalarında tanınmayan xüsusiyyətlərlə vəsf olunub. Misal üçün buna baxmaq kifayətdir ki, o, qurban gətirilməsinə səbr edəcəyinə dair vəd etdi və atasına dedi: “Allah qoysa mənim səbrlilərdən olduğumu görəcəksən” və vədinə vəfalı çıxdı.”7

İmam Əbu Həyyan’ın təfsir kitabı “ən-Nəhr”də deyilir: “Onun – aleyhissalam – vədinə sadiq qalması budur ki, o, Allahu Təaləyə və insanlara vədlər etmişdi və bunların hamısına vəfalı oldu. Buna görə də vədində sadiq olmaqla xüsusi qeyd olunub.”8

əl-Qurtubi’nin təfsirində deyilir: “Alimlər bunda ixtilaf ediblər; bəziləri deyib ki, çünki o, özü qurban kimi kəsilməyə səbr edəcəyini vəd etdi və səbr etdi, nəticədə Allah səbrinin bərəkətinə görə onun əvəzinə (bir qoçu) fidyə etdi9” necə ki, Allahu Təalə buyurur:

Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik.

(əs-Saffat, 107)

Onun yoxsa (qardaşı) İshaqın qurbanlıq olması barədə ixtilaf mövcuddur, lakin bu mövzunun yeri bura deyildir.

Hətta deyilir ki, o, – aleyhissalam – bir kişiyə onunla bir yerdə görüşəcəyinə dair vəd edib. İsmail həmin yerə gəlir və həmin kişini o günün gündüzü və gecəsi boyu gözləyir. Növbəti gün olanda gəldi və ona dedi: “Səni gözləmək üçün dünəndən bəri burada durub qalmışam.”

Onu üç gün gözlədiyi də deyilmişdir. Bəzi alimlər deyir ki, bunun eynisini peyğəmbərimiz – salləllahu aleyhi va səlləm – peyğəmbərlik verilmədən əvvəl edib. Bunu ən-Nəqqaş10 zikr edir.

ət-Tirmizi və başqaları Abdullah bin Əbil-Həmsə ’dən belə dediyini rəvayət edilər: “Peyğəmbərlə – salləllahu aleyhi va səlləm – ona peyğəmbərlik verilmədən əvvəl alış-veriş etdim və məndə bir borcu qaldı. Onun dediyi yerə gətirəcəyimə dair söz verdim, lakin unutdum. Sonra üç gün keçdikdən sonra xatırladım, həmən ora getdim və gördüm ki, o – aleyhissalam – öz yerində durub. Mənə dedi: “Ey cavan oğlan! Mənə zəhmət verdin; üç gündən bəridir ki, burada durmuşam.”11

Hətta deyiblər ki, İsmail ona söz verəni iyirmi iki gün gözləyib; bunu əl-Məvardi zikr edir12 əz-Zəməxşəri13 və İbn Adil’in təfsirlərində deyilir ki, o – aleyhissalam – onu bir il gözləyib və bu, İbn Abbas’dan rəvayət olunub.14

Deyirəm: Ola bilsin ki, bütün bunlar özünün (dünyəvi) məsləhətləri ilə məşğul olmaqla və (dünyəvi) səbəblərdən istifadə etməklə bərabər ona söz verən adamın gəlişini gözləmək və soruşdurmağa davam etməklə olmuşdur.

Yekun olaraq deyə bilərik ki, İsmail – salləllahu aleyhi va səlləm – verdiyi hər bir vədə vəfalı olub. Bunu bəzi muhaqqiq alimlər deyirlər15. əl-Qurtubi dedi: “Bu, səhih bir görüşdür və ayənin zahirinin tələb etdiyi məna da budur.”16

İbn Adil’in təfsirində deyilir ki, əş-Şabi’dən – rahiməhullahu təalə  – dostuna görüşmək barəsində söz verən bir nəfər haqqında soruşurlar; nə zamana qədər gözləməlidir? Dedi: “Əgər gün çağı17 üçün söz veribsə, bütün gün çağı gözləməlidir, əgər gecə çağına söz veribsə bütün gecəni gözləməlidir.”

İbrahim bin Zeyd’dən bu barədə soruşdular və dedi: “Əgər ona bir namazın vaxtına söz vermisənsə, digər namazın vaxtına qədər gözləməlisən.”18

Peyğəmbərdən – salləllahu aleyhi va səlləm – gələn hədisdə deyir: “Vəd, vacib olan borcdur.”19 əl-Qurtubi dedi: “Yəni, möminlərin əxlaqında və siddiqlərin vəsfində.”20

Fiqh barədə yazdığım “Ğayətul-Muntəhə” adlı kitabımda zikr etdiyim kimi muhaqqiq alimlər deyirlər ki,  vədə vəfalı olmaq hökm etibarı ilə məcburi olmasa da vaciblilik baxımından məcburidir. Bunun mənası budur ki, kim bir nəfərə bir şeyi vəd edərsə və (vədinə) vəfalı olmaqdan boyun qaçırarsa qazi onu buna məcbur edə bilməz, çünki bu, yalançı olması anlamına gəlir və istisnasız vəd etmək haramdır. Allahu Təalə deyir:

Heç bir şey barəsində “inşallah” demədən “mən onu sabah edəcəm” söyləmə!

(əl-Kəhf, 23-24)

Bunun vacib olmasının dəlili Allahu Təalənin bu sözləridir:

Əhdə vəfa edin! Çünki əhd haqqında soruşulacaq.

(əl-İsra, 34)

Digər ayələrdə və hədislərdə buna dair dəlil vardır, lakin bura bu mövzunun yeri deyildir. əl-Qurtubi’nin təfsirində deyilir: “Ərəblər vədə vəfalı olmağı çox mədh edirlər, digər millətlərdə də belədir. Şair gözəl demişdir:

“Hür biri ehtiyac sahibinə “bəli” deyəndə,

ehtiyacını ödəyər və hür öz vədinə zamindir.”

“Bir şey barədə “bəli” desən yerinə yetir,

Çünki “bəli” sözü hür birinin üzərinə vacib borcdur”

Bol əcr və həmdü-səna qazan,

Hədiyyə verəcəyin şeyi həmən verməyə tələs!”

Salihiyyə

Dipnotlar:

  1. əl-Əşrəf Seyfud-Din Qayıt Bəy; Misirin on səkkizinci bürci məmlük sultanı olub və ölkəni hicri 872-ci ildən 901-ci ilə qədər idarə edib. əl-Hafiz əs-Səxavi sultanın tələbi ilə bir çox əsər qələmə alıb və ona hədiyyə edib və bu əsərlərin çoxu nadir əsərlərdən sayılır.
  2. əş-Şeyx əl-Alləmə Mər’i bin Yusuf bin Əbi Bəkr bin Əhməd bin Əbi Bəkr bin Yusuf bin Əhməd əl-Kərmi əl-Maqdisi; Fələstindəki Kərm dağı kəndində dünyaya gəlib. Sonra Qüdsə və daha sonra Qahirəyə köçüb və orada hicri 1033-cü ildə vəfat edib.
  3. Ərəb dilində sərfə tabe olmayan sözlər, axırı tənvin qəbul etməyən sözlərə deyilir.
  4. “əl-Cami li Əhkəmil-Quran”, 11/114
  5. Bunu bir mənalı olaraq əl-Bəğavi “Məalimut-Tənzil”də (3/166), Əbu Həyyan “əl-Bəhr əl-Muhit”də (6/188), İbn Kəsir öz təfsirində (3/122), əş-Şəvkani “Fəthul-Qadir”də (3/418) və Muhamməd əl-Əmin əş-Şənqiti “Ədvaul-Bəyan”da (4/299) söyləyiblər.
  6. “əl-Cami li Əhkəmil-Quran”, 11/115
  7. “Təfsirul-Bəydavi”, 4/10
  8. “ən-Nəhrul-Məd”, 6/198
  9.  “əl-Cami li Əhkəmil-Quran”, 11/115
  10.  İbnun-Nəqqaş əş-Şafi’i (vəfatı hicri 763) ; Onun “əs-Sabiq val-Lahiq” adlı təfsir kitabı var. əs-Səxavi bu təfsir kitabını vəsf edərək deyir ki, uzun bir təfsirdir və müəllifi təfsirdə əvvəlki təfsirlərdən heç bir hərf belə nəql etməməyə söz verərək kitabı yazıb. Lakin kitab tamamlanmayıb. Bax: “Vacizul-Kəlam”, 1/124; Bu təfsir hələ də itirilmiş irsimizin sırasında qalmağa davam edir və ümid edirik ki, gələcəkdə dünyanın hər hansısa guşəsində bu kitabın əlyazmaları inşallah tapılacaq.

    Bu qıssanı İsmaildən – aleyhissalam – ət-Tabəri təfsirində (8/351), əl-Bəğavi “Məalimut-Tənzil”də (3/166), İbn Kəsir təfsirində (3/122), əl-Qurtubi təfsirində (11/115) və əs-Suyuti “əd-Durrul-Mənsur”da (5/516) Muqatil və İbn Cureyc’in rəvayətlərindən nəql ediblər.

  11. Bunu Əbu Davud “əs-Sünən”də (4996), İbn Əbid-Dünya “Kitəbus-Samt”da (hədis: 457; səh: 236), əl-Xaraiti “Məkarimul-Əxlaq” ( 1/194; hədis: 177 ) və əl-Beyhaqi “əs-Sünən əl-Kubra”da (10/198) rəvayət edir. İsnadında zəiflik var, çünki isnadında Abdullah bin Meysərə adlı ravi keçir və İbn Main, Əbu Hatim, Əbu Zura və başqaları onu zəif sayıblar. Bax: “əl-Cərh vat-Tə’dil”, 5/177; “ət-Təhzib”, 2/441; əl-Hafiz əs-Səxavi isnadını gətirdikdən sonra deyir: “İsnadında uyğunsuzluq vardır.” Bax: əl-İraqi, “əl-Muğni anil-Həmlil-Əsfar”, 2/802; əs-Səxavi, “İltiməsus-Sad”, səh: 67
  12. İsmailin söz verən adamı iyirmi iki gün gözləməsi hekayəsini İbn Əbid-Dünya “Kitəbus-Samt”da (hədis: 458; səh: 237) rəvayət edir və bu hekayəni əl-Qurtubi təfsirində (11/115) zikr edir.
  13. “əl-Kəşşaf”, 3/22
  14. İbn Əbi Hatim bunu təfsirində (7/2411) Sufyan əs-Səvri’dən rəvayət edir. əs-Suyuti bunu “əd-Durrul-Mənsur”da (5/516) zikr edir.
  15. Təfsir imamlarından Kə’ab, Mücahid və İbn Cüreyc bu görüşdədir. Bunu ət-Tabəri təfsirində (8/351), əl-Bəğavi “Məalimut-Tənzil”də (3/166) rəvayət edir və əs-Suyuti “əd-Durrul-Mənsur”da (5/516) zikr edir.
  16. ”əl-Cami li Əhkamil-Quran”, 11/115
  17. Yəni nahar vaxtı və nahar ərəb dilində günün işıqlı vaxtına deyilir.
  18. Bunu İbn Əbid-Dünya “Kitəbus-Samt”da (hədis: 460; səh: 237) rəvayət edir.
  19. ət-Tabərani “əl-Əvsat”da (4/131; hədis: 3513) və “əs-Sağir”də (səh: 179; hədis: 420), “Fəthul-Vahhab”da (1/21) qeyd olunduğu kimi əl-Quda’i müsnədində “Vəd borcdur” sözləri ilə rəvayət edirlər. əl-Heysəmi “əl-Məcmə”də (4/166) deyir: “Sənədinə Həmzə bin Davud var, onu əd-Dəraqutni zəif sayıb.” Bu rəvayəti əl-Xaraiti “Məkarimul-Əxlaq”da (1/205; hədis: 190) “Vəd atiyyədir.” Atiyyə isə verəcəyinə dair söz verilmiş əşyadır.
  20. “əl-Cami li Əhkamil-Quran”, 11/115
Exit mobile version