Bayram namazı ilə bağlı üç sual

Indian Muslims take part in Eid al-Fitr prayers at Jama Masjid in New Delhi, India, Monday, Aug. 20, 2012. Muslims around the world are celebrating Eid al-Fitr, marking the end of Ramadan, the Muslim calendar's ninth and holiest month during which followers are required to abstain from food and drink from dawn to dusk. (AP Photo/Kevin Frayer)

Bayram namazı ilə bağlı müsəlmanlar tərəfindən tez-tez soruşulan və hər il cavab verməli olduğumuz bəzi məsələlər vardır. Ən çox verilən suallar arasından ən çox soruşulan üç sualı seçərək bu kiçik məqalədə qısa şəkildə fiqh məzhəblərin görüşləri üzərindən cavab verməyə çalışdıq.

Birinci sual: Bayram namazlarının hökmü nədir?

Bayram namazının hökmündə məzhəb fəqihləri ixtilaf ediblər. İmam Əhmədin məzhəbindəki mötəbər rəy budur ki, bayram namazları fərzu kifayədir. Şeyx Mənsur əl-Buhuti deyir: “Bayram namazları fərzu kifayədir.[1] Hənbəlilərə görə fərzu kifayə olan bu bayram namazının hasil olması üçün 40 nəfərin iştirak etməsi şərtdir. Əgər 40 nəfərin iştirakı ilə bayram namazı keçirilərsə digərlərinin üzərindən bu fərz düşür və digərləri üçün bayram namazında iştirak etmək müstəhəb olur. Lakin bayram namazına gələnlər üçün üzr olmadan oranı tərk etməkləri məkruhdur.

Şafi’i məzhəbində isə fərz deyildir. “Tuhfətul-Muhtəc” kitabında İbn Həcər əl-Məkki belə deyir: “O, müəkkəd sünnətdir.[2] Abdulhəmid Şirvani haşiyəsində deyir: “Onun “müəkkəd” sözü o deməkdir ki, onu tərk etmək məkruhdur.” İmam Xatib əş-Şirbini deyir: “Həmçinin tək qılan, kölə, qadın və müsafir üçün də məşru’dur.[3] Bu, həm də maliki məzhəbinin rəyidir. Şeyx Nəfravi deyir: “İki bayram, yəni fitr və qurban bayramı namazlarının hər biri vacib sünnətdir, yəni fərdlər üzərində mükkəddir.[4]

Hənəfi məzhəbinə gəldikdə isə İbn Abidin haşiyəsində deyir: “(Bayram namazı) cümə namazı vacib olan kəslərə vacibdir.[5]

Beləliklə də buradan öyrənmiş oluruq ki, əksər fəqihlərimiz bayram namazını vacib saymayıblar. Şafi’ilər və malikilər müəkkəd sünnət olduğunu deyirlər, hənbəlilərə görə fərzu-kifəyədir, hənəfilərə görə isə cümə namazı ilə eyni hökmdədir.

 

İkinci sual: Bayram namazının xütbəsində cümədə olduğu kimi susmaq və dinləmək vacibdirmi?

Bu məsələdə məzhəblər fərqli görüşlərdədir. Şeyx Mənsur əl-Buhuti deyir: “İmam namazdan salam verdikdə daha əvvəl zikr olunduğuna görə iki xütbə verər və bunların, yəni bu iki xütbənin hökmləri – daha əvvəl təfsilatlı olaraq zikr edildiyi kimi – cümənin iki xütbəsi kimidir, hətta xütbə zamanı danışmaq da haramdır, bunu İmam Əhməd bir mənalı olaraq söyləyib.[6]

Şafi fəqihlərindən olan İmam Nəvəvi deyir: “Xütbəni dinləmək insanlar üçün müstəhəbdir. Nə xütbə, nə də onu dinləmək bayram namazının səhihliyi üçün şərt deyildir”. Lakin İmam Şafi deyib:Əgər bayram və ya kusuf və ya istisqa xütbəsinə və ya həcc xütbələrinə qulaq asmağı tərk edərsə və ya xütbə əsnasında danışarsa və ya oradan ayrılaraq xütbəni tərk edərsə məkruh görürəm.[7]

Malikilərə gəldikdə isə bayram xütbəsində danışmağı məkruh sayırlar. Şeyx Muhəmməd İlliş deyir: “Xütbələrə qulaq asmaq müstəhəbdir, yəni uzaq olduğu üçün və ya səs tutqun olduğu üçün eşitməsə belə iki xütbədə susmaq müstəhəbdir. Danışmaq isə məkruhdur.[8] Buradan anlayırıq ki, susaraq qulaq asmaq müstəhəbdir, danışmaq isə məkruhdur. Lakin bu, malikilərdəki iki rəydən biridir və Şeyx Xəlil müxtəsərində bu rəyi mötəməd hesab edib. İkinci rəvayət isə budur ki, susub qulaq asmaq vacibdir. İmam əl-Adəvi haşiyəsində deyir: “Haşiyə yazmış ət-Tətəi nəql ilə ifadə edir ki, bayram xütbəsində danışmaq da cümə xütbəsində danışmaq kimidir və mötəməd olan budur. Bu, əl-Əchuri və başqalarının dediyinin əksinədir. Bu haşiyə sahibinin dediyi isə zikr etdiyi nəqldən çox aşkar aydın olur.[9] Şeyx Zurqani də şərhində qeyd edir ki, susmağın vacib olması İbn Qasımın İmam Malikdən rəvayətin etdiyinin zahirindən anlaşılır. İbn Rüşd əl-Cədd də bu görüşü doğru saymışdır. Son dönəm malikilərin sözlərindən anlaşılan budur ki, onlar İbn Qasımın rəvayətinə meyl edirlər. Doğrusunu Allah bilir!

Bu məsələdə hənəfi fəqihlərinin görüşünə tam vaqif ola bilmədiyimiz üçün qeyd etmədik. Məşhur fiqh ensiklopediyası olan “əl-Kuveytiyyə” müəlliflərinə görə hənəfil məzhəbində bayram xütbəsində susub qulaq asmağın hökmü cümə xütbəsindəki kimidir.

 

Üçüncü sual: Bayram namazına çata bilməyənlər onu qəza edə bilərlərmi?

İmam və camaat ilə birlikdə bayram namazına yetişə bilməyən onu qəza edə bilərmi? İmam Mənsur əl-Buhuti deyir: “Bayram namazını imam ilə qılmağı qaçıran kəsə həmin günü zöhrün başlanğıc vaxtından əvvəl və ya sonra bayram namazı formasında qəza etmək sünnətdir.[10] Şafi’ilərdən İmam Nəvəvi deyir: “Əgər imam ilə bayram namazını qaçırarsa onu tək qılar və bayram günü zöhrün vaxtı girmədiyi müddətdə (qılarsa) əda etmiş olmur. Amma zöhr vaxtı girənə qədər qılmayana gəldikdə isə artıq bayram namazını əldən qaçırmışdır. Onu qəza etmək müstəhəbdirmi? Bu barədə könüllü namazlar babında nafilə namazlarının qəzası barədə daha əvvəl zikr olunmuş iki görüş vardır. Ən doğru olan budur ki, müstəhəbdir.[11] Mütəaxxir şafi’I fəqihlərinə görə camaat şəklində qəza etmək olar və bu halda xütbə verməkləri də sünnətdir. İmam Şirvani haşiyəsində deyir: “Daha doğru olan budur ki, əgər camaat şəklində qəza edərlərsə onun üçün xütbə verməkləri də həmçinin sünnətdir.[12] Hənbəlilərə görə də camaat şəklində qəza etmək olar. Şeyx Mustafa ər-Ruheybəni deyir: “Kim bayram namazını qaçırıbsa oturub xütbəyə qulaq asmalı və sonra istəyərsə onu, yəni namazı zəval vaxtından öncə və ya sonra, tək olaraq və ya camaat halında qəza edə bilər, çünki onun üçün bu, könüllü namaza çevrilmiş olur.[13] Camaat olaraq qəza edənlər üçün hənbəlilər 40 nəfər olmaqlarını şərt görmürlər. Abdurrahmən bin Abdilləh əl-Bə’li əl-Xəlvəti deyir: “Lakin bayram namazını qaçırana və ya imam ilə birlikdə namazın bir hissəsini qaçırana həmin günü zəvaldan əvvəl və ya sonra, istər tək olaraq, istərsə də qırxdan az sayla camaat ilə qəza etmək sünnətdir.[14]

Hənbəlilərə görə qəza edildikdə xütbə verilməz. Malikilərə gəldikdə isə onlar da bayram namazının qəza edilməsini müstəhəb sayırlar. Şeyx Həttab ər-Rueyni deyir: “əl-Mudəvvanə kitabında dedi: Kim imam ilə qılınan bayram namazlarını qaçırarsa onu qılması müstəhəbdir, vacib deyildir.” Sənəd dedi: “Bayram namazını qaçıran imam xütbə verdiyi vaxt gələrsə musallədə və ya məsciddə olmasından asılı olmayaraq oturmalıdır.” Sonra dedi: “Əgər camaat olaraq namazı qaçırarlarsa və camaat olaraq onu qılmaq istəyərlərsə (onlar üçün) caizdirmi? Bunda ixtilaf ediblər. İbn Həbib deyib: “Kim bayram namazını qaçırıbsa onu ailəsindən bir neçə nəfər ilə camaat şəklində qılmasında bir bəis yoxdur.” Səhnun isə deyir: “Camaat şəklində qıla biləcəkləri rəyində deyiləm, əgər qılmaq istəsələr tək-tək qılsınlar.” Sonra (Sənəd) dedi: “Məzhəbin rəyi budur ki, (qəza edənlər) xütbə vermirlər.[15] Buradan aydın olur ki, malikilər qəza edilməsini müstəhəb sayırlar. Lakin camaat şəklində qəza etmək barəsində məzhəbdə iki rəy vardır. Lakin onlarda məşhur olan görüş budur ki, camaat şəklində qılmaq olmaz. Əbu Bəkr əl-Kəşnəvi deyir: “İmam ilə qılınan bayram namazlarını qaçıran onu tək qıla bilər, üstün görüşə görə camaat ilə qıla bilməz, necə ki, “əl-İklil” kitabında deyir. əl-Həttabın dediklərinin xülasəsi isə budur: “Onu qılması müstəhəbdir, camaat ilə yoxsa tək-tək qılmaq barəsində iki rəy vardır; daha doğru olan budur ki, camaat ilə qılmaqları icazəli deyildir.[16] Əgər ikinci görüşə əsasən camaat şəklində qəza etmək istəsələr o zaman malikilərə görə xütbə verilməməlidir, bu nöqtədə onlar ixtilaf etməyiblər. Hənəfi məzhəbinə gəldikdə isə bu barədə Əbul-Həsən əl-Quduri müxtəsərində deyir: “Kim imam ilə qılınan bayram namazını qaçırarsa qəza etməz.[17] Beləliklə də aydın olur ki, əksər alimlərimiz bayram namazının qəza edilməsinə icazə veriblər.

 

 

[1] “Dəqaiqu Ulin-Nuhə li Şərhil-Muntəhə”, 1/324

[2] “Tuhfətul-Muhtəc fi Şərhil-Minhəc”, 3/39

[3] “Muğnil-Muhtəc ilə Mərifəti Məani Əlfəzil-Minhəc”, 1/587

[4] “əl-Fəvakihud-Dəvani alə Risələti İbn Əbi Zeyd əl-Qayravani”, 1/270

[5] “əd-Durrul-Muxtər va Həşiyətu İbn Abidin”, 2/165

[6] “Dəqaiqu Ulin-Nuhə li Şərhil-Muntəhə”, 1/327

[7] “əl-Məcmu Şərh əl-Muhəzzəb”, 5/24

[8] “Minəhul-Cəlil Şərh Muxtəsar Xəlil”, 1/466

[9] “Şərhu Muxtəsar Xəlil lil-Xaraşi”, 2/104

[10] “Dəqaiqu Ulin-Nuhə li Şərhil-Muntəhə”, 1/328

[11] “əl-Məcmu Şərh əl-Muhəzzəb”, 5/4

[12] “Tuhfətul-Muhtəc fi Şərhil-Minhəc”, 3/43

[13] “Mətalibu Ulin-Nuhə fi Şərhi Ğayətil-Muntəhə”, 1/801

[14] “Kəşful-Muxaddərat va Riyadul-Muzhirat li Şərhi Əxsaril-Muxtəsarat”, səh: 202

[15] “Məvahibul-Cəlil fi Şərhi Muxtəsar Xalil”, 2/197

[16] “Əshəlul-Mədərik Şərhu İrşədis-Səlik”, 1/338;

[17] “Muxtəsar əl-Quduri”, səh: 41

Salihiyyə

Exit mobile version