Peyğəmbərin qızları
Maraqlı bir mənzərə ilə qarşı-qarşıyayıq. Peyğəmbərin – aleyhissalətu vassələm – özündən sonra buraxdığı iki əmanətdən ikincisi üzərindən təbliğat aparan bir camaat, bütün islam camaatları arasında bu iki əmanətə ən çox xəyanət etmiş fikirləri və üzvləri ilə tanınırlar. Bu iki əmanətdən ən böyüyü olan Qurana təhrif ittihamları ilə hücum çəkənlər bu camaatın içindən çıxdığı kimi, əhlul-beytə də gözlənilməyən tərəfdən hücum edən kəslər də bu camaatın içindən çıxır. Çünki şübhəsiz ki, Peyğəmbərin – aleyhissalətu vassələm – qızları onun mübarək əhlul-beytindəndir. Lakin özünü əhlul-beytin aşiqləri adlandıran bu tayfanın içindən çıxan bəzi cüvəllağılar Peyğəmbərimizin – salləllahu aleyhi va səlləm – doğma qızlarını tamamilə başqa kişilərə nisbət edirlər. Bir anlıq bu iddianın üzərində durun və bir kişinin qızlarının hansısa ucuz və batil səbəblərə görə tamamilə yad bir kişiyə nisbət edildiyini ağlınızda canlandırın və bu iddianın həmin kişiyə nə qədər əziyyət verəcəyini təsəvvür etməyə çalışın! Bəli! Bu tayfa Allahın elçisinə – salləllahu aleyhi va səlləm – özlərinin də ağlına gələ bilməyəcəyi yerdən əziyyət verirlər.
Məlum məsələdir ki, Allahın elçisinə – salləllahu aleyhi va səlləm – Rəbbi dörd qız övladı vermişdi. əl-Qurtubi pnun bu qızları haqqında deyir: “Onun qız övladlarından isə: Xadicənin qızı Fatimə əz-Zəhra’dır. Nübuvvətdən beş il əvvəl Qureyş Kəbə evini inşa edərkən[1] Xədicə onu dünyaya gətirmişdi və o, qızlarının ən kiçiyi idi. Əli – radıyallahu anh – onunla hicrətin ikinci ilində, Ramazan ayında evləndi və zulhiccə ayında onunla gərdəy girdi. Rəcəb ayında evləndiyi də deyilib. O, Peyğəmbərdən – sallallahu aleyhi və səlləm – az sonra vəfat etmişdir və əhlul-beytindən ona ilk qovuşan şəxs o, olmuşdur. Allah ondan razı olsun. Onlardan biri də Zeynəb’dir – anası Xədicə idi. Zeynəb, öz xalası oğlu Əbu’l-As bin ər-Rabi ilə evlənmişdi. Əbu’l-Asın anası Xədicənin bacısı Halətu bint Xuveylid idi. Əbu’l-Asın adı Ləqit idi. Həşim olduğu və Huşeym olduğunu, bir başqa rəvayətə görə isə Miqsəm olduğu deyilib. O, Rəsulullahın – sallallahu aleyhi və səlləm – qızlarının ən böyüyü idi. Hicrətin səkkizinci ilində vəfat etdi və Rəsulullah – sallallahu aleyhi və səlləm – onun qəbrinə enərək onu dəfn etdi. Onlardan biri də Ruqeyyə idi – anası Xədicədir. Ruqeyyə’ni nübüvvətdən əvvəl Əbu Ləhəbin oğlu Utbə ilə evləndirmişdilər. Rəsulullaha – sallallahu aleyhi və səlləm – peyğəmbərlik verildikdə və “Əbu Ləhəbin əlləri qurusun” ayəsi ona nazil olduqda Əbu Ləhəb oğluna dedi: “Əgər onun qızını boşamasan, sən mənim oğlum deyilsən!” Beləliklə, Utbə Rüqəyyəni boşadı və onunla gərdəyə girməmişdi. Anası Xədicə islamı qəbul etdikdə o da müsəlman oldu. Qadınlar beyət etdikdə o da bacıları ilə birlikdə Rəsulullaha – sallallahu aleyhi və səlləm – beyət etmişdi. Daha sonra Osman bin Affan onunla evləndi. Osmanla evləndikdə qureyşli qadınlar belə deyirdilər:
“Bir insanın gördüyü ən gözəl iki insan – Rüqəyyə və onun əri Osman!”
O, Osmanla birlikdə Həbəşistana iki hicrətdə də hicrət etdi. Osmanla olan bir uşağını düşürmüşdü və sonra Osmandan Abdullah’ı dünyaya gətirdi. Osman müsəlmanlar arasında onun adı ilə künyələnirdi. Uşaq altı yaşına çatmışdı ki, bir xoruz onu üzündən dimdikləyib yaraladı və uşaq vəfat etdi. Rüqəyyə bir daha övlad doğmadı. Sonra Mədinəyə hicrət etdi və orada xəstələndi. Bu zaman Rəsulullah – sallallahu aleyhi və səlləm – Bədr döyüşünə hazırlaşırdı. Ona görə Osmanı onun yanında saxladı. Hicrətdən sonra on yeddinci ayın başında Rəsulullah Bədrdə ikən vəfat etdi. Zeyd ibn Harisə Bədrdən müjdə ilə gəldi və Mədinəyə daxil olanda Ruqeyyənin qəbrinin torpağı yenicə hamarlanırdı. Rəsulullah – sallallahu aleyhi və səlləm – onun dəfnində iştirak edə bilmədi. Onlardan biri də Ummu Kulsum idi – anası Xədicədir. Onunla nübüvvətdən əvvəl Əbu Ləhəbin oğlu Utəybə – yəni Utbənin qardaşı – evlənmişdi. Lakin Əbu Ləhəb, Ruqeyyə’də olduğu kimi daha əvvəl zikr olunmuş səbəbə görə oğluna onu boşamağı əmr etdi. O da onu boşadı, hələ onunla gərdəyə girməmişdı. Ummu Kulsum isə Məkkədə Rəsulullah – sallallahu aleyhi və səlləm – ilə birlikdə qaldı. O, anası ilə birlikdə İslamı qəbul etdi. Bacıları ilə birlikdə Rəsulullaha beyət etdi. Daha sonra Rəsulullah – sallallahu aleyhi və səlləm – hicrət etdikdə o da Mədinəyə hicrət etdi. Ruqeyyə vəfat etdikdən sonra Osman onunla evləndi. Bu səbəbdən Osman ‘Zun-Nureyn’ (İki nur sahibi) adlandırıldı. Ummu Kulsum Rəsulullah – sallallahu aleyhi və səlləm – sağ ikən, hicrətin doqquzuncu ilinin şaban ayında vəfat etdi. Rəsulullah – sallallahu aleyhi və səlləm – onun qəbrinin başında oturdu və qəbrinə isə Əli, əl-Fədl və Usamə endi.”[2]
Peyğəmbərin – aleyhissalətu vassələm – qızları haqqında əl-Qurtubi’nin təqdim etdikləri ümumilikdə doğrudur, lakin burada bəzi məsələlər arasında ixtilaf edilib; onların yaşlarında, doğum tarixlərində xəfif ixtilaf var. Onlardan yaşca ən böyüklərinin Zeynəb olması alimlər arasında ittifaq məsələsidir, lakin hansının ən kiçik olmasında isə ixtilaf edilib; Fatimə yoxsa Ruqeyyə yoxsa Ummu Kulsum? Lakin bu ixtilaf onların həqiqətən də Rəsulullah’ın Xədicədən olan övladları olmasına zərrə qədər də kölgə salmır. Ona görə də tarixçilər Peyğəmbərin qızlarında ixtilaf etməyiblər. əl-Hafiz Əbu Muhəmməd Abdulğani bin Abdilvahid əl-Maqdisi (ö. h. 600) deyir: “Peyğəmbərin qızları dörd nəfər olub, bunda heç bir ixtilaf yoxdur və onlar: Fatimə, Zeynəb, Ruqeyyə və Ummu Kulsum’dur.”[3] əl-Hafiz İbn Kəsir əd-Diməşqi (h. 701-774) deyir: “Heç bir ixtilaf yoxdur ki, onun – salləllahu aleyhi va səlləm – övladlarının hamısı Xədicə bint Xuveylid’dəndir, bir tək İbrahim istisnadır ki, o Mariya bint Şəmun əl-Qibtiyyə’dən olan oğludur.”[4] Bu məsələ alimlər arasında gördüyümüz kimi ittifaq məsələdir və sünnət əhli arasında kiminsə buna müxalif olduğunu görməmişik. Hətta şiələrdən Molla Saleh əl-Məzəndərani də belə bir icma nəql edərək deyir: “Nəql əhli icma edib ki, Xədicə Peyğəmbərdən dörd qız uşağı dünyaya gətirdi və onların hamısı İslamı gördülər, hicrət etdilər: Zeynəb, Fatimə, Ruqeyyə və Ummu Kulsum…”[5]
Bu məsələdə ittifaqa müxalif çıxmış ilk şəxs şiələrin öz arasında etiqadı və nəsəbi şübhəli olan bir şəxsdir. Belə ki, əlimizdə olan qaynaqların içində bu iddianı edən ən qədim qaynaq Əbul-Qasim əl-Kufi’nin “əl-İstiğasə fi Bidəis-Sələsə” kitabıdır. Bu şiə alimi kitabında əhlüs-sünnətin Osman üçün fəzilət olaraq zikr etdiklərini inkar etmək məqamında deyir: “Allahın rasulunun – salləllahu aleyhi va əlihi va səlləm – Osman bin Affənə Ruqeyyə’ni və Zeynəb’i ərə verməsi ilə bağlı sünnilərin rəvayət etdiklərinə gəldikdə isə, ərə vermə hadisəsi səhihdir, bunda heç bir mübahisə yoxdur, aramızdakı ixtilaf sadəcə olaraq Ruqeyyə və Zeynəbin şəxsləri haqqındadır: Onlar həqiqətən də Rəsulullahın – salləllahu aleyhi va əlihi va səlləm – qızlarıdır yoxsa qızları deyil?” [6]Daha sonra bu şiə müəllif tarix kitablarında keçən məlumatlara yer verir, Ruqeyyə’nin Əbu Ləhəbin oğluna və Zeynəb’in isə Əbul-As’a ərə verilməsini zikr edir. Daha sonra Əbu Ləhəb’in oğlunun Ruqeyyə’ni boşadığını, ondan sonra Osmana ərə getdiyini yazır. Mədinədə ikən Osman’ın yoldaşı Ruqeyyə’nin və Zeynəb’in əri Əbul-Asın vəfat etdiyini və bundan sonra Zeynəb’in Osmana ərə getdiyini qeyd edir. Bunun xəta olduğu məlumdur, çünki Osmana ərə gedən Zeynəb yox, Ummu Kulsum idi. Lakin Əbul-Qasim əl-Kufi hansı dəlilə əsaslanaraq Zeynəb ilə Ruqeyyə’nin Peyğəmbərin qızları olmadığını deyir? Onun dəlili bundan ibarətdir: “Cahiliyyə dövründə Rəsulullahın (sallallahu aleyhi və alih) bu iki qadını – yəni Rüqəyyə və Zeynəbi – iki kafir kişiyə ərə verdiyinə dair rəvayət ixtilafsız olaraq mövcuddur. Belə olduğu halda, vəziyyət iki ehtimaldan kənar deyil: ya Rəsulullah da (sallallahu aleyhi və alih) cahiliyyə dövründə onların dini üzərində idi, ya da onlardan fərqli olaraq Allaha – təalə – iman edən biri idi. Əgər biri desə ki: ‘Rəsulullah (sallallahu aleyhi və alih) cahiliyyə dövründə onların dini üzərində idi’, bu halda Allahı və Onun Rəsulunu inkar etmiş olar. Çünki Allah -təala – İbrahim –aleyhissəlam– barəsində buyurur: “Mən səni insanlara imam edəcəyəm.” (İbrahim) dedi: “Nəslimdən də?” (Allah) buyurdu: “Zalımlar Mənim əhdimə nail ola bilməzlər.” [2:124] Kafir olan kəs Allahın bu sözünə əsasən ən böyük zalımdır: “Həqiqətən şirk – böyük bir zülmdür.” [31:13] Belə olan hər kəs bütpərəstdir və kim bütlərə ibadət edibsə, Allahın onu peyğəmbər və ya imam seçməsi mümkün deyildir. Əgər Allahın bir kafiri və ya müşriki peyğəmbər və ya imam etməsi mümkün olsaydı, onda nəzər baxımından bir peyğəmbərin və ya imamın da nübüvvətdən və imamətdən dönərək müşrik və kafir olması mümkün olmalıdır. Necə ki, bir kafirin iman gətirərək mömin olması mümkün olduğu kimi bir möminin də küfrə qayıtması və mömin ikən kafir olması mümkün olmalıdır. Nəzəri olaraq peyğəmbərlərin və imamların da – aleyhimussələm – bu cür olmaqları vacibdir; əgər Allahın kafir və müşrik olmuş birini götürüb peyğəmbər və imam etməsi mümkün olsaydı bu da mümkün olmalıdır. Lakin belə bir şeyin Allahın – cəlləsmuhu – hikmətində batil olduğu aydınq olduğu üçün “Rəsulullahın (sallallahu aleyhi və alih) cahiliyyə dövründə bütlərə ibadət edən kafir olduğunu” söyləyən kəsin kafir və mülhid olduğunu deməyimiz vacib olur. Bu vacib olduğu üçün eyni şəkildə sabit olur ki, Allahın elçisi – salləllahu aleyhi va əlihi va səlləm – cahiliyyə zamanında cahiliyyədən başqa Allahın razı olduğu bir din üzərində olub. Biz bunu “əl-Ənbiya” kitabında ağıl sahibləri üçün kifayət edəcək şəkildə izah etmişik. Beləliklə, bizim vəsf etdiklərimiz vacib olduğu üçün və dəlilləri sabit olduğu üçün deyirik ki, Rəsulullahın – sallallahu aleyhi və alihi va səlləm – iki qızını iki kafir kişiyə onların kafir və mülhid olduqlarını bildiyi və dində onlara müxalif olduğu halda, heç bir zərurət olmadan ərə verməsi imkansız bir şeydir. Belə bir şey batil olduğu üçün o iki qızın onun öz doğma qızları olması da batil olur.”[7] Beləliklə də Əbul-Qasim əl-Kufi’nin əsaslandığı əsas dəlil bundan ibarətdir; yəni Peyğəmbərin – aleyhissalətu vassələm – öz qızlarını iki kafirə verməsi mümkün deyildir, əgər versibsə deməli onların onun öz doğma qızları deyildilər. Sözün düzü bunun məntiqin harasından çıxardığı müəmma olaraq qalır. İstənilən halda Əbul-Qasim əl-Kufi bu dəlili qeyd etdikdən sonra ardınca buyurur: “Bizə o ikisi ilə bağlı elm əhli olan şeyxlərimizin Əhlul-Beyt imamlarından – aleyhimussəlam – rəvayət etdikləri səhih olaraq gəlib və belə ki, bizim yanımızda onlardan gələn rəvayət səhihdir ki, “Xədicə bint Xuveylid’in anasından bir bacısı vardı, adı Halə idi. Halə bir vaxtlar Məxzum qəbiləsindən olan bir kişiyə ərə getmişdi və bu nikahdan ‘Halə’ adında bir qız övladı dünyaya gəlmişdi. Sonra, Halə’nin atasının ölümündən sonra (anası) Halə’ni Təmim qəbiləsindən olan Əbu Hind adlı bir kişi aldı. Bu nikahdan isə Hind bin Əbi Hind adlanan bir oğlu dünyaya gəldi və iki qız övladı oldu. Rəsulullaha – salləllahu aleyhi va əlihi va səlləm – nisbət edilən bu iki qız Zeynəb və Ruqeyyə (əslində Halə’nin ikinci ərinin) başqa qadından (olan uşaqları) idi ki, o qadın artıq ölmüşdü. Əbu Hind vəfat etdikdə, oğlu artıq yetkinlik yaşına çatmışdı, lakin qızlar hələ körpə idilər. Bu, Rəsulullahın – sallallahu aleyhi və alih va səlləm – Xədicə bint Xuveylid’lə yeni evləndiyi dövrə təsadüf edirdi. Halə – Xədicənin bacısı – yoxsul bir qadın idi, Xədicə isə var-dövlət sahibi, zəngin qadınlardan idi. Əbu Hindin oğlu Hind səhrada yaşayan tayfasına və qəbiləsinə qovuşdu, qızlar isə anaları Halə’nin yanında qaldılar. Xədicə bacısı Haləni və onun iki qızını öz himayəsinə aldı və onların hamısına baxmağa başladı. Halə – Xədicənin bacısı – Xədicə ilə Rəsulullah – sallallahu aleyhi və alih va səlləm – arasında elçilik işini yerinə yetirən şəxs idi. Rəsulullah – sallallahu aleyhi və alihi va səlləm – Xədicə ilə evləndikdən bir qədər sonra Halə vəfat etdi və iki qızı – Zeynəb və Ruqeyyə – Rəsulullahın və Xədicənin himayəsində qaldılar. Onlar bu ikisinin evində böyüdülüb tərbiyə olundular. Ərəblər arasında cahiliyyət dövründə belə bir adət vardı ki, kim bir yetim uşağı böyüdərdisə, o uşaq camaat arasında ona nisbət verilərdi. Belə olunca, əgər kimsə bir qız uşağını böyüdərdisə, camaatın zənnincə onu öz qızı kimi sayardı və həmin kişiyə o qızla evlənmək halal sayılmazdı. Beləliklə, Rəsulullah – sallallahu aleyhi və alihi va səlləm – və Xədicə bu iki qızı – yəni Xədicənin bacısının Əbu Hinddən olan qızlarını – böyüdüb tərbiyə etdiklərinə görə camaat onların hər ikisini Rəsulullah və Xədicənin öz doğma qızları hesab etdi və onları Zeynəb və Ruqeyyə adı ilə tanıdılar.” [8]Beləliklə də Əbul-Qasim əl-Kufi imamlardan belə bir rəvayət zikr edir ki, bu rəvayətin hansı şeyxindən eşitdiyini, hansı isnadla və hansı imamdan gəldiyini demir. Şiələrdə hədis kitablarında da bu rəvayətdən heç bir əsər-əlamət yoxdur. Ona da diqqət çəkək ki, bu versiyaya görə Zeynəb və Ruqeyyə əslində heç Xədicə’nin bacısı uşaqları da deyil, əslində Xədicə’nin bacısı Halə’nin ikinci əri Əbu Hind’in başqa qadından olan uşaqları idi.
Maraqlıdır ki, Əbul-Qasim əl-Kufi özü şiələr arasında böyük bir sual altına düşüb. Onun haqqında ən-Nəcaşi deyir: “Əli bin Əhməd Əbul-Qasim əl-Kufi: Kufə əhlindən olan biridir. Özünün Əbu Talib ailəsindən olduğunu deyərdi. Ömrünü sonlarında aşırıya vardı və fasid bir məzhəbə sahib oldu. Çox sayda kitab yazıb ki, onların əksəriyyəti fasid məzhəb üzərində qurulub…” Sonra kitablarının adlarını sayır və deyir: “Ğulat firqələr bu adam barəsində əzəmətli məqamlar iddia edirlər.”[9] İbnul-Ğadairi isə deyir: “Əli bin Əhməd Əbul-Qasim əl-Kufi; ələvilərdən olduğunu iddia edən bir yalançıdır, etiqadında aşırıdır, bidət sahibidir. Onun xeyli kitabının olduğunu gördüm, heç birinə əhəmiyyət verilməməlidir.”[10] əl-Hilli bu nəqli “əl-Xulasə” kitabında zikr edir və əlavə edərək deyir: “Deyirəm: O, muxammis’lərdəndir, uydurulmuş bidətlərin sahibidir və özünün (İmam) əl-Kazım’ın – aleyhissələm – oğlu Harunun oğullarından olduğunu iddia edir. “Muxəmmislərin” etiqadı isə ğulat’a – Allah onlara lənət etsin! – görə budur ki, Salman əl-Farisi, əl-Miqdad, Ammar, Əbu Zərr və Amr bin Umeyyə əd-Damri’yə aləmin məsləhətlərini idarə etmək vəzifəsi verilib.”[11] Şiə alimləri onun nəsəb iddiasında şəkk ediblər. Hüseyn əs-Saidi deyir: “Onun nəsəbində ixtilaf edilib; bəzən Əli ibn Əhməd ibn Musa ibn Əhməd ibn Harun ibn İmam Kazim – aleyhissəlam – nəsəbinə, bəzən isə Əhməd ibn Musa ibn Məhəmməd Cavad – aleyhissəlam – nəsəbinə mənsub edilir. Nəsəb alimləri onun mənsubiyyətinə şəkk edirlər. Necə ki, ən-Nəcaşi demişdir: “Özünün Əbu Talib ailəsindən olduğunu deyərdi.” “əl-Məcdi” kitabının müəllifi əl-Aləvi’nin sözləri daha əvvəl təqdim olundu. Onun İmam Musa əl-Kazım’ın – aleyhissəlam – oğlu Harunun nəslindən, Musa əl-Mubarqa’nın nəvələrindən olan bir ələvi olduğuna isbat edən bir şeylə nəsəb kitablarında rast gəlmədim. Beləliklə də o, şərəfli Ələvi nəsəbinə iddia edənlərdən biridir və bidət sahibidir.”[12] Əbul-Qasim əl-Kufi hicri 352-ci ildə vəfat edib, beləliklə də o, dördüncü əsrin şiələrindəndir. Ondan əvvəl hansısa şiənin belə bir iddia etdiyi məlum deyil. Burada ilahi ədalətin bir misalı ilə qarşılaşırıq, belə ki, Peyğəmbərin – salləllahu aleyhi va səlləm – qızlarının nəsəbində şəkk edən bu şiə müəllifinin öz nəsəbində şiələr şəkk ediblər. Onun gətirdiyi arqumentlərə gəldikdə isə buna şiələrin böyüklərindən Abdullah əl-Məməqani özü cavab verib. Qarşıda onun sözlərini təqdim edəcəyik və bizim burada cavab verməyimizə ehtiyac yoxdur.
Əbul-Qasim əl-Kufi’dən sonrakı mərhələdə artıq bu rəyin tədricən şiə kitablarına sızmağa başladığını görürük. Bu nəqlləri kitablarında qeyd edənlər özləri bu rəyi qəbul etməsələr belə sadəcə olaraq ixtilaf olduğuna işarə etmək üçün belə ediblər. Bu cür edənlərdən biri İbn Şəhri Əşub (h. 489-588) olub. O deyir: “Əhməd əl-Bələzuri və Əbul-Qasim əl-Kufi kitablarında, əl-Murtəda “əş-Şəfi” kitabında və Əbu Cəfər (ət-Tusi) təlxisində yazır ki, Peyğəmbər – salləllahu aleyhi va əlihi – onunla (yəni Xədicə ilə) bakirə ikən evləndi. Bunu dəstəkləyən budur ki, “əl-Ənvar” və “əl-Bidə” kitablarında zikr olunur ki, Ruqeyyə və Zeynəb (əslində) Xədicə’nin bacısı Hələ’nin qızları idi.”[13] Onu da əlavə edək ki, Əbul-Fəth əl-Kəracəki’yə (ö. h. 449) nisbət edilən “ət-Təaccub” kitabında bu sözlər keçməkdədir: “Onların (yəni sünnilərin) təəccüblü işlərindən biri də budur ki, “Osman bin Affan’ın zun-nureyn” olduğunu deməkləri və Rəsulullah’ın Xədicə bint Xuveylid’dən olduğunu iddia etdikləri iki qızı ilə evlənmiş olmasına görə onun üçün bu iddiaya etiqad edirlər. Halbuki bu iki qız barəsindəki rəylər müxtəlifdir: Bir qrup deyib ki, onlar onun ögey qızlarıdır və Xədicə’nin onlardan başqa birisindən olan qızlarıdır. Başqa bir qrup isə deyib ki, onlar Xədicə’nin anadan bir bacısının qızlarıdır; Xədicə isə bacısı onun sağlığında vəfat etdikdə, onları böyütmüşdür. Həmçinin deyilib ki, onların atalarının adı Halə’dir. Həmçinin deyilib ki, onlar Peyğəmbərin qızlarıdır, amma onlar Fatimə əl-Bətul – aleyhissəlam – məqamında deyildilər və onun dərəcəsinə belə yaxınlaşmırlar. Beləliklə də Osmanın onlardan birini öldürdüyü rəvayət olunduğuna baxmayaraq onlarla evləndiyi üçün ona “zun-nureyn” adını verirlər.”[14] əl-Məclisi “Bihərul-Ənvar” kitabında bu sözləri sahibinə nisbət etmədən nəql edir və bununla bağlı heç bir şərh vermir.[15] İbn Şəhri Əşub bir neçə səhifə sonra yazır: “əl-Ənvar, əl-Kəşf, əl-Lumə və əl-Bələzuri’nin kitabında keçir ki, Zeynəb və Ruqeyyə onun Cəhş’dən olan ögey qızları idi.”[16] İbn Şəhri Əşub’un burada yazdıqlarında ciddi xətalar var, beləki nəql etdiyi kitablardan təkcə Əbul-Qasim əl-Kufi’nin kitabına nisbəti doğrudur. Bu barədə qarşıda şiə alimi Muhəmməd Təqi ət-Tustəri’nin etirazları və düzəlişləri ilə tanış olacağıq. Bu mərhələdə gördüyümüz kimi şiə alimləri bu fikri təsdiqləməsələr də onu ixtilaf olaraq zikr edirlər.
Vaxt keçdikcə görürük ki, şiə alimlərindən artıq bu fikrə meyl edənlər çıxmağa başlayır. Bunlardan bir şiə alimi Fəxruddin ət-Tureyhi ən-Nəcəfi (h. 979-1085) olub və o yazır: “Ruqeyyə Rasulullah’ın (s) qızıdır. Deyilib ki, onunla Osman evlənib. Deyiblər ki, o, (əslində) ögey qızıdır və bu, daha səhihdir.”[17] Bir başqa şiə alimi Nemətullah əl-Cəzəiri (h. 1050-1112) deyir: “Alimlər rəvayətlərin fərqli olması səbəbilə ixtilaf ediblər ki, onların (yəni Rüqəyyə və Ummu Kulsum’un) Peyğəmbərin – sallallahu aleyhi və alih – Xədicədən olan qızlarındandırmı, yoxsa onun əvvəlki iki ərindən birindən olan ögey qızlarıdırmı? Belə ki, Xədicə əvvəlcə Atiq ibn Aid əl-Məxzumi ilə evlənmişdi və ondan bir qız övladı olmuşdu. Sonra Əbu Halə əl-Əsədi ilə evləndi və ondan Hind bint Halə adlı bir qızı dünyaya gətirdi. Bundan sonra isə Allah Rəsulu – sallallahu aleyhi və alih – onunla evləndi.”[18] əl-Cəzairi bu kitabında sadəcə olaraq ixtilaf olduğunu deyir, amma bir başqa kitabında isə belə yazır: “Amma həqiqi kürəkəni isə Əlidir. Çünki Osmanla evli olmuş qadınlar ya Xədicənin ilk ərindən olmuşdular, ya da onun bacısından idilər və o qadın kasıb olduğuna görə Xədicə onu evində böyütmüşdü. Bizə görə də ən doğru olan budur.”[19] Bir digər şiə alimi Muhəmməd Mehdi əl-Kazimi əl-Qazvini (h. 1282-1358) İbn Teymiyyə’yə cavab verərkən yazır: “İkincisi isə onun (yəni sünni aliminin) Peyğəmbərin öz iki qızını Osmana ərə verdiyini ona fəzilət olaraq iddia etməsidir ki, bu onun təəccüblü iddialarındandır, çünki o ikisinin Peyğəmbərin qızları olması məsələsində fikir ayrılığı var… Sən artıq bilirsən ki, onların Rəsulullahın – sallallahu aleyhi və alih – doğma qızları olduqları sabit deyil. Onlar üçün elə bir fəzilət də sübut edilməyib ki, bu fəzilət sayəsində şərəf qazansınlar və başqalarından üstün tutulsunlar.”[20] Əgər ət-Tureyhi, əl-Cəzairi, əl-Kazimi bunu ötəri şəkildə qeyd edirlərsə müasir şiələr arasında bunu konkret həqiqət kimi göstərməyə çalışanlar və bunu şiddətlə müdafiə edənlər çoxalıb. Bunların başında altı il əvvəl vəfat etmiş livanlı şiə alimi Cəfər bin Mustafa bin Murtəda əl-Hüseyni əl-Amili (h. 1364-1441) gəlir. O bu barədə iki müstəqil kitab yazıb; bunlardan birincisi “Bənətun-Nəbi Əm Rabəibuhu” (Peyğəmbərin Qızları yoxsa Ögey Qızları) adı ilə miladi təqvimlə 1993-cü ildə, ikincisi isə 2002-ci ildə yazdığı “əl-Qavl əs-Saib fi İsbət ər-Rabəib” kitabıdır. Bu müəllif ümumiyyətlə İslam tarixini öz şəxsi oyuncağına çevirib və damağının dadına uyğun gəlməyən hər bir şeyi inkar edir, uyğun gələn hər batili isə özünün absurd metodları ilə isbat edir. Bu gülünc iddialarından biri budur ki, Peyğəmbər – aleyhissalətu vassələm – əslində həzrəti Aişə’nin evində yox, həzrəti Fatimə’nin evində dəfn olunub.[21] Bu adam həyasızcasına iddia edir ki, Peyğəmbər ölüm yatağında ikən zövcələrindən bəziləri onu zəhərləməyə çalışıblar.[22] İfk hadisəsinin Aişə haqqında olmadığını, Qurandakı ayələrin onunla bağlı gəlmədiyini iddia edir.[23] Əbu Bəkrin Məkkə’də əzab görən kölələri – aralarında Bilal olmaqla – alıb azad etməyi hadisəsini də inkar edir.[24] Osmanın Rumə quyusunu öz pulu ilə müsəlmanların istifadəsi üçün aldığını da inkar edir. [25]Həmzə’nin Peyğəmbərin – aleyhissalətu vassələm – süd qardaşı olmağını da inkar edir.[26] Onun Əlinin qızı Ummu Kulsum ilə Ömərin evlənməsi, Peyğəmbərin xəstəliyində müsəlmanlara Əbu Bəkrin namaz qıldığını və səhabələrin fəzilətləri ilə bağlı bunun kimi onlarla tarixi xəbərləri inkar etməsi məşhurdur. Bunun qarşılığında isə səhabələrə şiə kitablarında nisbət edilmiş iftiraları isə – sənədsiz olmaqlarına baxmayaraq – tarixi həqiqətlər olaraq müdafiə edir. Ona görə də qəribə deyildir ki, birinci kitabında, yəni “Bənətun-Nəbi” kitabında Peyğəmbərin doğma qızının yalnız Fatimə olduğunu iddia etdikdə bəzi şiə müəlliflər ona cavab verdilər, onların gətirdikləri rəvayətlərə və alim sözlərinə cavab vermək üçün Cəfər Murtəda dedi: “Biz nə əl-Kuleyni’yə, nə İbn Tavus’a, nə əl-Himyəri’yə, nə də ət-Tabrasi’yə Peyğəmbərin – salləllahu aleyhi va əlihi – Zeynəb, Ruqeyyə və Ummu Kulsum adlı qızlarının olmasında müxalif olmuşuq. Lakin biz deyirik ki, onlar kiçik yaşlarında ölmüşdülər…”[27] Deməli bu adam öz batilini bazarda daha yaxşı sata bilməkdən ötrü Peyğəmbərin – aleyhissalətu vassələm – qızlarını kiçik yaşında öldürür və onları Xədicənin bacısı üçün xəyalında qurduğu qızları ilə əvəz edir. Çox təəssüf ki, bu gün cahil müsəlmanlar arasında Cəfər Murtəda əl-Amili’nin fikirləri dəstək görür və cahil şiələr onun yazdıqlarına aldanırlar. Halbuki tarixən şiə alimləri bu kimi iddialara ciddi yanaşmayıblar.
Bu məsələyə şiələrin mötəbər və ciddi alimlərinin necə yanaşdıqlarına baxsaq görəcəyik ki, onlar bu iddialara heç zaman əhəmiyyət verməyiblər, əksinə rədd ediblər. Muhəmməd ibn ən-Numən əl-Mufid (h. 336-413) “əl-Məsəil əs-Səraviyyə” kitabında yazır: “Rasulullah – salləllahu aleyhi va əlihi – peyğəmbərlik verilmədən əvvəl iki qızını bütlərə ibadət edən iki kafirə ərə vermişdi; onlardan biri Utbə bin Əbi Ləhəb, digəri isə Əbul-As bin ər-Rabi idi. Peyğəmbər olaraq göndərildikdə – salləllahu aleyhi va əlihi – onları qızlarından ayırdı; onlardan Utbə kafir olaraq öldü, Əbul-As isə İslamın aşkara çıxmasından sonra müsəlman oldu və buna görə də (Peyğəmbər) qızını ona birinci nikah əsasında qaytardı… Məhz bu iki qızı ilə Utbə həlak olduqdan və Əbul-As öldükdən sonra Osman bin Affan evləndi…” [28]Burada diqqət etməyimiz lazımdır ki, əl-Mufid burada Əbul-Qasim əl-Kufi’nin etdiyi xətanın eynisi edir, yəni Osmana ərə getmiş ikinci bacının adının Zeynəb olduğunu yazır. Ola bilsin ki, əl-Mufid onun kitabını oxuyub, ola da bilsin ki, əl-Mufid də onun oxuduğu qaynağa əsaslanır.[29] Görünür ki, Əbul-Qasim əl-Kufi’nin iddiası öz dönəmində şiələr arasında müzakirəyə səbəb olub. Ona görə də bir başqa risalədə əl-Mufid’ə bununla bağlı sual yönəldiblər. əl-Mufid deyir: “Sual verən dedi: “İnsanlar Ruqeyyə və Zeynəb barəsində ixtilafdadırlar; onlar həqiqətən də Rasulullahın – salləllahu aleyhi va əlihi – doğma qızları idi yoxsa ögey qızları idi?… Cavab: Zeynəb və Ruqeyyə Rasulullahın – salləllahu aleyhi va əlihi – doğma qızları idi və buna müxalif olan bu müxalifliyində şazdır…”[30] əl-Mufid kimi tələbəsi əş-Şərif əl-Murtəda Əbul-Qasim Əli bin əl-Hüseyn əl-Musəvi (h. 355-436) də bu cəhaləti rədd edərək deyir: “Əshabımızdan qafil kimsələrin nəfsinə tabe olaraq Ruqeyyə və Zeynəb’in həqiqi mənada Rəsulullah’ın – salləllahu aleyhi va əlihi – qızları olduğunu inkar edənlər, onların əslində Xədicə’nin – radiyallahu anhə – Əbu Halə’dən olan qızları olduqlarını iddia edənlər zəruri olaraq bilinən bir şeyi inkar etmiş olurlar. Çünki tarixçilər ilə oturub-duran kimsələr digər aşkar məsələləri necə yəqinliklə bilirlərsə bunu da o dərəcədə yəqinliklə bilirlər. Bunda şəkk etmək, tarixi xəbərlərdən yəqinliklə bilinən bir şeyə şəkk etmək kimi bir şeydir. Qətiyyətlə bilinən şeyləri inadkarlıqla inkar etməyə heç bir ehtiyac yoxdur. Həmd yalnız Allaha məxsusdur.”[31] Diqqət etmək lazımdır ki, əş-Şərif əl-Murtəda da eyni şəkildə Zeynəb və Ruqeyyə’nin adlarını çəkir. Əgər həm əl-Mufid’in, həm əş-Şərif əl-Murtəda’nın zamanında bu məsələdə danışarkən məhz Zeynəb ilə Ruqeyyə’nin adlarını çəkməsi onu göstərir ki, bu məsələnin kökü Əbul-Qasim əl-Kufi’yə qayıdır, çünki o da müzakirəsində məhz bu iki qızını xüsusiləşdirir, halbuki Osmana ərə gedənlər Ruqeyyə və Ummu Kulsum olub. Belə görünür ki, erkən bir zamanda şiə alimləri özləri bu axmaq iddianı rədd ediblər.
Əbul-Qasim əl-Kufi və onun arqumentlərinə gəldikdə isə buna şiələrin böyüklərindən Abdullah əl-Məməqani (h. 1290-1351) cavab verib. O deyir: “əs-Seyyid Әbul-Qasim əl-Aləvi əl-Kufi’nin “əl-İstiğasə fi Bidəis-Sələsə” adlı kitabında uzun-uzadı bir müzakirəsi vardır ki, orada Əbul-As bin ər-Rabi ilə evli olan Zeynəb’in və Osman ilə evli olan Ummu Kulsum’un Rəsulullah’ın – səlləllahu əleyhi və alihi – qızları olmaması, əksinə, onların ögey qızları olması üzərində israr edir. Bu barədə qəti bir dəlil (burhan) olduğunu etdiyindən başqa heç bir şey gətirməyib və dəlilinin hasili budur: Allah Rəsulunun – səlləllahu əleyhi və alihi – peyğəmbərlikdən əvvəl cahiliyyə dinində olduğu ağla sığmayan bir şeydir, əksinə cahiliyyə zamanında belə cahiliyyə dinində yox, Allahın razı qaldığı dində olmuşdur. Ona görə də öz qızını bir kafirə onların dinlərinə müxalif olduğu, onların məkrini və küfrünü bildiyi halda heç bir zərurət olmadan ərə verməsi mümkün deyil. Sonra o, Xədicənin ana bir bacısının Zeynəb və Rüqəyyə adında iki qızının mövcud olduğunu, məhz onların Əbu-l-As və Osmanın zövcələri olduğunu gərəkdirən bir xəbər nəql etməyə başladı. Onun müzakirəsinin mərkəzi arqumenti budur və uzun olduğu üçün hamısını burada nəql etmədik. O, hər nə qədər özünü yormuş olsa da, gətirdiyi şey baxış və araşdırma əziyyətindən qurtaran bir şey deyildir; bu söz, hörümçək toru kimidir. Birincisi: çünki bu söz, hər iki firqənin (şiə və sünni) Peyğəmbərdən – salləllahu əleyhi və alih – və bizim imamlarımızdan – əleyhimussəlam – nəql etdiyi açıq və aydın mətnlərə zidd olan şəxsi ictihada bənzəyir. İkincisi; hərçənd biz, Peyğəmbərin – salləllahu əleyhi və alih – cahiliyyət dövründə cahiliyyət dini üzərində olmadığını, əksinə, Allahın razı olduğu bir din üzərində olduğunu qəbul edirik, lakin Peyğəmbər – salləllahu əleyhi və alih – qanun qoyan deyildi. Ona hər hansı bir hökm nazil olduğu zaman, onu tam şəkildə qəbul edir və yerinə yetirirdi. Heç bir hökmü özündən çıxarmazdı. Hökmlər isə tədricən nazil olurdu. Zeynəb və Ruqeyyə’nin ərə verildiyi zaman isə, imanda bərabərlik şərt deyildi. Buna görə də, o, iki qızını həmin iki kişiyə — şəriətə uyğun bir şəkildə — ərə vermişdi. Daha sonra Allahu təalə – “Müşrik kişilərə də, iman gətirənə qədər (mömin qadınları) ərə verməyin!” [2:221] ayəsini nazil etdikdə (Peyğəmbər) Əbul-As’ı Zeynəb’dən ayırdı. Əgər İslamda kəfayət (tənasüb/bərabərlik) daha əvvəl də şərt olsaydı, Allah – subhənəhu – bu ayəni nazil etməzdi. Deməli, onun dediklərinin əsası yoxdur. Üçüncüsü isə Əbul-As və Osmanın həyat yoldaşları olan Zeynəb və Ruqeyyə’nin müsəlman olmaqlarında heç bir şübhə yoxdur və eləcə də onların evliliyinin Peyğəmbər tərəfindən olmasında, onun izni və icazəsi ilə baş verməsində də heç bir şübhə yoxdur. Belə olan halda onların Peyğəmbərin öz doğma qızları olması, ya ögey qızları olması, ya da Xədicənin anadan bir bacısının qızları olması arasında heç bir fərq qalmır. Çünki inkar etməyin səbəbi bu halların hamısında mövcuddur. Ona görə də onun dediklərinin tamamilə etibarsız olmasında şübhə yoxdur. Bu məsələdə sözümüzü qısa etdik, çünki bizim bu kitab bu kimi mövzuları təhqiq etmək üçün qələmə alınmayıb. “ət-Təkmilə” müəllifinin və başqalarının “əl-İstiğasə” kitabının müəllifinin sözlərini nəql edərək sözü uzatmaqları bizi bu qısa müzakirəni açmağımıza vadar etdi ki, bu kimi iddialara rast gələnlər onlara aldanmasınlar!”[32] Məncə əl-Məməqani burada kifayət qədər tutarlı cavab verib və buna nəsə əlavə etməyə ehtiyac yoxdur.
İbn Şəhri Əşub’un nəqlinə gəldikdə isə buna digər böyük şiə alimi Şeyx Muhəmməd Təqi ət-Tustəri (h. 1320-1415) cavab verib və oradakı xətalara düzəlişlər edib. O deyir: “Lakin “əl-Mənaqib” kitabının nisbətləri səhih deyildir, bir tək əl-Kufi’yə nisbəti doğrudur ki, o da ziddiyyətli, qatıb-qarışdıran, əql və məzhəb baxımından fasid biri olub. O, ‘müxəmmisə’ firqəsindən idi və bu fikri “Bidəus-Sələs” (Üç Xəlifənin Bidətləri) adlı kitabında qeyd etmişdi. Onun qatıb qarışdırdığı məsələlərdən biri də budur ki, belə deyir: “Sünnilərin Peyğəmbərin Ruqeyyə və Zeynəbi Osmana ərə verməsi barədə rəvayət etdiklərinə gəldikdə isə…” Halbuki heç kim onun Ruqeyyə və Zeynəbi (Osmana) ərə verməyini rəvayət etməyiblər, əksinə Ruqeyyə və Ummu Kulsum(u Osmana ərə verdiyini) deyiblər. əl-Bələzuri’yə gəldikdə isə, Rəsulullahın – sallallahu aleyhi və alih – Xədicə ilə (əvvəlki) iki ərindən sonra evləndiyini aşkar sözlərlə ifadə etməsi qarşıda gələcək. Amma əs-Seyyid və əş-Şeyx (ət-Tusi) isə siyərdə mütəvatir olaraq bilinən şeyə müxalif nəsə deməyəcək və ya ehtimal verməyəcək dərəcədə böyük alimlər olublar. Ola bilsin ki, onlar öz kitablarında həmin əl-Kufi’nin görüşünə işarə etmişlər. Ümumiyyətlə, (“əl-Mənaqib” kitabının müəllifi Əbu Cəfər Muhəmməd bin Əli bin Şəhri Əşub) əs-Səravi (əl-Məzəndərani) doğru yol sahibi olsa da, o da əl-Kufi kimi qatıb-qarışdırardı. Onun bu rəyi – “bunu dəstəkləyən budur ki…’ deyərək gücləndirməsi də təəccüblüdür, çünki Osman’ın Əbu’l-Asdan sonra Zeynəblə evləndiyini bu əl-Kufi’dən başqa heç kim deməyib!”[33] Fikir verirsinizsə ət-Tustəri də ona diqqət çəkir ki, heç kim Zeynəb’in Osmanla evləndiyini deməyib. Bunu ilk dəfə deyən elə Əbul-Qasim əl-Kufi olub. Bu da bizim yuxarıda diqqət çəkdiyimiz məqamı dəstəkləyir və göstərir ki, əl-Mufid müxalifəti ilə şazz qalanlar deyərkən və əş-Şərif əl-Murtəda şiələrdən qafilləri zikr edərkən bununla elə Əbul-Qasim əl-Kufi’ni qəsd ediblər. İbn Şəhri Əşub’un dediklərindəki aşkar xətalardan biri də budur ki, Zeynəb əgər həqiqətən də Xədicə’nin bacısı Halə’nin qızı idisə o zaman o, öz qardaşına ərə getmiş olur, çünki Əbul-As bin ər-Rabi’nin anası Halə idi.
Peyğəmbərin – aleyhissalətu vassələm – Fatimə’dən də başqa qızlarının olduğu Allahın kitabı ilə sabitdir, çünki O – cəllə cələluhu – buyurur: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin zövcələrinə çarşablarını örtmələrini söylə!” [33:59] Bu ayə bizə Peyğəmbərin ikidən çox qızının olduğuna dəlalət edir. Şiələrin qədim qaynaqları, imamlarından rəvayət etdikləri xəbərlər də buna dəlalət edir. Şiələrin ən qədim tarixçilərindən olan Əbu Mixnəf Lut bin Yəhya əl-Əzdi (ö. h. 170-dən əvvəl) Peyğəmbərin Xədicə ilə evliliyi haqqında deyir: “Xədicə ondan əl-Qasim’i, əl-Tahir’i, Zeynəb’i, Ruqeyyə’ni, Ummu Kulsum’u və Fatimə’ni dünyaya gətirdi.”[34] İmamlardan nəql edilənlərə gəldikdə isə Abdullah bin Cəfər əl-Himyəri əl-Qummi (ö. təqribən h. 310) deyir: “(Harun bin Muslim) dedi: Məs’adə bin Sadəqa mənə rəvayət etdi; dedi: Cəfər bin Muhəmməd mənə atasından belə dediyini rəvayət etdi: “Rəsulullahın – sallallahu aleyhi və alih – Xədicədən bu övladları doğulmuşdu: əl-Qasım, ət-Tahir, Ummu Kulsum, Ruqeyya, Fatimə və Zeynəb. Fatimə – aleyhəssələm – ilə Əli ibn Əbu Talib – əleyhissəlam – evləndi. Bənu Umeyyə’dən olan Əbul-As bin Rabi isə Zeynəblə evləndi və Osman bin Affan isə Ummu Kulsum ilə evləndi, lakin onunla izdivaca girməmişdi ki, (Ummu Kulsum) vəfat etdi. Onun yerinə Rasulullah – salləllahu aleyhi va əlihi – Ruqeyyəni ona ərə verdi…” [35]əl-Kuleyni (ö. h. 329) özü “əl-Kəfi” kitabında yazır: “(Peyğəmbər) iyirmi neçə yaşında ikən Xədicə ilə evləndi. Onun – aleyhissələm – peyğəmbərliyə seçilmədən əvvəl ondan (yəni Xədicədən) əl-Qasım, Ruqeyyə, Zeynəb və Ummu Kulsum adlı övladları dünyaya gəldi. Peyğəmbərlikdən sonra isə ət-Tayyib, ət-Tahir və Fatimə – aleyhəssəlam – dünyaya gəldi.” [36]əl-Kuleyni rəvayət edir: “Peyğəmbərin – salləllahu aleyhi və alih – qızı Ruqeyyə vəfat etdikdə, Allah Rəsulu – salləllahu aleyhi və alih – buyurdu: “Bizdən əvvəl keçmiş saleh sələfimiz – Osman ibn Maz’un və onun yoldaşlarının yanına qovuş!” Fatimə – aleyhəssalam – qəbrin kənarında idi, göz yaşları qəbrin içinə tökülürdü. Allah Rəsulu – salləllahu aleyhi və alih – ayaq üstə dayanmış halda onu öz əbası ilə qucaqlayır və dua edirdi. Buyurdu: “Mən onun zəifliyini yaxşı bilirəm. Allah-Təaladan onu qəbirin sıxıntısından qorumasını istədim.”[37] əs-Saduq da isnadı ilə rəvayət edir ki, Peyğəmbər – aleyhissalətu vassələm – deyib: “Xədicə – Allah ona rəhm etsin! – məndən Tahiri – və o, Abdullah’dır və o, əl-Mutahhar’dır – dünyaya gətirdi və məndən əl-Qasim’i, Fatimə’ni, Ruqeyyə’ni, Ummu Kulsum’u və Zeynəbi dünyaya gətirdi…”[38]
Bu qədərində ağıl sahibi olan şiələr üçün kifayət qədər dəlil vardır. İnanmaq istəməyənə gündüz çağı açıq səmada parlayan günəş belə sübut ola bilməz.
[1] Bunu İbn Sad “ət-Tabəqat əl-Kubra” kitabında (10/20; əl-Xanəci çapı) zikr edir, əd-Dəvləbi bunu “əz-Zurriyyətut-Tahira” kitabında (səh: 110, rəq: 210) isnadı ilə rəvayət edir. İbn Abdilbərr “əl-İstiyab” kitabında (8/223) kitabında deyir: “əl-Mədəini dedi: On birinci ildə ramazan ayından üç gün qalmış çərşənbə axşamı iyirmi doqquz yaşında vəfat etdi və o, nübuvvətdən beş il əvvəl doğulmuşdu. Cənazəsini əl-Abbas qıldı.” İbnul-Cəvzi də “əl-Muntəzam” kitabında (4/95) bunun eynisini təsdiqləyir. Digər rəylər də mövcuddur. əl-Hakim’in “əl-Mustədrak” kitabında (5/710-711; rəq: 4815 və 5/715, rəq: 4821) zikr edir ki, Abdullah bin Muhəmməd bin Süleyman bin Cəfər əl-Haşimi həzrəti Fatimə vəfat edərkən 21 yaşı var idi və Peyğəmbərin – salləllahu aleyhi va səlləm – 41 yaşında dünyaya gəlib. İbn İshaq deyir ki, Peyğəmbərin İbrahimdən başqa bütün uşaqları nübuvvətdən əvvəl doğulub. (Siratu İbn Hişam, 1/174)
[2] əl-Qurtubi, “əl-Cami li Əhkəmil-Quran”, 14/241-243;
[3] Abdulğani, “əl-Kəmil fi Əsmə ər-Ricəl”, 1/116;
[4] İbn Kəsir, “əl-Bidəyə van-Nihəyə”, 8/237; ət-Turki çapı.
[5] əl-Məzəndərani, “Şərh Usul əl-Kəfi”, 7/143;
[6] əl-Kufi, “əl-İstiğasə fi Bidəis-Sələsə”, səh: 107; İhqaqul-Haqq nəşri
[9] “Ricəl ən-Nəcaşi”, səh: 265;
[10] “Ricəl İbn əl-Ğadairi”, səh: 139;
[11] əl-Hilli, “Xulasətul-Əqval”, səh: 365; İbn Davud əl-Hilli də “ricəl” kitabında (səh: 259) eyni sözlərə yer verir. ət-Təfrişi də “Nəqdur-Ricəl” kitabında (səh: 226) daha əvvəlki rəylərin hamısını cəm edib. Bax həmçinin: Əli əl-Burrucurdi, “Taraiqul-Məqal”, 1/175; Əli ən-Nəmazi əş-Şəhrudi, “Mustədrakət İlmi Ricəl əl-Hədis”, səh: 288; əl-Xoyi, “Mucəm Ricəl əl-Hədis”, 12/269; Muhəmməd Taqi ət-Tustəri, “Qamusur-Ricəl”, 9/450; Abbas əl-Qummi, “əl-Kunə val-Əlqab”, 1/145
[12] əs-Saidi, “əd-Duafə min Ricəl əl-Hədis”, 2/373
[13] “Mənaqib Ali Əbi Talib”, 1/206; Darul-Ədva
[14] əl-Kəracəki, “ət-Təaccub”, səh: 101; Muhsin əl-Əmin “Ayənuş-Şiə” kitabında (8/156) yazır ki, Əbul-Qasim əl-Kufi’nin “imamət barəsində yazdığı “əl-İstiğasə” kitabı əl-Kəracəki’nin “ət-Təaccub” kitabın bənzəridir.” Ola bilsin ki, əl-Kəracəki kitabının ciddi bir hissəsini “əl-İstiğasə” kitabından ixtisar edib.
[15] Bax: “Bihərul-Ənvar”, 22/191;
[16] “Mənaqib Ali Əbi Talib”, 1/209; Darul-Ədva
[17] ət-Tureyhi, “Məcməul-Bəhreyn”, 1/194;
[18] əl-Cəzəiri, “əl-Ənvar ən-Numəniyyə, 1/64;
[20] əl-Kazimi, “Minhəcuş-Şəria fir-Raddi alə İbn Teymiyyə”, 2/289-291;
[21] əl-Amili, “əs-Sahih min Sirati ən-Nəbi əl-Azam”, 33/106;
[23] Eyni mənbə, 13/330-336;
[24] Eyni mənbə, 3/210;
[25] Eyni mənbə, 5/16;
[26] Eyni mənbə, 2/151;
[27] əl-Amili, “əl-Qavlus-Saib fi İsbətir-Rabəib”, səh: 28;
[28] “əl-Məsəil əs-Səraviyyə”, səh: 92-94;
[29] Çünki biz daha qədim şiə qaynaqlarına baxdıqda görürük ki, Osmanın evləndiklərinin Ummu Kulsum ilə Ruqeyyə olduğunu yazırlar. Bax: əl-Himyəri, “Qurbul-İsnəd”, səh: 9; əs-Saduq, “əl-Xisal”, 2/404; ət-Tabrasi, “İləmul-Vara”, 1/276;
[30] “əl-Məsəil əl-Ukbəriyyə”, səh: 120
[31] əş-Şərif əl-Murtəda, “ər-Rasəil val-Məsəil”, 3/374-375; Muəssəstut-Tabi, h. 1442
[32] əl-Məməqani, “Tənqihul-Məqal”, 3/79; əl-Mətbəə əl-Murtədaviyyə, Nəcəf, h. 1352
[33] ət-Tustəri, “Qamus ər-Ricəl”, 12/247;
[34] əl-Muqtətaf”, səh: 174;
