Çox maraqlıdır ki, Nur surəsindəki İfk hadisəsi və onunla bağlı enmiş ayələrin Aişə anamız haqqında nazil olması fikri keçmiş şiə alimlərinin nəzərində məqbul bir məsələ idi. Şeyxut-Taifə ət-Tusi (385-460)[1]deyir ki, “ayə Aişəyə qəzf edənlərin, ona iftira atanların yalan danışdığına dəlalət edir.” Bu barədə hansısa ixtilafın olduğunu zikr etmir. Ondan əvvəl əş-Şeyx əl-Mufid İfk hadisəsini qeyd edir və Əlinin Aişəni boşamağını peyğəmbərə – aleyhissalətu vassələm – məsləhət verdiyini, buna görə Aişənin Əliyə qarşı qəlbində qəzəb və buğz olduğunu deyir.[2] əl-Mufid kitablarında heç bir yerdə ifk ayətinin başqası haqqında nazil olduğunu demir. Həmçinin əl-Fədl bin Hüseyn ət-Tabərsi (468-548) “Məcmə əl-Bəyan” adlı təfsirində ayənin Aişə haqqında nazil olduğunu, bəraət verilən və təmizə çıxarılan qadının Aişə olduğunu yazır.[3]Bir digər şiə təfsir alimi Cəməluddin Əbul-Fətuh ər-Razi (480-552) ayənin Aişə haqqında olduğunu təsdiqləyir.[4] Hicri altıncı əsrdə yaşamış Nəsiruddin Abdulcəlil əl-Qazvini ər-Razi ayrıca bu mövzuda “Tənzih Aişə” adlı kitab yazıb. Həmçinin hicri yeddinci əsrdə yaşamış şiə təfsir alimi Muhəmməd bin əl-Həsən əş-Şeybəni də yazır: “Bu ayə ifk ayəsidir, Əbu Bəkrin qızı Aişə barəsində nazil olub…”[5] Başqa hansısa fərqli bir rəyə yer vermir. Bu şiə müəlliflər istisnasız bir şəkildə Nur surəsindəki ayələrin təfsirində əhlüs-sünnətə müvafiq olaraq ayənin nazil olma səbəbini Aişə ilə əlaqələndirirlər. Ona görə də qəribə deyildir ki, əl-Alləmə İbn əl-Mutahhar əl-Hilli’yə (648-726) bu barədə sual verdikdə cavabı təqdim etdiyimiz müəlliflərin izahlarına uyğun olub. Ondan soruşurlar: “İfk hadisəsi və zinada ittiham olunmuş qadını təmizə çıxarmaq üçün enmiş ayələr haqqında seyyidimiz nə deyir? Bizim alimlərə görə bu ayələr Aişə haqqındadır yoxsa bunun peyğəmbərin – salləllahu aleyhi va alihi – zövcələrindən başqa bir zövcəsi haqqında olduğunu nəql edibrlər?” əl-Hilli qısa şəkildə belə cavab verir: “Bu ayələrdəki muradın Aişə olmasında alimlərdən kiminsə müxalif olduğunu bilmirəm.”[6]Hətta Furat əl-Kufi’nin və əl-Ayyəşi’nin təfsirlərinə də baxdığımızda orada ümumiyyətlə ifk ayələri haqqında təfsir olmadığını görürük.
Tək bir istisna əl-Qummi’nin təfsiridir ki, əl-Xavacuni məhz bu təfsiri göstərib əl-Hilli’nin cavabına etiraz edir.[7] əl-Qummi’yə nisbət olunan bu mübahisəli təfsirə gəldikdə isə içindəki rəzalət və çirkinliklər o təfsir kitabının dilə alınmaması üçün kifayət edər. Bu kitabın içində açıq-aşkar şəkildə, heç bir təvilə yer buraxmadan təhrif inancı təbliğ olunur. Həmçinin bu təfsirdə Aişə anamıza – haşa! – zina nisbət olunur. Hətta əl-Məclisi özü buna etiraz etməli olur və deyir: “Bu bir rəvayətdirsə o zaman şazdır, üsullardan bəzisinə müxalifdir…”[8] Kitabı təhqiq edən şiə mühəqqiqlər özləri əl-Qummi’nin Aişə ilə Talha haqqında rəvayət etdiyinə etiraz edir və deyir: “Burada şiddətli bir çirkinlik və əcaib bir qəribəlik vardır; belə bir şeyin Şeyx Əli bin İbrahim (əl-Qummi)dən sadir olmasını qəbul etmirik, əksinə güman edirik ki, başqasının əlavələrindəndir. Çünki bu gün mövcud olan təfsirin hamısı onun deyildir, əksinə orada başqalarına aid əlavələr də mövcuddur. İstənilən halda bu elə bir sözdür ki, buna müsəlmanların hamısı – şiəsi və sünnisi – müxalifdir, hamısı peyğəmbərin – salləllahu aleyhi va əlihi – zövcələrinin namusunun bu zikr olunanlardan pak olduğunu təsdiq edirlər.” (22/240) İbrahim əl-Qummi’yə nisbət edilən təfsirin çirkinliyi o həddə çatıb ki, Aişəni zinadan təmizə çıxarılanlardan olduğunu yox, əksinə zinada ittiham edənlərdən olduğunu yazır və beləliklə də Aişəni ifk ayətlərində qınanılmış tərəf etmiş olur. Bəlkə də əl-Hilli o təfsirdəki bu problemlərdən agah olduğu üçün onu etibara almayıb.
əl-Alləmə əl-Hilli’dən sonra da şiə müfəssirlərinin içində ayənin Aişə haqqında nazil olduğunu deyənlər az olmayıblar. Misal üçün Miqdad bin Abdilləh əs-Suyuri əl-Hilli (v. h. 826) əhkam təfsirində yazır ki, ifk ayəsinin enmə səbəbi Aişə idi.[9]Həmçinin Cəfər əs-Subhəni ayənin Aişə haqqında endiyini təsdiqləyir.[10]Şiə alimlərindən Muhəmməd Cavad Məğniyə yazır: “Bütün islami tayfalar və məzhəblərdən olan təfsir alimləri və ravilər – şaz olanlar müstəsna – ittifaq ediblər ki, bu ayə Aişəni zina ittihamdan təmizə çıxarmaq üçün nazil olub.”[11] Həmçinin Seyyid Həsən Al əl-Mucəddid əş-Şirazi ittifaq nəql edir ki, Allah Aişəni ona atılan iftiradan təmizləyib və ona iftira atan kafirdir.[12] Ayətullah Muhəmməd əl-Kərami[13] ayənin Aişə haqqında nazil olduğunu təsdiqləyir. Lakin mütəaxxir şiə üləması, xüsusilə də səfəvi dönəmindən bəri əksəriyyət olaraq ayənin Mariya haqqında nazil olduğunu iddia edirlər. Bu isə nümayiş etdirdiyimiz kimi mütəqaddim şiə alimlərinin məzhəbinə müxalifdir.
Ola bilsin ki, mütəaxxir şiə alimlər İfk ayələrinin Aişə haqqında nazil olması fikrinə problem gördülər, çünki Allah o ayələrdə iftiraya mərzu qalmış qadınları “muhsanat ğafilət muminət” adlandırır. Yəni “xəbərsiz, namuslu, mömin xanımlar” olaraq onu vəsf edir və əgər ayə Aişə anamız haqqında enmişdisə bu vəsf hamıdan qabaq ona şamil olur. Sonra buyurur: “Təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara məxsusdur (yaraşır). Onlar iftiraçıların) söylədiklərindən uzaqdırlar. Onlar üçün bağışlanma və gözəl bir ruzi vardır.”[14]Şübhəsiz ki, təmiz kişilər dedikdə birinci Peyğəmbərimiz, təmiz qadınlar da deyildikdə Aişə anamız qəsd olunur. Bəlkə də bu ayədəki vəsflərin heç bir şəkildə Aişə anamız haqqında sahib olduqları inancla uyğun gəlmədiyini gördükləri üçün ayələrin onun haqqında nazil olduğunu qəbul etmək istəməyiblər. Doğrusunu Allah bilir!
[1] “ət-Tibyən” adlı təfsirində (7/415-416)
[2] “əl-Cəməl” kitabında (səh: 82)
[3] “Məcmə əl-Bəyan”, 7/166-168
[4] “Ravdul-Cinən” adlı təfsirində (14/109)
[5] “Nəhcul-Bəyən” adlı təfsirində (4/33)
[6] bax: Əcvibətul-Məsəil əl-Muhənnəiyyə, səh: 121)
[7] “Cəmiuş-Şətət” kitabında (səh: 36)
[8] (Bihər, 32/107)
[9] “Kənzul-İrfan fi Fiqh əl-Quran”, “2/347;
[10] “Rasəil va Məqalət”, 1/231
[11] “əl-Kəşif” adlı təfsirində (5/403)
[12] “əl-Əraic əl-Miskiyyə” kitabında (səh: 9)
[13] “ət-Təfsir li Kitəbilləhi əl-Munir” təfsirində (6/96-98)
[14] Nur süərsi, 26
