Bu mövzunu yazmaqda məqsədimiz zamanımızda müsəlmanları məşğul etmiş cəhalətin üzr olub olmaması məsələsinə aydınlıq gətirmək deyildir. Lakin bu məsələ ilə bağlı müsəlmanlar öz aralarında münaqişə edərkən tərəflərdən hər biri öz görüşləri üçün Qurandan və sünnətdən dəlillər gətirməyə çalışırlar. Cahilliyi küfr və şirk kimi məsələlərdə üzr sayanların gətirdiyi dəlillərdən də biri validəmiz əs-Siddiqa Aişə’nin – radiyallahu anhə – sözləridir. İddiaya görə Allahu Təalənin insanın öz nəfsində gizlətdiklərini bilməsi həqiqətindən Aişə anamız cahil olmuşdur. Bununla əlaqədar olaraq bu iddianın nə qədər doğru olub olmadığını araşdıracağıq.
Hər şeydən əvvəl bu barədə gəlmiş rəvayətlərə və müxtəlif ləfzlərə nəzər salmaq lazımdır. Bu müxtəlif ləfzlərə nəzər saldıqdan sonra rəvayətin əslinin necə olduğunu və hansı şəkildə səhih olduğuna baxmaq lazımdır. Bu hadisəni hədis imamları uzun olaraq kitablarında qeyd ediblər, lakin mövzu ilə əlaqədar olan hissəsi belədir:
“(Peyğəmbər) içəri daxil oldu və dedi: “Sənə nə olub ki, ey Aişə, tənginəfəs olmusan, sinən qalxıb?” Dedi: “Dedim: “Heç bir şey olmayıb, ey Allahın Elçisi!” Dedi: “Ya sən xəbər verəcəksən, ya da əl-Lətif əl-Xabir xəbər verəcək!” Dedi: “Dedim: Ey Allahın Elçisi! Atam, anam sənə fəda olsun!” və ona hər şeyi xəbər verdim. Dedi: “Qarşımda gördüyüm qaraltı sən idin?” Dedim: “Bəli!” Belimdən elə vurdu ki, ağrıtdı və dedi: “Məgər Allahın və Onun Elçisinin sənə zülm edəcəyini zənn etdinmi?” (Aişə) dedi: “İnsanlar nə gizlətsələr də Allah onu bilir, bəli!” (Peyğəmbər) dedi: “Gördüyün zaman mənə Cibril – aleyhissələm – gəlmişdi. Məni çağırdı və çağırışını səndən gizlətdi. Mən də səndən gizli olaraq ona cavab verdim. Sən paltarlarını soyunmuş olduğun halda yanına girəcək deyildi ki!…”
Bunu Mulsim “əs-Sahih”də, Abdur-Razzaq “əl-Musannəf”də, İmam Əhməd “əl-Müsnəd”də və ən-Nəsai “əs-Sünən”də rəvayət ediblər. Yuxarıda təqdim etdiyimiz ləfz İmam Muslimin rəvayət etdiyi ləfzdir. Muslim və Abdur-Razzaq anamız Aişənin sözlərini başqalarından fərqli rəvayət ediblər. Onlar Aişənin sözünü “İnsanlar nə gizlətsələr də Allah onu bilir, bəli!” şəklində rəvayət etdikləri halda başqaları bunu yalnız “İnsanlar nə gizlətsələr də Allah onu bilir!” şəklində və “bəli” sözünü peyğəmbərin – salləllahu aleyhi va səlləm – cavabı olaraq rəvayət ediblər.
Bu fərqi bəyan etdikdən sonra rəvayətlərin sənədindəki ravilərin bu sözləri fərqli rəvayət etmələrinə nəzər salmalıyıq. İşarə etdiyimiz kimi ayrı-ayrı kitablarda bu cümlə fərqli şəkildə gəlmişdir. Ona görə də bunu üç qismdə ələ alacağıq.
Birinci qism: Bu qismdə “bəli” sözü Aişənin cümləsindəndir, yəni Aişə anamız Allahın hər şeyi bildiyini təqdir etmiş və sonunda bəli demişdir. İmam Muslim1 bu rəvayəti iki sənəd ilə rəvayət etmişdir.
“Harun bin Said əl-Eyli bizə rəvayət etdi; Abdullah bin Vahb bizə rəvayət etdi; İbn Cureyc bizə Abdullah bin Kəsir bin əl-Muttalib’dən, onun Muhamməd bin Qeys’i belə deyərkən eşitdiyini xəbər verdi: Aişəni rəvayət edərkən eşitdim:”
Daha sonra İmam Muslim bunun ikinci rəvayət yolunu zikr edərək deyir:
“Həccəc əl-A’varı eşidən biri mənə rəvayət etdi – və ləfz onundur – və dedi: bizə Həccəc bin Muhamməd rəvayət etdi; İbn Cureyc bizə rəvayət etdi; Abdullah adlı Qureyşdən bir nəfər mənə Muhamməd bin Qeys bin Məxramə bin əl-Muttalib’dən xəbər verdi…”
Bu İmam Muslim’in bu hədisi rəvayət etdiyi sənəddir. İki sənədlə rəvayət etmiş, birinci sənəd etimad etdiyi, əsaslandığı səhih bir sənəddir, ikinci sənəd isə şahid qismində istifadə etdiyi zəif bir sənəddir. Bu rəvayətdə Aişənin tam sözü belədir: “İnsanlar nə gizlətsələr də Allah onu bilir, bəli!” Yuxarıda dediyimiz kimi bunu eyni şəkildə İmam əl-Hafiz Abdur-Razzaq bin Həmməm əs-San’ani “əl-Musannəf”əsərində2 rəvayət etmişdir. Onun isnadı belədir:
“İbn Cureyc bizə rəvayət etdi; Muhamməd bin Qeys bin Məxramə mənə rəvayət etdi; dedi: Aişə’ni – radiyallahu anhə – eşitdim…”
Daha sonra hədisi eynilə Muslimin rəvayət etdiyi məzmunda rəvayət etmişdir. Burada Aişə anamızın sözləri belədir: “İnsanlar nə gizlətsələr də Allah onu mütləq bilir, bəli!”
İkinci qism: Bu qismdə biz “bəli” sözünü peyğəmbərin – salləllahu aleyhi va səlləm – cavabı olaraq rəvayət edən rəvayətlərə baxacağıq. Bunu İmam ən-Nəsai “əs-Sünən”də3 aşağıdakı isnadla rəvayət etmişdir:
“Yusuf bin Said bin Muslim əl-Missisi bizə rəvayət etdi; dedi: Həccəc bizə İbn Cureyc’dən rəvayət etdi; Abdullah bin Əbi Muleykə mənə xəbər verdi ki, o, Muhamməd bin Qeys bin Məxramə’ni belə deyərkən eşitdi: “Aişəni rəvayət edərkən eşitdim…”
Bu rəvayətdə sözlər bu cür gəlmişdir: “İnsanlar nə gizlətsələr də Allah onu mütləq bilir.” (Peyğəmbər) dedi: “Bəli!” Bunu ən-Nəsai yenə bir başqa isnadla rəvayət etmişdir4 və bu isnad belədir:
“Suleyman bin Davud bizə xəbər verdi; İbn Vahb bizə bildirdi; dedi: İbn Cureyc bizə Abdullah bin Kəsir’dən onun Muhamməd bin Qeys’i belə deyərkən eşitdiyini xəbər verdi: “Aişəni belə deyərkən eşitdim…”
Bu rəvayətdəki sözlər bu cürdür: “İnsanlar nə gizlətsələr də Allah – Azzə və Cəllə – mütləq onu bilir.” (Peyğəmbər) dedi: “Bəli!” Bu cür rəvayət edənlərdən də biri İmam Əhməddir. “əl-Müsnəd”də5 gətirdiyi sənəd belədir:
“Həccəc bizə rəvayət etdi; dedi: İbn Cureyc bizə xəbər verdi; dedi: Abdullah – Qureyşdən bir nəfər – mənə Muhamməd bin Qeys bin Məxramə bin əl-Muttalib’i bir gün belə deyərkən eşitdiyini xəbər verdi…”
Üçüncü qism: Bunu İmam ən-Nəsai “əs-Sünən”də cənazələr kitabında rəvayət Yusuf bin Said yolu ilə Həccac’dan, o, İbn Cureyc’dən, o da Abdullah bin Əbi Muleykə’dən, o isə Muhamməd bin Qeys’dən, sonuncusu isə Aişədən rəvayət etmişdir. Bu rəvayətdə “bəli” sözü rəvayətin mətnindən düşmüşdür. Buradakı sözlər belədir: ““İnsanlar nə gizlətsələr də Allah onu bilir!” (Peyğəmbər) dedi: “Gördüyün zaman mənə Cibril – aleyhissələm – gəlmişdi…”
Bu rəvayətlərdən hansının daha doğru olduğunu, hansının əslinin güclü olduğunu bilmək çox əhəmiyyətlidir. Çünki birinci qismdəki rəvayətdən anlaşılan budur ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – Aişə anamıza əl-Lətif əl-Xabir olan Allahın ona xəbər verəcəyini bildirdikdən sonra Aişə – radiyallahu anhə – təsdiqləyərək “İnsanlar nə gizlətsələr də Allah onu bilir!” demiş və sonra təkid edərək “bəli!” demişdir. Bu, İmam Muslimin və İmam Abdur-Razzaq’ın rəvayətlərindən aşkar görünür. İkinci qismdən isə görünür ki, Aişə anamız şərti bir cümlə söyləmiş və peyğəmbər – salləllahu aleyhi va səlləm – onun bu sözlərini “bəli” deyərək təsdiqləmişdir. Cahilliyi üzr görənlər buna əsaslanaraq Aişə anamızın belə aşkar bir şeyi bilmədiyini iddia ediblər. Buna görə də bu rəvayətlərdən hansının səhih, hansının doğru olduğunu bilmək lazımdır. Bunu bilməyin bir çox yolu vardır, bu yolları zikr edib onlara bir-bir nəzər salacağıq.
Birinci olaraq sənədə görə rəvayətlərdən hansının üstün olduğunu bilmək olar. Alimlər adətən hansı sənədin güclü olduğunu bir neçə yolla bilirlər:
Bu yollardan biri “uluvvul-isnad” meyarıdır. Hədis alimləri həmişə hədis toplayarkən sənədində ən az ravi olan hədislərə üstünlük veriblər, çünki bir hədisin sənədində ravilər nə qədər çox olarsa, xəta etmə ehtimalı bir o qədər böyük olar. Ona görə də ravilərin sayı az olan isnadlara “əl-isnadul-ali” (ali isnad) adını veriblər. Şeyx Muhamməd əl-Əmin bin Muhamməd əl-Muxtar əş-Şənqiti – rahiməhullah – “əl-Muzəkkira fi Usulil-Fiqh” adlı kitabında sənədə görə rəvayətlər arasında seçim etmək meyarlarından danışarkən deyir:
“Bunlardan biri də sənədin aliliyidir, ali sənəd başqalarından önə keçirilməlidir, çünki müctəhid ilə peyğəmbər – salləllahu aleyhi va alə əlihi va səlləm – arasındakı vasitələrin az olması bu vasitələrin çox olmasında daha üstündür, çünki vasitələrin az olması ilə unutmaq, səhv salmaq, əlavə etmə və naqisliyi yol vermək ehtimalları az olur.”6
Bunu bildikdən sonra yuxarıda təqdim etdiyimiz qismlərə nəzər salaq birinci qismdəki rəvayətlərin bu baxımdan daha üstün olduğunun şahidi olacağıq, çünki İmam Abdur-Razzaq’ın isnadında Aişə ilə onun arasında sadəcə iki ravi vardır, halbuki ən-Nəsai’nin rəvayətində beş ravi mövcuddur. Onu da qeyd edək ki, Abdur-Razzaq’ın rəvayəti əl-Buxari və Muslimin şərtlərinə görə səhihdir.
İkinci meyar isə budur ki, əl-Buxari və Muslim’in “əs-Sahih” adlı əsərlərində mövcud olan hədis bu kitablarda mövcud olmayan hədislərdən üstün sayılır. Alləmə əl-Qasimi – rahiməhullah – hədislər arasında hansı meyarlara görə bəzi hədisləri digər hədislərdən ön keçirməyin yollarından danışarkən deyir: “On yeddi: İki “əs-Sahih” kitabında olan hədisləri bu iki kitab olmayanlardan önə keçirmək.”7
Yenə Muhamməd əl-Əmin əş-Şənqiti deyir:
“İki “əs-Sahih”də olan və ya bu ikisindən birində olan hədis bu iki kitabda olmayan hədislərdən önə keçirilməlidir.”8
Bu barədə Doktor Mahmud ət-Tahhan daha geniş və dəqiq bir izah təqdim etmişdir və diləyən onun kitabına müraciət edə bilər.9 Bu meyara əsasən birinci qismdəki hədislər önə keçirilməlidir, çünki bu hədisi Muslim “əs-Sahih”də rəvayət etmişdir.
Üstəlik İmam Muslim yuxarıdakı hədis alimlərindən dəqiqliyi ilə seçilir. Alimlər xüsusilə Muslim’i digər hədis alimlərlə müqayisə edərkən onun hədislərin ləfzini olduğu kimi gətirməsi ilə, ən xırda detallara fikir verməsi ilə seçildiyini qeyd edirlər. Məhz bu səbəblə məğrib alimləri İmam Muslim’in “əs-Sahih” əsərini əl-Buxari’nin “əs-Sahih” əsərindən üstün sayırlar, çünki əl-Buxari – rahiməhullah – “əs-Sahih”də məna ilə rəvayət etməkdə güzəşt etdiyi halda İmam Muslim ləfzi dəqiqliyi ilə rəvayət etməkdə ehtiyatlı davranmışdır. Bu həqiqəti əl-Hafiz İbn Hacər’in – rahiməhullah – sözlərindən anlaya bilərik:
“İmam Muslim kitabında o qədər böyük əməyi olmuşdur ki, başqalarına bu nəsib olmamışdır, hətta o dərəcədə ki, bəzi alimlər onu Muhamməd bin İsmayıl’dan (əl-Buxari’dən) üstün sayıblar, çünki Muslim rəvayət yollarını toplamaqda, məzmunun gözəlliyində, mətni qısaltmadan, nə də məna ilə rəvayət etmədən sözləri olduğu kimi qoruyub saxlamaqda xüsusilə seçilirdi. Neysəbur şəhərində xələflərindən olan bir çox alim onun bu yolunu izləsələr də onun şanına yetişə bilməyiblər, onlardan Muslim’in kitabına “mustəxrac” yazmış iyirmidən çox imamın adı yadımdadır. Bəndələrinə dilədiyini Verən əl-Vahhab olan Allah nöqsanlardan pakdır.”10
Bu barədə eləcədə İmam ən-Nəvəvi “əs-Sahih”ə yazdığı şərhin müqəddiməsində söz açmışdır. Alimlər ümumilikdə Muslim’i bu xüsusiyyətinə görə digərlərindən ayırıblar. Belə olduqda etiraf etməliyik ki, birinci qismdəki rəvayətlər bu baxımdan da üstündür, çünki birinci qismdəki rəvayəti Muslim rəvayət etmişdir.
Belə hallarda nəzərə alınacaq daha bir meyar mövcuddur. Bu meyara əsasən əgər bir-birinə zidd iki səhih rəvayət varsa və onlardan biri səhabənin haqqında girir, digəri isə belə bir eyibdən azaddırsa, o zaman ikinci rəvayət önə keçirilməlidir, çünki səhabənin haqqını və şərəfini imkan olduğu müddətdə qorumaq vacibdir. Alləmə Cəlalud-Din əs-Suyuti – rahiməhullah – bir rəvayəti digər rəvayətdən önə keçirmək üçün meyarları sayarkən aşağıdakıları zikr etmişdir:
“Yeddinci qism: kənar bir faktor səbəbilə rəvayətlər arasında tərcih etmək; buna Quranın zahiri mənasına və ya digər sünnətə və ya şəriətin qəbul etdiyinə və ya qiyasa və ya ümmətin əməlinə və ya ədalətli xəlifələrin əməlinə və ya başqa mürsəl hədisə və ya sənədi qopuq olan hədisə uyğun olmasını və ya səhabələrin dəyərini azaltmamasını və ya hökmü üzərində ittifaq olan bir bənzəri halın mövcud olmasını və ya onu rəvayət etməkdə əl-Buxari və Muslimin ittifaq etməsini misal vermək olar.”11
Digər rəvayətlərdən anamız Aişə’nin ən aşkar bir məsələdən cahil olması şübhəsi ortaya çıxır, halbuki birinci qismdəki rəvayətlər isə Aişənin bu həqiqətdən agah olduğunu və özünün bu həqiqəti dilə gətirdiyini göstərir. O zaman yuxarıda işarə etdiyimiz meyara əsasən birinci qismdəki rəvayətləri önə keçirmək lazımdır.
Buraya qədər qeyd etdiklərimizdə rəvayətlər arasından hansı rəvayətin ləfzinin doğru olduğunu göstərmiş olduq. Bundan sonra isə başqa məqamlara nəzər salmaq lazım olacaq. İmam Muslim’in “əs-Sahih” əsərini çox sayda alim şərh etmişdir və əgər biz hədisi doğru anlamaq istəyiriksə o zaman hədislərə şərh vermiş alimlərin sözlərinə əsaslanmalıyıq.
Hədisləri şərh edənlərin sözləri
İlk olaraq ən məşhur şərh sayılan İmam ən-Nəvəvi’nin – rahiməhullah – şərhindən başlayaq. ən-Nəvəvi deyir:
“Onun “Dedi: İnsanlar nə gizləsələr də Allah onu bilir, bəli!” sözlərinə gəldikdə, əlyazmalarda bu cür gəlmişdir və doğru olan budur. Sanki o, “insanlar nə gizləsələr də Allah onu bilir” dedikdə özünü təsdiqləyərək “bəli” demişdir.”12
İmam ən-Nəvəvi’dən sonra gəlmiş İmam Əbu Abdilləh Muhamməd bin Xalifə əl-Vaştani əl-Ubbi əl-Maliki – rahiməhullah – (vəfati hicri 828) onun bu sözlərini doğru görərək demişdir:
“Onun “Dedi: İnsanlar nə gizləsələr də Allah onu bilir, bəli!” sözlərinə gəldikdə, bütün əlyazmalarda bu cür gəlmişdir və bunun mənası budur ki, o, “insanlar nə gizləsələr də Allah onu bilir” dedikdə özünü təsdiqləyərək “bəli” demişdir”13
əl-Ubbi əl-Maliki’nin “İkməlul-İkməl” kitabını şərh etmiş digər böyük alim Alləmə Muhamməd bin Muhamməd əs-Sənusi əl-Huseyni (vəfatı hicri 895) bu barədə əl-Ubbi’nin dediklərini təkrarlamışdır:
“Onun “Dedi: İnsanlar nə gizləsələr də Allah onu bilir, bəli!” sözlərinə gəldikdə, bütün əlyazmalarda bu cür gəlmişdir və bunun mənası budur ki, o, “insanlar nə gizləsələr də Allah onu bilir” dedikdə özünü təsdiqləyərək “bəli” demişdir”14
əs-Suyuti’nin “əd-Diybəc” adlı kitabını ixtisar etmiş Şeyx Əli bin Süleyman əl-Bəcməavi əl-Məğribi deyir:
“Onun “fələhədəni” sözü “ləm”, “hə” və “dəl” və ya “zə” hərfi ilədir, “dəfəə” sözündəki kimidir və “əlini sinəmə basaraq məni itələdi” anlamındadır. “Bəli” sözü isə Aişənin cümləsini bitirən sözüdür və bununla öz sözünü təsdiqləmişdir.”15
Müasir alimlər də bu hədisə eyni cür yanaşıblar, onlar da Muslim’in “əs-Sahih” əsərinə şərh yazmış alimlərin sözlərini mötəməd saymışlar və öz təhqiqlərində bu izaha yer veriblər. Şeyx Həbibur-Rahmən əl-Azami “əl-Musannəf” kitabına yazdığı təhqiqində deyir:
“Sanki o, “insanlar nə gizlətsələr də Allah onu bilir” dedikdə öz sözünü təsdiqləyərək “bəli” demişdir. Bunu ən-Nəvəvi söyləmişdir.”16
Eləcədə Şeyx Nasirud-Din əl-Albani – rahiməhullah – əl-Muzəni’nin “Muxtəsar Sahih Muslim” kitabına yazdığı təhqiqində Aişənin bu sözləri haqqında deyir:
“Əsli əlyazmalarda bu cürdür və bu, səhihdir. Sanki o, “insanlar nə gizlətsələr də Allah onu bilir” dedikdə öz sözlərini təsdiqləyərək “bəli” demişdir.”17
Mislim’in “əs-Sahih” əsərininin əl-Hələbi təbəəsinə18 təhqiq və şərh yazmış Muhamməd Zehni və Darul-Afaq nəşrinə19 şərh və təhqiq yazmış bir qrup alim və katib Aişənin o cümləsi haqqında eyni izaha yer veriblər.
İbn Teymiyyə’nin görüşü
Şeyxul-İslam İbn Teymiyyə – rahiməhullah – bu hədisə başqa cür yanaşmışdır. O, cəhalətin üzr olmasından danışarkən Aişənin rəvayətdəki sözlərini misal göstərmişdir. Bu görüşündə İbn Teymiyyə iki düşünən əvvəlki alimlərdən heç kimsəni tanımırıq. Görünür ki, İbn Teymiyyə hədisə verdiyi bu şərhində tək qalmışdır. İstənilən halda İbn Teymiyyə’nin – rahiməhullah – sözlərində problemli tərəflər mövcuddur.
Birinci: İbn Teymiyyə’dən başqa heç kəs hədisə bu cür şərh verməmişdir. Əgər hədisdə həqiqətən də Aişənin belə aşkar bir elmdən cahil olduğuna dair bir dəlil olsaydı Muslim’in “əs-Sahih əsərində şərh yazmış alimlər buna diqqət çəkərdilər. əl-Maziri, əl-Qadi İyad, Əbul-Abbas əl-Qurtubi və başqa alimlər “əs-Sahih”i şərh ediblər, lakin onlardan heç kimsə belə bir şey iddia etməmişdir. Əksinə ən-Nəvəvi, əl-Ubbi, əs-Sənusi, əl-Bəcməavi kimi alimlər “əs-Sahih”i şərh edərkən Aişənin cahil olmadığı, əksinə Rəbbinin hər gizli və aşkarı bildiyindən xəbərdar olduğunu söyləmiş və bu sözlərini təsdiqləmişdir. Belə halda tək İbn Teymiyyə’nin – rahiməhullah – sözlərinə əsaslanmaq doğru deyildir.
İkinci: İbn Teymiyyə bu sözünə dəlil üçün gətirdiyi hədisin Muslimdə olduğunu demişdir. İbn Teymiyyə deyir:
“Kim səhih hədisləri araşdırsa buna uyğun olan bu növ hədislər görəcək, misal üçün Muslim “əs-Sahih”də Aişədən zikr etmişdir ki,…”20
Halbuki Muslim’in kitabındakı rəvayət fərqlidir. İbn Teymiyyə’nin burada xəta etməsi aşkar bir məsələdir, lakin ola bilsin ki, İbn Teymiyyə – rahiməhullah – ümumilikdə hədisin “əs-Sahih”də olduğuna diqqət çəkmiş, amma sözlər arasındakı fərqə əhəmiyyət verməmişdir. İstənilən halda belə bir fərqin əhəmiyyəti çox böyükdür və hədisi şərh edənlər öz sözlərində bunun əhəmiyyətini əks etdiriblər.
Üçüncü: Üstəlik Şeyxul-İslam hədisi şərh edərkən Aişənin Allahın elmindən cahil olmasının peyğəmbərin – salləllahu aleyhi va səlləm – onu sinəsindən itələməsinin səbəbi olduğunu deyir. Lakin bu, doğru deyildir. Belə bir mənanı nə hədisin zahirindən, nə də hədisi şərh etmiş alimlərin sözlərindən anlamaq olmur. Çünki peyğəmbər – salləllahu aleyhi va səlləm – Aişəni hələ o sözü deməmişdən əvvəl itələmişdi və onu itələməsinin səbəbi sui-zənn etməsi idi. Alləmə Cəlalud-Din əs-Suyuti – rahiməhullah – deyir:
“Ləhədəni” sözü “ləhədə” sözündəndir və bu, sinədən şiddətlə itələmək anlamına gəlir. Bu, onu sui-zənn etdiyinə görə tədib məqsədi daşıyırdı.”21
Dördüncü: Şeyxul-İslam İbn Teymiyyə’nin tələbəsi İbn Muflih əl-Maqdisi – rahiməhullah – şeyxinin bu sözlərini kitabında gətirmiş və onun sözlərini İmam ən-Nəvəvinin sözləri ilə təqib etmişdir. İbn Muflih deyir:
“Şeyximiz (yəni İbn Teymiyyə) dedi: “Buna görə də peyğəmbər – salləllahu aleyhi va səlləm – Allahın qüdrətinə və (öldükdən sonra) qaytarılacağında şəkk edən kəsi təkfir etməmişdir, çünki təkfir yalnız risalət bir kəsə yetişdikdən sonra olur və bir də Aişə’nin sözləri də buna misaldır: “İnsanlar nə gizlətsələr də Allah onu bilir?” (Peyğəmbər) dedi: “Bəli!” Bunu Muslim cənazələr kitabında rəvayət etmişdir. Muslim’in əlyazmalarında “dedi” sözü yer almamışdır. (ən-Nəvəvi) “Şərhu Muslim”də deyir: “Sanki (Aişə) bunu dedikdə özünü təsdiqləyərək “bəli” demişdir.”22
İbn Muflih – rahiməhullah – bu sözləri ilə İbn Teymiyyə’nin sözündəki zəifliyə işarə etmişdir, çünki əgər Muslim’in əlyazmalarında o cür gəlməyibsə Aişəyə o cür sözü nisbət etmək doğru deyildir.
Yekun
Axırda onu qeyd etməliyik ki, anamız Aişənin elmi və fəziləti haqqında, onun Əbu Bəkr əs-Siddiq’in evində, sonra isə peyğəmbərlik və vəhy evində tərbiyə görməsi haqqında düşünən hər bir kəs onun öz Rəbbi haqqında belə aşkar bir şeyi bilməməsinin imkansız olduğunu anlayacaqdır. Qadınların ən elmlisi olan Aişə Allahın Rububiyyəti ilə əlaqədar olan bir sifətindən, Allahın elminin hər bir şeyi əhatə etməsi həqiqətindən necə qafil ola bilər?! Halbuki şirk üzərində olan cahiliyyə əhlindən çox insan bu həqiqətdən xəbərdar idi. Cahiliyyə şairlərindən olan Zuheyr deyir:
فلا تكتمنّ الله ما في نفوسكم ليخفى ومهما يكتمها الله يعلم
Nəfslərinizdəkini Allahdan gizlətməyin,
Nə gizlətsəniz də Allah biləcək!
O zaman nə düşünürsüz? Cahiliyyə şairlərindən olan bir müşrik Allahın hər şey barəsində elmi olduğunu bildiyi halda möminlərin anası, siddiqa Aişə belə bir şeyi necə bilməz?! Halbuki alimlərimiz onun elmi haqqında şahidlik edirlər.
“Hişam bin Urvə atasının belə dediyini nəql edir: “Fiqhdə, tibdə və şerdə Aişədən elmli birini görmədim.” Əbu Burdə bin Əbi Musa öz atasından nəql edir: “Elə bir problemli iş olmadı ki, Aişədən onun haqqında soruşduqda cavab tapmayaq!” əz-Zuhri dedi: “Əgər Aişənin elmi digər möminlərin anaların elmi və bütün qadınların elmi ilə birlikdə toplansa Aişənin elmi daha üstün olar.”23
Axı necə ola bilər ki, vəhy evində yaşayan anamız Aişə – radiyallahu anhə – Allahın bu sifətindən qafil olsun, halbuki gecə-gündüz evlərində Quran və hikmət öyrəniblər. Ola bilməz ki, Aişə anamız Allahu Təalənin bu ayələrindən qafil olsun!
“Sözünüzü gizli saxlasanız da, onu açıq desəniz də, (fərqi yoxdur, ) (Allah) kökslərdə olanları bilir. Yaradan (Allah) Lətif və (hər şeydən) Xəbərdar olduğu halda, ola bilərmi ki, O, (gizlində və aşkarda olanları) bilməsin?”
(əl-Mulk, 13)
“Sən ucadan danışsan da (danışmasan da, fərqi yoxdur). Çünki (Allah) sirri də, (bundan) daha gizli olanı da bilir.”
(Ta Ha, 7)
“İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.”
(Qaf, 16)
“Həqiqətən, O, aşkardakından da, gizli qalandan da xəbərdardır.”
(əl-Ə’alə, 7)
Bütün bu yazdıqlarımızdan sonra bunu düşünüb anlamaq çətin olmamalıdır. Bizim dinimizkor-koranə təqlid etməyi tənqid edir. Lakin çox təəssüf ki, müsəlman qardaş və bacılarımız müəyyən bir alimin sözünü hər şeydən önə keçirirlər. Belə acınacaqlı haldan qaçmaq üçün müsəlmanları düşünməyə dəvət edirəm.
Bir daha təkrarlamalıyam ki, bu məsələmizdə məqsədimiz cəhalət üzrünü müzakirə etmək deyildi, sadəcə Aişə anamızın adını qorumaq idi. İbn Teymiyyə – rahiməhullah – dediyi sözündə ictihad edib demişdir və onun niyyətinə görə savab qazanacağına ümidvarıq. Lakin alim olmayan kimsələrin hələ də bu cür hədisləri dəlil gətirmələri öz əlləri ilə özlərini təhlükəyə atmaqdan başqa bir şey sayıla bilməz.24
Salləllahu alə Muhammədin va alə Əlihi va sahbihi əcmain!
Dipnotlar:
- Muslim, “əl-Cənaiz” kitabı, “mə yuqal ində duxulil-qubur vad-dua li əhlihə” babı, hədis: 974
- “əl-Musannəf”, 3/570-572
- ən-Nəsai, “əs-Sunən”, 7/74 (3964)
- ən-Nəsai, 3963
- Əhməd, “əl-Müsnəd”, 6/221
- əş-Şənqiti, “əl-Muzəkkira fi Usulil-Fiqh”, səh: 377; Məktəbətul-Ulum val-Hikəm, Mədinə, beşinci nəşr: miladi 2001
- əl-Qasimi, “Qavaidut-Təhdis min Fununi Mustaləhil-Hədis”, səh: 528; Muəssəsətur-Risalə, birinci nəşr: 1425/2004; səh: 314; Dar İhyə əl-Kutubil-Arabiyyə, ikinci nəşr: 1380/1961
- əş-Şənqiti, “əl-Muzəkkira fi Usulil-Fiqh”, səh: 379; Məktəbətul-Ulum val-Hikəm, Mədinə, beşinci nəşr: miladi 2001
- Bax: ”Təysir Mustaləh əl-Hədis”, səh: 54; Darul-Məarif, Riyad
- İbn Hacər, “Təhzibut-Təhzib”, 4/66-67; Muəssəsətur-Risalə, Beyrut, birinci nəşr: 1416/1995
- əs-Suyuti, ”Tədribur-Ravi fi Şərhi Təqribin-Nəvəvi”, 2/659; Məktəbətul-Kəvsər, ikinci nəşr: Beyrut, hicri 1415
- ən-Nəvəvi, “əl-Minhəc fi Şərh Sahih Muslim bin əl-Həccəc”, 7/44; əl-Mətbəə əl-Misriyyə bil-Əzhar, birinci nəşr: 1347/1929
- əl-Ubbi əl-Maliki, “İkməlu İkməlul-Mulim”, 3/104; Mətbəətus-Saadə, təsvir Daril-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: hicri 1328-ci il
- əs-Sənusi, “Mukəmmilu İkməlil-İkməl”, 3/104; Mətbəətus-Saadə, təsvir Daril-Kutubil-İlmiyyə, Beyrut, birinci nəşr: hicri 1328-ci il. “Darul-Kutubil-İlmiyyə” nəşriyyat evi əl-Ubbi’nin “İkməlul-İkməl” və əs-Sənusi’nin “Mukəmmilu İkməlil-İkməl” kitabını bir kitabda çap ediblər. Ona görə də hər iki referensi bir kitabda görmək mümkündür.
- ”Vaşyud-Diybəc alə Şərh Mislim bin əl-Həccəc”, 1/103, əl-Mətbəə əl-Vahbiyyə, Qahirə, birinci nəşr: hicri 1298-ci il.
- “Musannəd Abdir-Razzaq”, 3/571, (dipnot 6) ; əl-Məktəb əl-İsləmi, ikinci nəşr: 1403/1983
- “Muxtəsar Sahih Muslim”, 1/134 (dipnot 7) ; əl-Məktəb əl-İsləmi, Beyrut, altıncı nəşr: 1407/1987
- Bax: 1/387
- Bax: 3/64
- ”Məcmu əl-Fətava”, 11/411
- əs-Suyuti, “Şərhun-Nəsai”, 7/74; Məktəbul-Mətbuatil-İsləmiyyə bi Hələb, Abdul-Fəffat Əbu Ğuddə’nin təhqiqi ilə.
- İbn Muflih, ”Kitəbul-Furu”, 10/186-187; Muəssəsətur-Risalə, birinci nəşr: 1424/2003
- İbn Hacər, “əl-İsabə fi Təmyizis-Sahabə”, 8/140; Darul-Kutubil-İlmiyyə, Beyrut
- Bu materialın hazırlanmasında əsasən Şeyx Əbul-Alə bin Raşid bin Əbil-Alə’nin “Aridul-Cəhl” adlı kitabından istifadə etmişik. Kitabın müqəddiməsini Şeyx Saleh əl-Fəuzan yazıb. Kitab “Məktəbətur-Ruşd” tərəfindən Riyad şəhərində (birinci nəşr: 1429/2008) çap olunub.








