Mufti: Şeyxul-İslam İbn Teymiyyə
Sual:
Cunublu halda yatmış və günəşin çıxmasına az qalmış oyanan bir kimsə haqqında soruşuldu. Soyuq havada soyuq su ilə qüsl almaqdan qorxdu, əgər suyu qızdırarsa namazın vaxtı çıxacaq. Ona qüsl alana qədər namazı ötürməsi caizdirmi? Yoxsa təyəmmüm edib namazı qıla bilər?
Cavab:
Bu məsələdə alimlərin iki görüşü vardır: Əbu Hənifə, əş-Şafi və Əhməd kimi alimlərin əksəriyyəti günəş çıxandan sonra namaz qılacaq olsa belə ona suyu əldə etməyi əmr edirlər. Malik isə belə birinə təyəmmüm ilə öz vaxtında namazı qılmağı əmr edir, çünki (ona görə) namazın vacibləri arasında vaxt digərlərindən üstündür. Dəlili isə budur ki, əgər vaxtın əvvəlində oyanarsa və vaxt çıxmamışdan əvvəl su tapmayacağını bilərsə, o zaman müsəlmanların icmasına əsasən o, təyəmmüm ilə namazı öz vaxtında qılmalı, vaxt çıxdıqdan sonra qüsl alıb qılmamalıdır.
Lakin birinci görüşdə olanlar bu hal və bənzərləri ilə sualda soruşulan hal arasında onunla fərq qoyurlar ki, insan oyanarkən namaz qılmaqla xitab olunmuşdur, necə ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – deyir: “Kim namazdan yatıb qalarsa və ya unudarsa xatırladığı vaxt onu qılsın!”
Əgər namazı ayıldıqdan sonra qılmağı əmr edibsə, o zaman ona imkanı daxilində adi qüsl almaqla namazını qılmaq vacib olur, beləliklə (belə bir halda) namazı günəş çıxdıqdan sonra qılması ilə Allahın qılmağı əmr etdiyi bir vaxtda qılmış olur. Doğrusunu Allah bilir!
Mənbə:
“əl-Fətəva əl-Kubra”, 1/304-305; Dar əl-Kutub əl-İlmiyyə, birinci nəşr: 1408/1987, Beyrut



