Hafiz Əbul-Həsən əd-Dəraqutni (306-385)

İmam, Hafiz, Şeyxul-İslam Əbul-Həsən Əli bin Ömər bin Əhməd bin Mehdi bin Məsud bin ən-Nu’mən bin Dinar bin Abdilləh əl-Bəğdədi məşhur mühəddis və Quran alimidir. Şafi’i fəqihlərindəndir. Bağdadda yerləşən Daru’l-Qutn məhəlləsindəndir və buna görə də əd-Dəraqutni nisbəti ilə məşhurlaşmışdır. Hicri 306-cı ildə anadan olub.

Şəxsiyyəti

əd-Dəraqutni əsasən hədis elminin mütəxəssis və nadir şəxsiyyətlərindən biri kimi tanınmışdır. Öz zamanının imamlarından biridir. Çox alimdən hədis eşitmiş, hədis elmində kitablar yazmışdır. Ravilərin hallarını, hədislərin illətlərini, cərh və tədil elmini bilməkdə zamanında özü kimi bir alim olmamışdır. əd-Dəraqutni elm ailəsində böyümüşdür, atası siqa bir mühəddis idi. Kiçik yaşlarından elmə həvəs göstərmiş və bu yolunda dəstək almışdır. Özünün də dediyi kimi ilk dəfə hicri 315-ci ildə hədis yazmağa başlamışdı və o vaxt onun hələ doqquz yaşı var idi. Əbul-Fəth bin Əbil-Fəvaris deyir: “əl-Bəğavi’nin yanına gedərdik və əd-Dəraqutni (o zaman) uşaq idi, bizim arxamızda yürüyərdi, əlində də üstündə “kəmix” (ədviyyatı) olan yuxa çörək var idi. İbn Məni’in yanına daxil olduq və onu (daxil olmağa) qoymadıq, qapının yanında oturdu və ağladı.1

əd-Dəraqutni çox güclü zəkası və hafizəsi ilə seçilmişdir. əl-Xatib deyir: “əl-Əzhəri bizə rəvayət etdi; dedi: Mənə çatmışdır ki, əd-Dəraqutni gənclik illərində bir dəfə İsmayıl əs-Saffər’in məclisində iştirak etdi və İsmayıl imla söyləyərkən əd-Dəraqutni yanında olan bir cüzün üzünü köçürməklə məşğul idi. Məclisdə iştirak edənlərdən biri ona dedi: “Sən yazı köçürdüyün halda hədis eşitməyin səhih deyildir.” əd-Dəraqutni ona dedi: “Mənim imla anlayışım sənin anlayışından fərqlidir.” Sonra dedi: “Sən şeyxin indiyə qədər neçə hədisi imla etdiyini xatırlayırsan?” Dedi: “Xeyr!” əd-Dəraqutni dedi: “On səkkiz hədisi imla etdi.” Bütün hədisləri saydı  və doğurdanda elə olduğunu gördüm. Bundan sonra hər hədisin mətnini və sənədini zikr etdi.2

Quranın qiraətləri haqqında ilk olaraq kitab yazanın o olduğu deyilmişdir. Əbu Bəkr əl-Xatib deyir: “Hədis elmindən başqa elmlərdə də dərinləşmişdi, bu elmlərdən biri qiraət elmi idi, belə ki, onun bu elmdə müxtəsər bir kitabı vardır. Kitabın əvvəlində açdığı bablarda üsulu toplamışdır. Qiraətlərə xüsusi əhəmiyyət verən birindən belə dediyini eşitdim: “Əbul-Həsəndən öncə onun bu metodunda onu heç kəs qabaqlamayıb və ondan sonra gələn qiraət alimləri bu yolunu izləməyə başladılar.

Bu elmlərdən biri də fiqh elmidir və fəqihlərin məzhəblərini gözəl bilirdi. əl-Xatib deyir: “Onun “əs-Sünən” kitabı buna dəlalət edir, mənə çatan xəbərə görə o, əş-Şafi’nin fiqhini Əbu Said əs-İstaxari’nin yanında öyrənmişdir.3 Onun ədəb və şerdə də bilikləri seçilirdi. əs-Seyyid əl-Himyəri’nin divanını əzbər bilirdi, hətta buna görə bəziləri onu şiəlikdə ittiham edib, çünki həmin divanın sahibi əl-Himyəri şiə olub. əl-Xatib əl-Bəğdədi deyir: “Əbul-Valid Süleyman bin Xaləf əl-Əndəlusi mənə rəvayət etdi; dedi: Əbu Zər əl-Həravi’ni belə deyərkən eşitdim: əl-Həkim Əbu Abdilləh Muhəmməd bin Abdulləh əl-Həfiz’dən də-Dəraqutni haqqında soruşuldu və belə cavab verdiyini eşitdim: “Özü kimi birini görməmişdir.”… əl-Qadi Əbut-Tayyib Tahir bin Abdilləh ət-Tabəri’ni belə deyərkən eşitdim: “əd-Dəraqutni hədisdə möminlərin əmiri idi. Bağdada gəlmiş elə bir hafiz görmədim ki, onu ziyarət etməsin və onun hifzdə və elmdə mənzilinin ucalığına şahidlik etməsin.

Şeyxləri və tələbələri

Əbul-Qasim əl-Bəğavi’dən – hələ uşaq ikən – elm almışdır, həmçinin Yəhyə bin Muhəmməd bin Said, Əbu Bəkr bin Əbi Davud, Muhəmməd bin Neyruz əl-Ənməti, Əbu Həmid Muhəmməd bin Harun əl-Hədrami, Əli bin Abdilləh bin Mubəşşir əl-Vasiti, Əbu Əli Muhəmməd bin Süleyman əl-Məliki, Muhəmməd bin əl-Qasim bin Zəkəriyyə əl-Muhəribi, Əbu Ömər Muhəmməd bin Yusuf bin Yaqub əl-Qadi, Əbu Bəkr bin Ziyəd ən-Neysəburi, əl-Həsən bin Əli əl-Adəvi əl-Bəsri, Yusuf bin Yaqub ən-Neysəburi, Əbu Bəkr Əhməd bin Muhəmməd bin İsmayıl əl-Ədəmi, Ömər bin Əhməd bin Əli əd-Deyrabi, İshaq bin Muhəmməd əz-Zeyyət, Cəfər bin Əbi Bəkr, İsmayıl bin əl-Abbas əl-Varraq, əl-Hüseyn bin İsmayıl əl-Məhəmili, onun qardaşı Əbu Ubeyd əl-Qasim, Əbul-Abbas bin Aqadə, Əbu Abdilləh Muhəmməd əl-Attar, Əbu Saleh Abdur-Rahmən bin Said əs-Əsbəhəni, Muhəmməd bin İbrahim bin Hafs, Cəfər bin Muhəmməd bin Yaqub əs-Saydəli, Əbu Talib Əhməd bin Nasr əl-Həfiz, əl-Hüseyn bin Yəhyə əl-Ayyəş, Muhəmməd bin Səhl bin əl-Fudeyl, Əhməd bin Abdilləh Vakil Əbi Saxra, Əhməd bin Muhəmməd bin Əbi Bəkr əl-Vasiti, əl-Hüseyn bin Muhəmməd əl-Mutbiqi, Əbu Cəfər bin əl-Bəxtəri, İsmayıl əs-Saffər və daha bir çox kəsdən elm almışdır. Əbu Bəkr əş-Şafi və İbnul-Muzaffər’in yanında yerləşir. Yetkinlik yaşlarında Şama və Misirə səfərlər edir, İbn Heyyuveyh ən-Neysəburi, Əbu Tahir əz-Zuhli, Əbu Əhməd bin ən-Nəsih və daha bir çox alimdən elm öyrənir. Elm dəryalarından, dünya imamlarından biri idi, qiraətlər və onların rəvayət yollarında yüksək məqama yiyələnməklə, fiqhdə, ixtilaf elmində, məğazi elmində, insanların tarixlərində və digər elmlərdə güclü paya sahib olmaqla birlikdə hifz, hədis illətləri və ravilər haqqında biliklərdəki ən yüksək məqam ona çatmışdı.4

Ondan isə əl-Həfiz Əbu Abdilləh əl-Həkim, əl-Həfiz Abdul-Ğani, Təmməm bin Muhəmməd ər-Razi, əl-Fəqih Əbu Həmid əl-İsfəraini, Əbu Nəsr bin əl-Cundi, Əhməd bin əl-Həsən ət-Tayyən, Əbu Abdir-Rahmən əs-Suləmi, Əbu Məsud əd-Diməşqi, Əbu Nueym əl-Əsbəhəni, Əbu Bəkr əl-Bərqani, Əbul-Həsən əl-Atiqi, Əhməd bin Muhəmməd bin əl-Həris əl-Əsbəhəni ən-Nəhvi, əl-Qadi Əbut-Tayyib ət-Tabəri, Abdul-Aziz bin Əli əl-Əzci, Əbu Bəkr Muhəmməd bin Abdil-Məlik bin Bişran, Əbul-Həsən bin əs-Simsər əd-Diməşqi, əl-Qadi Əbu Yalə’nin qardaşı Əbu Həzim bin əl-Fərra, Əbun-Nu’mən Turab bin Ömər əl-Misri, Əbul-Ğanəim Abdus-Saməd bin əl-Mumin, Əbul-Hüseyn bin əl-Muhtədi Billəh, Əbul-Hüseyn bin əl-Əbənusi və daha bir çox kəs hədis dinləmişdir.

Kitabları

“əs-Sünən”, “əl-İləl əl-Varidə fil-Əhədisin-Nəbəviyyə”, “əl-Muctəbə minəs-Sunənil-Məsura”, “əl-Muxtələf val-Mu’tələf fi Əsməir-Ricəl”, “əl-İltizəmət aləs-Sahiheyn”, “əd-Duafə”, “əl-İstidrakət”, “ət-Tətəbbu” və daha bir çox kitabı vardır. Allahın isim və sifətləri haqqında “əs-Sifət” adlı kitabını yazmışdır, həmçinin Allahın dünya səmasına enməsi haqqında gələn hədisləri topladığı “Əhədisun-Nuzul” adlı kitabın da müəllifidir. Həmçinin Allahın Axirətdə gözlə görünməsi haqqında “ər-Ruyə” adlı kitabı da vardır.

Əqidəsi

İmam əd-Dəraqutni etiqadda sələfin məzhəbi üzərində olmuşdur, bəzilərinin iddia etdiyi kimi əşari olmamışdır. Onun əşari olduğunu isbat etmək üçün bu hekayəni nəql edirlər. “Əbul-Valid əl-Bəci “İxtisar Firaqil-Fuqahə” kitabında əl-Qadi İbnul-Bəqilləni haqqında danışarkən deyir: Şeyx Əbu Zər əl-Həravi mənə rəvayət etdi: O, əl-Bəqilləni’nin məzhəbinə meyl edirdi və ondan soruşdum: “Sən bunu hardan götürmüsən?” Dedi: “Bağdadda Hafiz əd-Dəraqutni ilə yürüyürdüm və Əbu Bəkr bin ət-Tayyib ilə qarşılaşdıq. Şeyx Əbul-Həsən ona qoşuldu və onun üzündən və gözlərindən öpdü. Ondan ayrıldıqda ondan soruşdum: “Vaxtının imamı olduğun halda edəyini düşünmədiyim o hərəkəti etdiyin şəxs kim idi?” Dedi: “Bu, müsəlmanların imamı, Dini müdafiə edəndir, bu, əl-Qadi Əbu Bəkr Muhəmməd bin ət-Tayyib’dir.” Əbu Zərr dedi: “O vaxtdan atam ilə birlikdə onun yanına gedib gəldim.5 Lakin burada onun əşariliyinə dəlalət edən heç bir dəlil yoxdur, əd-Dəraqutni sadəcə olaraq əl-Bəqilləni’yə mötəzilə və digər bidət firqələrinə qarşı mübarizəsinə görə, sünnəti müdafiə etməyə sərf etdiyi əməyinə görə ehtiram etmişdir. əz-Zəhəbi bu hekayəni nəql etdikdən sonra deyir: “Bağdadda mötəzililərin, rafizilərin və qədərilərin öndərlərinin və digər cürbəcür bidət sahiblərindən olan avtoritetlərin hüzurunda sünnəti və hədis yolunu cədəl və aşkar dəlillərlə münazirə edib müdafiə edən odur, halbuki əl-Buveyhiyyə dövlətinin sayəsində dövlət və üstünlük onların əlində idi. Kərramilərə rəddiyə verirdi və onlara qarşı hənbəlilərə dəstək verirdi, dəqiq məsələlərdə ixtilaf etməklərinə baxmayaraq onunla hədis əhli arasında bir amir var idi, buna görə də əd-Dəraqutni onunla ehtiram ilə davrandı. (əl-Bəqilləni) “əl-İbənə” adlı bir kitab yazmış və orada belə deyir: “Allahın üzünün və əlinin olmasına dəlil nədir?” Dedi: “Allahın “Rəbbinin üzü qalacaqdır” və Onun “İki əlimlə yaratdığımı səcdə etməyə sənə nə mane oldu” sözləri (dəlildir), Allahu Təalə Özü üçün üz və əli isbat etmişdir.” Sözünü davam edir və deyir: “Əgər soruşsalar ki, “O, hər məkandadırmı?”, deyərik ki, “Allah qorusun, əksinə O, Kitabında xəbər verdiyi kimi Ərşinin üzərinə yüksəlmişdir…6 Hətta əl-Bəqilləni bir çox kitabında adının arxasında “əl-Hənbəli” nisbətini qeyd edərdi və bununla özünü sünnətə nisbət etdiyini əks etdirərdi. Ona görə də əd-Dəraqutni’nin ona ehtiram ilə yanaşması qəribə bir hal deyildir, çünki aşkarda münazirələrində onun sünnətdən başqa bir şey müdafiə etdiyini görməmişdir. Öz məclislərində və dərslərində isə kəlam elmini öyrətməsi fərqli bir haldır. Axı əd-Dəraqutni necə əşari ola bilər?! Məgər kəlam elminə nifrət edən bir kimsə əşari ola bilərmi? əz-Zəhəbi deyir: “əd-Dəraqutnidən onun belə dediyi səhih olaraq sabit olmuşdur: “Kəlam elminə nifrət etdiyim qədər başqa heç bir şeyə nifrət etmirəm.” əz-Zəhəbi bu sözündən sonra deyir: “Bu adam heç zaman kəlam elminə və cədələ qarışmamışdır, belə şeylərə dalmamışdır, əksinə sələfi idi və ondan bu sözünü Əbu Abdir-Rahmən əs-Suləmi eşitmişdir.7 Əksinə biz deyərdik ki, əd-Dəraqutni kəlam elminə nifrət etdiyi kimi kəlam elmini dinin üsulu edənlərə də pis baxmışdır. Hətta İbnul-Mibrad kitabında Hafiz əd-Dəraqutni’ni əşariləri qınamış alimlər arasında saymışdır.8 “əs-Sifət” kitabında Allahın iki əli, ayağı, barmaqları olduğunu, Allahın güldüyünü, ər-Rahmənin surəti haqqında gələnləri və bənzəri sifətləri isbat etmişdir. İbnus-Subki əşari alimi olaraq bu sifətləri bir arada toplayanları təcsimdə ittiham edir, o zaman əd-Dəraqutni’nin əşari olduğunu necə iddia etmək olar. Heç şəkk yoxdur ki, əd-Dəraqutni əşari olmayıb, əksinə əşarilərin əleyhinə olub.

Vəfatı

Hafiz əd-Dəraqutni hicri 385-ci ildə vəfat etmişdir. Əbu Abdir-Rahmən əs-Suləmi deyir: “Allahı şahid gətirirəm ki, şeyximiz əd-Dəraqutni özündən sonra Yer üzündə Allahın elçisinin – salləllahu aleyhi va səlləm – hədislərində, həmçinin səhabələrin, tabiilərin və onlara tabe olanların sözlərində özü kimi bilikli birini tərk etməmişdir.” Əbu Nəsr Əli bin Hibətilləh bin Məkulə dedi: “Yuxuda gördüm ki, sanki Axirətdəyəm və əd-Dəraqutni’nin halı haqqında soruşuram və mənə deyirlər: “O, Cənnətdə əl-İmam adı ilə çağırılır.”

Salihiyyə

Dipnotlar:

  1. “Tərix Diməşq”, 43/98; Darul-Fikr, 1415/1995,
  2. “Tərix Bəğdəd”, 12/36;
  3. “Siyər Əaləmin-Nubələ”, 16/452; “Tərix Bəğdəd”, 12/34; Darul-Kutubil-İlmiyyə
  4. əz-Zəhəbi, “Siyər Əaləmin-Nubələ”, 16/449-450; Muəssəsətur-Risələ, üçüncü nəşr: 1405/1985, Beyrut
  5. “Siyər Əaləmin-Nubələ”, 17/558;
  6. Eyni mənbə, 17/558-559
  7. Eyni mənbə, 16/457
  8. “Cəm’ul-Cuyuş vad-Dəsəkir alə İbn Asəkir”, səh: 208
Exit mobile version