İmamul-Harameyn əl-Cuveyni (419-478)

O,  Abdulməlik bin Əbi Muhəmməd Abdillah bin Yusuf bin Abdillah bin Yusuf bin Muhəmməd bin Həyəveyh əl-Cuveyni, ən-Neysəburi, əş-Şafidir. Əbu-l-Məali, İmamu-l-Hərameyn, zamanının nadiri, imamı, fəqihi və üsulçusudur. Şafi üləmasındandır. Şafi məzhəbinə dair fiqh kitablarında “İmam” zikr olunduqda o qəsd olunur. Hicri 419-cu ildə dünyaya gəlib. Atası Əbu Muhəmməd əl-Cuveyni də dövrünün fəqihlərindən və fəzilət sahiblərindən idi.

Elmi atası Əbu Muhəmməd əl-Cuveyni, İskaf əl-İsfəraini, Əbu Abdillah əl-Xabbazi, Əbu Nəim əl-İsfahani, Xorasanda şafilərin şeyxi olan Qazi Hüseyn əl-Mərvəzidən və bir çox üləmadan almışdır.

Tələbələri arasında Hüccətul İslam Əbul-Həmid əl-Ğazali, İbnul-Muzəffər ən-Neysəburi, əl-Hərrasi, İbnul-Quşeyri və başqa bir çox fəzilətli zatlar yer alır.

Əsərləri arasında şafi məzhəbinin üsulu barəsində yazılmış “əl-Burhan”, “ət-Təlxis”,”əl-Varaqat”, məzhəbin fiqhi barəsində yazılmış və məzhəbə ən çox xidmət etmiş kitablar siyahısında olan “Nihayətu-l-Mətləb” kitabı, həmçinin başqa sahələrdə də bir çox əsərləri mövcuddur.

Əbu İshaq əş-Şirazi buyurur: “Bu imamdan faydalanın, o zamanın bəzəyidir”.

Əbu Osman əs-Sabuni demişdir: “Allah pislikləri bu imamdan uzaqlaşdırmışdır”

İmam Zəhəbi buyurur: “Böyük imam, şafilərin şeyxidir.”

Əbu-l-Həsən əl-Bəxarzi buyurur: “Fiqhi əş-Şafinin fiqhi, ədəbiyyatı əl-Əsmainin ədəbiyyatı, gözəl vəzi əl-Həsənu-l-Bəsrinin vəzidir.”

İmam hicri 478-ci ildə vəfat etmişdir. Allah rəhmət etsin! Amin!

Salihiyyə

Exit mobile version