Qurani-Kərim’də Hud surəsində Allahu Təalə Lut peyğəmbərin öz qövmünə dediyi sözləri xatırladaraq deyir: “Qövmü yüyürərək onun yanına gəldi. Onlarəvvəllər də yaramaz işlər görürdülər. O dedi: “Ey qövmüm! Bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun vəqonaqlarımın yanında məni rüsvay etməyin! Məgər aranızda ağıllı bir kişi yoxdur?”1 Digər ayədə Allahu Təalə buyurur: ”Şəhər əhalisi bir-birini muştuluqlayaraq (onun yanına) gəldilər. (Lut) dedi: “Bunlar mənim qonaqlarımdır. Məni biabır etməyin! Allahdan qorxun və məni hörmətdən salmayın!” Onlar dedilər: “Məgər biz sənə (bura gələn) adamları (qonaq saxlamağı) qadağan etməmişik?” (Lut) dedi: “Əgər edəcəksinizsə, bunlar mənim qızlarım.” Sənin canına and olsun ki, onlar sərxoş halda veyl-veyl gəzirdilər.”2
Mübarək ayələrdəki ”bunlar mənim qızlarımdır” sözünü bəziləri xətalı anlayaraq elə güman etdilər ki, Lut – aleyhissələm – onlara öz qızlarını təklif etmişdi. Peyğəmbərlərin insanlara ən gözəl nümunə olmaları lazım olduğu halda belə bir şeyi bir peyğəmbərdən necə gözləmək olar?! Lakin belə bir gümanın heç bir əsası yoxdur, çünki təfsir alimləri bu məqamı izah edərək ortada heç bir şübhəyə macal buraxmayıblar. Təfsir alimləri ittifaq edirlər ki, Lut – aleyhissələm – öz qızlarını zina üçün təklif etməmişdir. Haşa! Belə bir şeyi heç cür peyğəmbər haqqında qəbul etmək mümkün deyildir. Lakin ayədə Lut’un sözləri ilə əlaqədar olaraq bir çox ehtimal səslənmişdir.
İmam əl-Hafiz Əbu Bəkr ibn əl-Arabi əl-Maliki – rahiməhullah – ”Əhkəmul-Quran” adlı məşhur əsərində deyir: ”Dördüncü ayə: Allahu Təalənin “Bunlar mənim qızlarımdır, əgər edəcəksinizsə…” sözü; şəhər camaatı qonaqların qəşəngliyini və şəxsiyyətlərinin gözəlliyini gördükdə və eşitdikdəLutu çağıraraq onun qonaqları ilə fahiş əməl etmək istədilər. Lut isə onları öz qonaqlarından çəkindirdi və onlardan bu skandala son qoymaqlarını və sayğılı davranmaqlarını istədi. Onlar Luta “Məgər biz sənə kişiləri qadağan etmədikmi?!” dedikdə, Lut onlara dedi: “Əgər siz şəhvətlərinizi ödəmək istəyirsizsə, bunlar mənim qızlarımdır, əgər edəcəksinizsə…” Peyğəmbərlərə – Allah onların hamısından razı olsun – başqalarının fahişəliyinə görə öz qızlarını fəda verərək onlara fahişəlik təklif etməsi caiz deyildir. Həqiqətdə burada “qızlarım” sözü ilə qəsd olunan “mənim ümmətimin qızları”dır. Çünki hər bir peyğəmbərin xanımları ümmətinin analarıdır və ümmətin qızları onun qızlarıdır. Lut onlara şəriətə uyğun olaraq evlənməyin yolunu göstərdi və şəhvətin şiddətini boğmaq, şəhvətin atəşini söndürmək üçün onları caiz olan nikaha təşviq etdi. Necəki Allahu Təalə deyir: “Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz? Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz həddi aşan bir camaatsınız!” (əş-Şuəra, 165-166) Doğrusunu Allah bilir!”3
Həmçinin əl-Hafiz İbn Kəsir – rahiməhullah – deyir: ”Lutun “Ey qövmüm! Bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər” sözü, yəni onları öz qadınlarına tərəf yönləndirir, çünki hər bir peyğəmbər öz qövmü üçün ata dərəcəsindədir. Onları onlar üçün həm bu dünyada, həm də Axirətdə faydalı olan şeyə yönləndirir, necəki onlara başqa ayədə demişdir: “Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir vəRəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan adamlarsınız”. Başqa bir ayədə isə deyir: “Onlar dedilər: “Məgər biz sənə kişiləri qadağan etmədikmi?!” yəni, kişiləri qonaq saxlamağı qadağan etmədikmi?! “Dedi: “Bunlar mənim qızlarımdır.Əgər edəcəksizsə…” Sənin canına and olsun ki, onlar sərxoş halda veyl-veyl gəzirdilər.” Bu mübarək ayədə isə deyir: “Bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər”. Mücahid dedi: “Onlar onun öz qızları deyildi, lakin onun ümmətindən idilər və hər bir peyğəmbər öz ümmətinin atasıdır.” Eyni görüş Qatadədən və çox kəsdən rəvayət olunmuşdur. İbn Cureyc dedi: “Onlara qadınlarla evlənməyi əmr etdi vəonlara nikahsız əlaqəyə girməyi təklif etmədi.” Said bin Cubeyr dedi: “Yəni, (qızları) onların qadınlarıdır və onların qadınları onun qızları sayılır və o isə onların atasıdır.” Bəzi qiraətlərdə isə belə oxunur: “Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Zövcələri isə möminlərin analarıdır” və o, onların atasıdır. (əl-Əhzab, 6) Bu görüş eləcədə ər-Rabi bin Ənəs, Qatadə, əs-Suddi, Muhamməd bin İshaq və digərlərindən rəvayət olunmuşdur.”4 İbn Kəsir və İbnul-Arabi təfsirlərində bu görüşə üstünlük verirlər, yəni ayədəkı ”qızlar” ilə peyğəmbərin muradı qövmünün qızlarıdır.
İbn Cərir ət-Tabəri isə deyir: ”Allahu Təalə deyir: ”Lut öz qövmünə dedi: ”Qadınlarla evlənin! Onlarla yaxınlıq edin!” Allahın sizə haram etdiyi kişilərlə əlaqə olmaq kimi bir əməl etməyin! Əgər mənim sizə buyurduğumu edəcəksizsə, mənim dediklərimlə razılaşacaqsızsa. Necəki bunu bizə Bişr rəvayət etdi; dedi: Yezid bizə rəvayət etdi; dedi: Said bizə Qatədə’dən “Əgər edəcəksinizsə, bunlar mənim qızlarım” sözləri haqqında belə dediyini rəvayət edir: “Allahın peyğəmbəri Lut onlara qadınlarla evlənməyi əmr edir və qonaqlarını öz qızları ilə qorumaq istədi!”5 İbn Cərir ət-Tabəri’nin sözlərindən anlaşılan budur ki, Lut peyğəmbər onlara öz qızları ilə evlənməyi təklif etmişdi.
Alimlərdən başqaları isə Lut’un sözlərini izah edərək bunu sadəcə bir ibrət anlamında dediyinə işarə edirlər. Bütün bu görüşləri əl-Alləmə Əbu Abdilləh əl-Qurtubi – rahiməhullah – təfsirində zikr edir: “Onlar Lutun yanına gəlib qonaqlarını istədikdə, Lut qonaqlarını müdafiə etmək üçün onların qarşısına çıxdı və ”dedi: ”Ey qövmüm! Bunlar mənim qızlarımdır” və burada ”bunlar mənim qızlarımdır” cümləsi mübtəda və xəbərdir. Onun ”bunlar mənim qızlarımdır” sözündə fərqli fikirlər vardır. Lutun özünün üç qızı olduğu söylənmişdir. Onun iki qızının da olduğu söylənmişdir: Zita və Zaura. Yenə deyildiyinə görə onların arasında itaət olunan iki ağa zat varmış və Lut onları qızları ilə evləndirmək istədi. Yenə deyildiyinə görə Lut onları bu halda nikaha təşviq edirdi və o zamandakı sünnətə görə kafir kişi ilə möminə qadının evlənməsi caiz idi. Bu həm də İslamın əvvəlindəcaiz idi və sonra nəsx olundu. Beləki Allahın Elçisi – salləllahu aleyhi va səlləm – vəhydən əvvəl bir qızını Utbə bin Əbi Ləhəbə, digər qızını isəƏbul-As bin ər-Rabiyə ərə vermişdi və onların hər ikisi də kafir idi. Bir qrup isə – onların arasında Mücahid və Said bin Cubeyr vardır – demişdir ki, ”qızlarım” sözü ilə bütün qadınlara işarə etmişdir, çünki peyğəmbər qövmünün atasıdır. Bu görüşü gücləndirən budur ki, İbn Məsudun qiraətində (əl-Əhzab, 6) belə oxunmuşdur: ” Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Zövcələri isə möminlərin analarıdır və o, onların atasıdır.” Bir qrup isə dedi ki, Lut bu sözü ilə sadəcə qonaqları müdafiə etmək istəmişdi, bunu həqiqətdə etmək istəməmişdir. Bu görüşƏbu Ubeydədən rəvayət olunmuşdur. Necəki başqasının malını yeyən birinı bu işindən çəkindirmək üçün belə deyilir: “Donuz əti sənin üçün bundan daha halaldır.” İkrimə isə dedi: “Lut onlara nə öz qızlarını, nə də ümmətinin qızlarını təklif etməmişdi, sadəcə onların çıxıb getməsi üçün bu sözü söyləmişdir.”6
əl-Qurtubi – rahiməhullah – bu barədə əsas rəyləri təfsirində qeyd etmişdir. Bu rəylər onu göstərir ki, ayədə qəsd olunan bəzi kəslərin güman etdikləri məna deyildir.
