Corablara məsh çəkmək ilə əlaqəli varid olan hədislərin təhlili
Rəhimli və Mərhəmətli Allahın adı ilə! Müsəlmanın namazı və dəstəmazı ilə bağlı bütün məsələlər çox böyük əhəmiyyət daşıyır. Dəstəmaz və namazla bir-başa bağlı olan məsələlərdən biri də məstlərə məsh çəkmək məsələsidir; daha dəqiq desək nazik corablara məsh çəkməklə bağlıdır. Müsəlmanların gündəlik ibadətlərində ehtiyac duyduqları məsələlər barəsində öyrənməkləri zəruridir.
Mövzu haqqında azərbaycan dilli müsəlman qardaş və bacılarımız arasında Şeyx Cəməlud-Din əl-Qasiminin risaləsi tanınır. Kitab Şeyx Əhməd Şakirin müqəddiməsi və Şeyx Albaninin təhqiqi ilə çap edilib. Azərbaycan məkanında demək olar ki, mövzu haqqında bundan başqa bir əsər tanınmır. Mövzu haqqında gedən müzakirələrdə bizimlə razılaşmayan tərəfin çoxca əsaslandıqları kitab məhz bu kitabdır. Ona görə də bu yazımızda kitabın içərisində gətirilmiş dəlillərə və təqdim edilmiş əsas məsələlərə cavab verməyə çalışacağıq. Müvəffəqiyyət Allahdandır. Qarşıya qoyulan dəlillər bunlardır:
Birinci: ət-Tirmizi deyir: “Hənnəd və Məhmud bin Ğeylən rəvayət etdilər: dedilər: Vaki’ bizə Sufyandan, o da Əbu Qeysdən, o isə Hüzeyl bin Şurahbildən, o da əl-Muğira bin Şu’bədən belə dediyini rəvayət edir: “Peyğəmbər ﷺ dəstəmaz aldı və corablarına və səndəllərinə məsh çəkdi.”[1]
Bu hədisi əvvəlki alimlərdən ət-Tirmizi və İbn Hibban səhih sayıb. Hicri səkkizinci əsrdə yaşamış mühəddis alim İbnut-Türkməni də hədisin səhih olduğunu deyib. Müasirlərdən isə Əhməd Şakir, Nəsirud-Din əl-Albani, Əhməd əl-Ğuməri hədisi səhih görüblər. Bunların qarşısında isə hədisi zəif və münkər görənlər ümmətin ən böyük imamları və alimləridir. Bu hədisi Sufyan əs-Səvri, Abdullah bin Mübərak, İmam Əhməd, Abdurrahmən bin Mehdi, İbn M’in, ən-Nəsəi, İbnul-Mədini, Muslim bin əl-Həccəc, əl-Buxari, Əbu Davud, əl-Uqeyli, əd-Dəraqutni, əl-Beyhəqi, Əbu Hətim ər-Razi, Əbu Zura ər-Razi, İbn Əbi Hətim və daha bir çox imam bu hədisin münkər olduğunu deyiblər. İmam ən-Nəvəvi və Hafiz İbnul-Qayyim hədisin münkər olmasını dəstəkləyiblər. Münkər olmasının səbəbi isə budur ki, bu hədisi əl-Muğiradan otuzdan çox tabii rəvayət edib, lakin Hüzeyldən başqa heç kəs bu hədisdə “corab” sözünü zikr etməyib, hamısı xoflara məsh çəkdiyini zikr ediblər. Üstəlik Hüzeyldən bunu rəvayət edən Əbu Qeys saduqdur, alimlər xəta etdiyini deyiblər və sözsüz ki, Əbu Qeys kimi bir ravinin özündən güclü və siqa olan bu qədər raviyə müxalif olması onun xəta etdiyinin açıq-aşkar dəlilidir.
Daha sonra burada iki məqama diqqət çəkmək istəyirəm, çünki bu hədisi səhih sayıb onunla əməl edənlər bu iki məqama fikir vermirlər. Birinci məqam budur ki, əl-Muğira bin Şubənin bu hədisini hamı Sufyan əs-Səvri vasitəsilə rəvayət edir. Sufyan əs-Səvri isə özü rəvayət etdiyi bu hədisin xəta olduğuna şahidlik edib. əl-Beyhəqi rəvayət edir: “AbdurRahmən bin Mehdi dedi: “Sufyan əs-Səvriyə dedim: “Əgər mənə Əbu Qeysin Hüzeyldən rəvayət etdiyi hədisi rəvayət etsəydin səndən qəbul etməzdim. Bunun üzərində Sufyan dedi: “Hədis zəifdir” və ya “xətadır” və ya buna yaxın bir söz dedi.”[2] O zaman ravinin özünün zəif saydığı hədisi necə səhih saymaq olar?! İkinci məqam isə budur ki, bu hədisi səhih sayan alimlər bunu zəif sayan imamların bilməkləri yeni bir şeyi zikr etməyiblər. Lakin onların da çox gözəl şəkildə bildikləri bir şeyə əsaslanaraq hədisi səhih sayıblar. Daha sonra Şeyx əl-Qasiminin bu hədisi gücləndirmək üçün istifadə etdiyi sözlər bir çox elm əhlini təəccübləndirib. əl-Qasimi deyir: “Zikr olunanlar ilə hədisi zəif çıxarmağın qarşısında ət-Tirmizinin onun səhih sayması durur.”[3] əl-Qasiminin bu sözləri xətalıdir, belə ki, ət-Tirmizinin səhihləşdirməsi bu qədər imamın zəifləşdirməsi qarşısında heç nədir. ət-Tirmizi xüsusilə hədisləri səhih saymaqda yumşaq davrandığı üçün tənqid olunub.
Bu işin ustalarından olan Hafiz əz-Zəhəbi deyir: “Buna görə də alimlər ət-Tirmizinin (hədisi) səhih saymasına etimad etmirlər.”[4] əs-Səxavi “Fəthul-Muğis”də[5] ət-Tirmizi ilə əl-Həkimi səhih saymaqda güzəşt edən, yumşaq davranan alimlər arasında saymışdır. Cələlud-Din əs-Suyuti deyir: “ər-Rafi’inin kitabının təxricində əz-Zərkəşi deyir: “(əd-Diya əl-Məqdisinin hədisi) səhihləşdirməsi əl-Həkimin (hədisləri) səhihləşdirməsindən daha üstün məziyyətə sahibdir və o, ət-Tirmizi ilə İbn Hibbanın (hədisləri) səhihləşdirmələrinə yaxındır.”[6] Məhz buna görə də İmam ən-Nəvəvi deyir: “Hətta ət-Tirmizi “hədis həsəndir” söyləsə də, bu alimlərin sözü onun sözündən üstündür, hətta elm əhlinin ittifaqına görə bu alimlərdən istənilən biri təklikdə hədisi zəif saysaydı, onun sözü ət-Tirmizinin sözündən üstün sayılacaqdı.”[7]
əl-Qasimi kitabında ət-Tirmizi’nin hədisi səhih saymasına üstünlük verməsinin səbəbini belə izah edir: “çünki ət-Tirmizi bu nəsil alimlərdən sonra yaşamış alimdir və hədis haqqında deyilmiş hər bir şeydən xəbəri var idi və (bununla belə) hədisin səhih olmasını haqlı görmüşdür.” Sözsüz ki, belə bir səbəb əsassızdır, əgər əl-Qasiminin dediyi tutarlı olsaydı o zaman ət-Tirmizidən sonra yaşamış əl-Beyhəqi, əd-Dəraqutni, ən-Nəvəvi, İbnul-Qayyim kimi alimlərin bu hədisi zəif saymaqlarına üstünlük vermək daha münasib olardı, çünki onlar da ət-Tirmizi və İbn Hibbanın sözlərindən xəbərdar idilər. Üstəlik əlavə etməliyik ki, ət-Tirmizi və İbn Hibban bu hədisi səhih saysalar da hədisdən müasirlərin başa düşdükləri mənanı başa düşməyiblər.
\Belə ki, ət-Tirmizi bu hədisdən sonra coraba məsh çəkməyi caiz saymış alimlərin adlarını zikr edir və corabın qalın olmasını şərt kimi qeyd edir və onun sözləri qarşıda zikr olunacaq. Eynilə İbn Hibban “əs-Sahih” kitabında[8] bu hədisi yerləşdirdiyi babı “corablar səndəllər ilə birlikdə olarsa insana onlara məsh çəkməyin mübah olmasının zikri” adlandırmışdır. Beləliklə İbn Hibbana görə ayrılıqda coraba məsh çəkmək caiz deyildir, yalnız səndəl ilə birlikdə olduqda məsh çəkilə bilər. Bu isə müasirlərin anlayışına tamamilə ziddir. İbn Hibbanın bu görüşü həm də sələfdən əl-Həsən əl-Bəsrinin görüşüdür, belə ki, İbn Əbi Şeybə “əl-Musannəf”də deyir: “Həfs bizə Amrdan, o da əl-Həsəndən rəvayət edir. (Amr) dedi: “(əl-Həsən) deyərdi: “Corablar və səndəllər xuflar kimidir”. (Amr dedi) “və biri olmadan o birinə məsh çəkməyin doğru olmaması görüşündə idi.”[9] Yəni corabsız səndəllərə, səndəlsiz də corablara məsh çəkməyi caiz görməzdi.
İkinci: İbn Məcə deyir: “Muhamməd bin Yəhya bizə rəvayət etdi; dedi: Muallə bin Mənsur və Bişr bin Ədəm bizə rəvayət etdilər; dedilər: İsa bin Yunus bizə İsa bin Sinandan, o da əd-Dahhək bin Abdir-Rahmən bin Arzəbdən, o isə Əbu Musa əl-Əşaridən rəvayət edir ki, “Allahın elçisi ﷺ dəstəmaz aldı və corabları və səndəllərinə məsh çəkdi.”[10] Bu hədis də zəifdir. Əbu Davud bunu zikr edir və deyir: “Sənədi tam deyil və güclü də deyildir.”[11] ət-Tabərani “əl-Mucəm əl-Əvsət” kitabında hədisi zikr etdikdən sonra deyir: “Bu hədis Əbu Musadan yalnız bu isnad ilə rəvayət edilir. Bunu yalnız İsa rəvayət edib.”[12] İsa bin Sinan isə zəif ravidir. Hədisin zəif olduğunu həmçinin əl-Beyhəqi və ən-Nəvəvi söyləmişdir. Hətta bu iki hədisin səhih olduğunu qəbul etsək belə yenə dəlil sayılmaz. Bu, yalnız corablara məsh çəkməyin caiz olmasına dəlil olar, yoxsa hər növ coraba məsh çəkməyin caizliyinə dair dəlil olmaz. Çünki hədis peyğəmbərin ﷺ sözü deyil, onun felidir. Məlum olduğu kimi fel ümumilik ifadə etməz.
Üstəlik məlumdur ki, ləfzlər örfdə məlum olduğu mənalarına həml edilməlidir. Bu dediklərimizin təsdiqini ət-Tirmizinin sözlərində tapırıq, belə ki, ət-Tirmizi birinci hədisi zikr etdikdən və onu səhih saydıqdan sonra deyir: “Bu, birdən çox elm əhlinin görüşüdür; bu görüşü Sufyan əs-Səvri, İbnul-Mubərak, əş-Şəfi’i, Əhməd və İshaq qəbul ediblər və deyiblər: “Səndəllər olmasa belə əgər corablar sıxdırsa/qalındırsa onlara məsh çəkə bilər.” Beləliklə ət-Tirmizi coraba məsh çəkməyə icazə verən alimlərin görüşlərini səsləndirərək corabın qalın olmasını qeyd edir, çünki səhabə zamanında corablar xuflar kimi dözümlü və qalın corablar idi. Bizim müasir corablar o zaman mövcud deyildi. Digər tərəfdən isə hədis fərqli alimlər tərəfindən fərqli cür anlaşılmışdır. Misal üçün İmam əl-Beyhəqi deyir: “Ustaz Əbul-Valid (Allah ona rəhm etsin) corablara və səndəllərə məsh hədisini altı dəri qatla örtülmüş corablara məsh olaraq təvil etmişdir, yoxsa ayrılıqda bir corab və ayrılıqda bir səndəl deyildir. Bizə bunu ondan Əbu Abdilləh əl-Həfiz xəbər verdi və mən Ənəs bin Malikdən bunu dəstəkləyəcək bir əsər tapdım.”[13]
Üçüncü: İmam Əhməd deyir: “Yəhya bin Said əl-Qattan bizə Səvr bin Yezid əl-Kiləidən, o da Raşid bin Saddan, o da Səvbəndən belə dediyini rəvayət edir: “Allahın elçisi ﷺ bir əskər dəstəsi göndərdi. Onlara soyuq dəydi. Peyğəmbərin ﷺ yanına gəldikdə soyuğa tutulmaqları barədə ona şikayət etdilər. Onlara asaibə və təsəxinə məsh çəkməyi buyurdu.”[14]
“Asaib” əmmamələrdir. Bu hədisi dəlil gətirənlər hədisdəki “təsəxin” sözünü şahid qismində istifadə etmişdir. Onlar deyirlər ki, “təsəxin” ayağı isti saxlayan istənilən xuf və corabdır. Şeyx əl-Qasimi deyir: “Alləmə İbnul-Əsir “ən-Nihəyə” kitabında söyləyir: “… Təsəxin xuf, corab və bənzəri geyimlər kimi ayağı istiləşdirən hər bir şeydir …”[15] Beləliklə buna əsaslanaraq nazik corablara da məsh çəkməyi caiz görüblər. Buna biz belə cavab veririk. Hər şeydən əvvəl diqqətə çatdırmalıyıq ki, Şeyx əl-Qasimi bu sitatda xəta etmişdir, çünki İbnul-Əsir “ən-Nihəyə” kitabında belə bir söz söyləməmişdir. Kitabı təhqiq edən Şeyx Albaninin də nəzərindən onun bu xətası yayınmışdır. Əslində İbnul-Əsirin “ən-Nihəyə” kitabına baxdıqda görürük ki, orada “təsəxin” haqqında deyir: “Onlar xuflardır.”[16] Kitabın bir başqa yerində yenə eyni hədisin təfsirində deyir ki, “xuflardır.” Bunun ardınca çox maraqlı sözlər nəql edir: “Həmzə əl-İsfəhani “əl-Muvazənə” kitabında deyir: “Təsxən (farsca) “təşkən” sözünün ərəbləşmiş şəklidir və bu, başa qoyulan papaqlardan bir papağın adıdır. Bunu alimlər və məcusi hakimlər taxardılar, başqaları taxmazdı. “Təsəxin” sözü bir hədisdə keçib və bunun təfsirinə toxunanlar bunun xuf olduğunu söyləyiblər, çünki fars dilini bilməyiblər.”[17]
Həmzə əl-İsfəhaninin bu sözünün nə qədər dəqiq olduğunu söyləyə bilmərik, lakin nəzər saldığımız bütün lüğətlərdə, bütün “ğaribul-hədis” kitablarında “təsəxin” sözünün xuflar anlamında olduğu deyilir. Onlar sözün ərəb mənşəli olduğunu deyirlər. Ərəb dili elminin atası sayılan Xalil bin Əhməd (vəfatı hicri 170) “əl-Ayn” kitabında deyir: “Təsəxin xuflardır.”[18] Eyni sözü İmam Əbu Ubeyd əl-Qasim bin Səlləm (vəfatı h. 224) “Ğaribul-Hədis”də və İmam İbrahim bin İshaq əl-Hərbi (vəfatı h. 285) eyni adlı kitabında zikr edir[19]. Həmçinin əl-Əzhəri “Təhzibul-Luğa”da, Əbu Nəsr İsmail əl-Cəvhəri əl-Fərabi (vəf. h. 393) “əs-Sihah”da, İbn Fəris (vəf. h. 395) “Mucməlul-Luğa” və “Məqayisul-Luğa” adlı kitablarında, İbn Sidə əl-Mursi (vəf. h. 458) “əl-Muhkəm val-Muhit əl-Azəm”də, İbnul-Mənzur “Lisənul-Arab”da, Əbu Həfs Nəcmud-Din ən-Nəsəfi “Taləbətut-Taləbə”də, əz-Zəməxşəri “Əsəsul-Bələğa” və “əl-Fəiq” kitablarında, Burhənud-Din əl-Xavarazmi “əl-Muğrib”də, Zeynud-Din ər-Razi “Muxtərus-Sihəh”də, Əhməd əl-Fəyumi “əl-Misbəh əl-Munir”də, əl-Feyruzabadi “əl-Qamus əl-Muhit”də, Murtəda əz-Zəbidi “Təcul-Arus”da bunun xuflar olduğunu deyir. Həmçinin Əbu Bəkr İbn Dureyd əl-Əzdi (vəf. h. 321) deyir: “Bu hədisdə xuflar deməkdir.”[20] Bunlardan heç biri “təsəxin” sözünün corab anlamına gəldiyini söyləməyib. Həmzə əl-İsfəhani də qeyd edir ki, bu sözü təfsir etmiş bütün alimlər bunu xuflar kimi təfsir ediblər. Lakin əl-Qasiminin nəql etdiyi sözləri biz əl-Xattabi’nin “Ğaribul-Hədis” kitabında tapdıq. əl-Xattabi deyir: “Ərəblərin bir hissəsi xuflara “təsəxin” deyir…Bəziləri deyiblər: “Təsəxin xuf, corab və bənzəri geyimlər kimi ayağı istiləşdirən hər bir şeydir.”[21]
Gördüyümüz kimi əl-Xattabi bu sözlərin kimə aid olduğunu söyləmir, lakin bəzi kəslərin belə bir fikir səsləndirdiyini zikr edir. Bu fikir sahiblərinin kim olduğu bilinmir. Daha əvvəl təqdim etdiyimiz dil alimlərinin sözlərindən aşkar şəkildə anlaşıldı ki, “təsəxin” xuflardır, başqa bir şey deyildir. Şeyx Abdur-Rahmən əl-Mubərakfuri deyir: “Dil və ğarib alimlərinə görə “təsəxin”in xuflar olduğu aydınlaşdıqdan sonra bu hədisi mütləq olaraq corablara – istər qalın olsun, istərsə də nazik – məsh çəkməyin icazəli olmasına dair dəlil gətirmək doğru deyildir.”[22] Üstəlik hədisin səhih olub olmaması ixtilaflıdır. əl-Həkim, ən-Nəvəvi, İbn Abdil-Hədi və əz-Zəhəbi hədisi səhih sayıblar. Lakin Hafiz İbn Həcər “ət-Təlxis əl-Həbir” kitabında hədisin sənədinin tam olmadığını, qopuq olduğunu deyir[23]. Bir başqa kitabında deyir: “İsnadı qopuqdur, əl-Beyhəqi zəif sayıb və əl-Buxari deyib: “Səhih olmayan bir hədisdir.”[24] Həmçinin Hafiz Saləhud-Din əl-Aləi deyir: “Raşid bin Sad əl-Himsi; Əhməd bin Hənbəl dedi: “Səvbəndən (hədis) eşitməyib.”[25] Şeyx əl-Həsən bin Əhməd ər-Rubəi əs-Sanani hədisi zikr etdikdən sonra deyir: “İsnadında məqal vardır.”[26] Yəni isnadı tənqid olunub. Beləliklə İmam Əhməd qeyd edib ki, Raşid bin Sad Səvbəndən hədis eşitməyib. Bu, yalnız İmam Əhmədin görüşü deyildir. Bu, həm də əl-Hərbi və İbn Əbi Hətimin görüşüdür. Lakin İmam əl-Buxari “ət-Tərix əl-Kəbir”də[27] onun Səvbəndən eşitməsini isbat edir. İbn Abdil-Hədi, əl-Muğlətay, əz-Zeyləi və digərləri bu məsələdə əl-Buxari’ni haqlı sayıblar. İstənilən halda hədisin səhih olması ixtilaflıdır.
Bu üç dəlil Şeyx Cəmalud-Din əl-Qasiminin risaləsinin əsasını təşkil edir. Kitaba müqəddimə yazmış Şeyx Əhməd Şakir isə burada dördüncü bir dəlil də zikr etmişdir. Biz burada həmin dördüncü dəlili də zikr edirik:
Dördüncü: Hafiz Əbu Bişr əd-Dəvləbi deyir: “Əhməd bin Şueyb mənə Amr bin Əlidən onun belə dediyini xəbər verdi: Səhl bin Ziyad Əbu Ziyad ət-Tahhan mənə xəbər verdi; dedi: əl-Əzraq bin Qeys bizə rəvayət etdi; Ənəs bin Maliki dəstəmazını pozarkən gördüm, sonra üzünü və iki qolunu yudu və başına məsh çəkdi və yundan olan corablarına məsh çəkdi. Beləliklə ona dedim: “Onların üstünə məsh çəkirsən?” Dedi: “Onlar xuflardır, lakin sadəcə olaraq yundandırlar.”[28] Şeyx Əhməd Şakir burada Ənəsin corabları da xuf adlandırmasını dəlil gətirərək istənilən coraba məsh çəkməyin caiz olduğunu göstərməyə çalışmışdır. Lakin heç bir alim tarix boyu məsələni bu şəkildə anlamamışdır. Ərəb dilində də “xuf” və “corab” deyildikdə iki ayrı şey anlaşılır, əks təqdirdə ərəb dilini ən gözəl şəkildə bilən imamlarımız xuflara məsh çəkməyi caiz gördükləri halda corablar üzərində ixtilaf etməzdilər. Üstəlik ərəb dili alimləri nəzdində hədislər ərəb dili üçün dəlil təşkil etməz, çünki hədislər peyğəmbərin ﷺ və səhabələrinin sözləri olsa da onların çoxu məna ilə rəvayət edilib və rəvayət edənlərin arasında əcəmilər də çoxdur. Buna görə də ərəb dili alimləri hədisləri dəlil kimi qəbul etməyiblər və İbn Məlik kimi hədisləri ərəb dili qaydaları üçün dəlil kimi qəbul edənləri şiddətlə inkar ediblər. Bu barədə əs-Suyuti “əl-İqtirah” kitabında[29] gözəl izahat verib. Əksinə bu rəvayət corabların qalın olmasını şərt görənlər üçün iki tərəfdən dəlildir:
Birinci: Bu rəvayət açıq şəkildə göstərir ki, səhabə zamanında corablara məsh çəkmək məşhur deyildi, çünki xufların üzərinə məsh çəkilirdi və xufların üzərinə məsh çəkmək bir çox alimin isbat etdiyi kimi mütəvatir dərəcəsindədir. Lakin bu rəvayətdə gördüyümüz kimi Ənəsin corablarına məsh çəkməsi əl-Əzraq bin Qeysi təəccübləndirir və onu belə bir sual verməyə vadar edir. Ənəsin də cavabından anlaşılır ki, Ənəs burada əl-Əzraqın nə üçün təəccübləndiyini anlayırdı, məhz buna görə də cavabında corabları xuflara bənzətmişdir.
İkinci: Ənəs bin Malik burada ayağındakı yundan olan corabların da xuflarla eyni hökmdə olduğunu qəsd edir. Onun xufların bir başa corab olduğunu söyləməsi ərəb dilində istifadə olunan ifadə tərzidir ki, bəlağət elmində buna “istiarə” deyilir. Ya da bu, “təşbih bəliğ” da adlana bilər ki, burada bənzətmə ədatı düşürülərək bənzətmə edilmişdir. Ənəs bin Malik corabların da hökmdə xuflar kimi olduğunu deyir, lakin xuffun dəridən, corabların isə başqa materialdan olmasına işarə edir. Bu dediyimiz təsdiqləyən rəvayəti Abdur-Razzəq “əl-Musannəf” kitabında rəvayət edib: “Mə’mər bizə Qatədədən, o da Ənəs bin Malikdən xəbər verdi ki, o, corablarına məsh çəkərdi və dedi: “Bəli, xuflar kimi onun üstünə məsh çəkə bilər.”[30] Gördüyümüz kimi burada xufların corablar olduğunu yox, lakin onlar kimi olduğunu demişdir. Bizim bu dediklərimizi bir daha dəstəkləyən başqa bir rəvayət Ənəsin geyindiyi corabları bizim üçün vəsf edib. əl-Beyhəqi “əs-Sünən əl-Kubra” kitabında Raşid bin Nəcih’in belə dediyini rəvayət edir: “Ənəs bin Məliki ayaqyoluna daxil olarkən gördüm və ayaqlarında corab var idi ki, corabların altı dəri, üstü xəz idi, sonra onların üstünə məsh çəkdi.”[31] Hətta Şeyx Əhməd Şakirin dediyinin doğru olduğunu qəbul etsək belə bizə öz sözünün dəlil olmayacağını isbat edən elə Şeyx Əhməd Şakir özüdür, belə ki, bu əsəri dəlil gətirərkən deyir: “Bu (əsər) bəyan edir ki, xuffun mənası dəri olmasından daha genişdir və ayağı örtən və suyun daxil olmasına mane olan hər bir şeydir.”[32] Beləliklə də əgər xuff Şeyx Əhməd Şakirə görə suyun daxil olmasına mane olar və ayağı örtən hər bir şeydirsə müasir corablar heç bir vəch ilə bu tərifə daxil olmaz, çünki suyun nüfuz etməsinə heç cür əngəl təşkil etməz. Bu rəvayətlərin səhih və ya zəif olmasından asılı olmayaraq heç biri nazik coraba məsh çəkməyin icazəli olmasına dəlalət etmir. Üçüncü hədisin ümumiyyətlə corablara aidiyyatı yoxdur.
Digər rəvayətlərə gəldikdə isə onların dəlil sayıla bilməyəcəyini bir neçə yolla isbat etmək olar:
Birinci: Bu kimi rəvayətlərə üsul alimlərinin təbiri ilə “hikəyətul-həl” deyilir, yəni bu xəbərlər sadəcə olaraq bir halın, bir durumun haqqında verilən xəbərdir. Fiqh üsulu elminə görə isə bu cür müəyyən bir halı bizlərə xəbər verən rəvayətlər ümumilik ifadə etməz, yəni bunu hər bir coraba aid etmək olmaz. Alləmə əl-Kəməl İbn Huməm bu hədisin corablara məsh çəkilməsinə dair dəlil gətirilməsinə etiraz edərək deyir: “(əl-Mərğinəni’nin “əl-Hidəyə” kitabındakı “Əbu Hənifəyə görə corablar cildlə örtülmüş olmadıqda onlara) məsh çəkmək olmaz” sözləri (əl-Muğiranın) hədisinə müxalif deyildir, çünki (o hədis) bir halın hekayəsidir və ümumilik ifadə etməz…. beləliklə ona görə (yəni Əbi Hənifəyə görə) bu məna yalnız altı dəri qatla örtülmüş corablarda reallaşır, buna görə də hədisin həml edildiyi məna bu olmalıdır, çünki (hədis) bir halın vaqiəsidir və onda ümumilik yoxdur.”[33] Həmçinin İmam ən-Nəvəvi bu hədisə cavab verərkən deyir: “Hətta əgər səhihdirsə, o zaman dəlillərin arasını birləşdirərək (hədisdəki corabı) davamlı yeriməyə imkan verən növə həml edirik və üstəlik ləfzdə heç bir ümumi məna yoxdur ki, onun əsaslanılsın.”[34] Aləuddin əl-Kəsəni isə deyir: “Hədisə gəldikdə isə onların cildlə örtülmüş olması və ya altı dəri qabıqlı olması ehtimalı vardır və biz də bu görüşdəyik. Hədisdə ümumilik yoxdur, çünki bir halın hekayəsidir. Məgər görmürsən ki, nazik corablara aid deyildir?”[35] Bu dediyimizi daha dəqiq anlamaq üçün başqa bir misal verək. Bilalın xəbər verdiyi kimi Allahın elçisi ﷺ Kəbənin içində namaz qılmışdır. Məlumdur ki, namaz sözü həm nafilələrə, həm də fərzlərə aiddir. Lakin alimlər fərzin Kəbədə qılınmasına icazə vermirlər, çünki fel ümumilik ifadə etməz. Bir daha qeyd edirik ki, rəvayətlərdə bizə xəbər verilən sadəcə olaraq feldir, söz deyildir. Əgər söz olsaydı, yəni peyğəmbərimiz ﷺ “corablarınıza məsh çəkin!” buyursaydı bunun bütün corablara aid olduğunu deməyin bir əsası olardı, çünki məlum olduğu kimi bu cür əmrlər ümumilik ifadə edir. Lakin fellər fiqh-üsulu elmindən öyrəndiyimiz kimi özlüyündə ümumilik ifadə etmir. Məhz buna görə də Şeyx Muhəmməd Əşrəf əl-Azimabadi deyir: “Bəli, əgər hədis qövli (ləfzi) olsaydı, yəni ki, peyğəmbər ﷺ “corablara məsh çəkin!” desəydi bunun ümumiliyini corabın bütün növləri üçün dəlil göstərmək olardı və əgər belə deyilsə olmaz.”[36] Yəni hədis qövli (sözlü) hədis olmadığı üçün, beləliklə də ondan bir ümumilik olmadığı üçün onu hər növ coraba dəlil gətirmək olmaz. Eynilə məşhur üsulçu alim Əbu Bəkr əl-Cəssas deyir: “Əgər desələr ki, əl-Muğira bin Şubə və Əbu Musa (əl-Əşari) rəvayət ediblər ki, peyğəmbər ﷺ corablara və səndəllərə məsh çəkib, o zaman (buna cavab olaraq) deyərik ki, o corabların dəri ilə örtülü olması ehtimalı da vardır. Beləliklə də onun ixtilaf etdiyimiz mövzuya heç bir dəlaləti yoxdur, çünki ləfzin ümumiliyi ilə gəlməyib, sadəcə olaraq bir felin hekayəsidir və (məsh çəkdiyi corabların necəliyini) bilmirik.”[37]
İkinci: Şəriət mətnlərindəki hər bir söz şəriətin nazil olduğu dövrdə mövcud olan həqiqətə aid edilməlidir. Daha sonrakı dövrlərdə ortaya çıxan yeni həqiqətlər o sözün əhatə dairəsinə daxil olmaz. Şeyx Muhamməd bin Muhamməd əl-Muxtər əş-Şənqiti corabın qalın olmasını şərt qoşanların görüşlərini izah edərkən deyir: “Çünki nazik və şəffaf corablar peyğəmbərin ﷺ zamanında mövcud deyildi, onlar yalnız qalın corablar geyinərdilər və onlarda gəzərdilər.”[38]
Bizə bu məqaləni yazmağa müvəffəq edən Allaha həmd olsun! Peyğəmbərlərin sonuncusu, bəşəriyyətin ən xeyirlisi olan Məhəmmədə, onun pak ailəsinə, səhabələrinə salam və salavat olsun!
[1] Bunu İbn Əbi Şeybə (1/188), Əbu Davud (159), ət-Tirmizi (99), İbn Məcə (559), ən-Nəsai “əl-Kubra”da (130) rəvayət edib
[2] “əs-Sünən əl-Kubra”, səh: 1/425
[3] “əl-Məshu aləl-Cəurabeyn”, səh: 29; əl-Məktəb əl-İsləmi, üçüncü nəşr: 1399/1979, Beyrut
[4] “Mizənul-İtidəl”, 3/407; Darul-Mərifə, birinci nəşr: 1382/1963, Beyrut
[5] Bax: “Fəthul-Muğis bi Şərhi Əlfiyyətil-Hədis”, 4/360; Məktəbətus-Sünnə, birinci nəşr: 1424/2003, Misir
[6] “əl-Ləəli əl-Məsnua”, 1/30; Dar əl-Kutubil-İlmiyyə, birinci nəşr: 1417/1996, Beyrut
[7] “əl-Məcmu Şərh əl-Muhəzzəb”, 1/500
[8] “əl-İhsən fi Təqribi Sahih İbn Hibbən”, 4/167; Muəssəsətur-Risələ, birinci nəşr: 1408/1988, Beyrut
[9] “əl-Musannəf”, 1/173; Məktəbətur-Ruşd, birinci nəşr: hicri 1409, Riyad
[10] İbn Məcə (560); ət-Tahavi, “Şərh Məanil-Əsər”, 1/97
[11] “Sünən Əbi Davud”, (159)
[12] “əl-Mucəm əl-Əvsət”, 2/24; Dar əl-Hərameyn, Qahirə
[13] “əs-Sünən əl-Kubra”, 1/427; Dar əl-Kutub əl-İlmiyyə, üçüncü nəşr: 1424/2003, Beyrut
[14] Əhməd (5/277); Əbu Davud (146)
[15] “əl-Məshu aləl-Cəurabeyn”, səh: 23; əl-Məktəb əl-İsləmi, üçüncü nəşr: 1399/1979, Beyrut
[16] “ən-Nihəyə fi Ğaribil-Hədis”, 1/189; əl-Məktəbə əl-İlmiyyə, 1399/1979, Beyrut
[17] Eyni mənbə: 2/352
[18] “əl-Ayn”, 4/332;
[19] əl-Qasim bin Səlləm, “Ğaribul-Hədis”, 1/187; Mətbəətu Dairatul-Məarif əl-Usməniyyə, birinci nəşr: 1384/1964, Heydərabad; İbrahim əl-Hərbi, “Ğaribul-Hədis”, 3/1034; Ummul-Qura, birinci nəşr: 1405, Məkkə
[20] “Cəmhəratul-Luğa”, 1/600; Darul-İlmi lil-Mələyin, birinci nəşr: 1987, Beyrut
[21] “Ğaribul-Hədis”, 2/61; Darul-Fikr, 1402/1982
[22] “Tuhfətul-Əhvazi”, 1/287; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut
[23] Bax: “ət-Təlxis əl-Həbir”, 1/156; Muəssəsə Qurtubə, birinci nəşr: 1416/1995, Misir
[24] “əd-Dirayə fi Təxrici Əhədisil-Hidəyə”, 1/72; Darul-Mərifə, Beyrut
[25] “Cəmi ət-Təhsil fi Əhkəmil-Mərasil”, səh: 174; Dar Aləmil-Kutub, ikinci nəşr: 1407/1986, Beyrut
[26] “Fəthul-Ğaffər əl-Cəmi”, 1/97; Dar Aləmil-Fəvaid, birinci nəşr: hicri 1427
[27] “ət-Tərix əl-Kəbir”, 3/292; Dairatul-Məariful-Usməniyyə, Heydərabad
[28] əd-Dəvləbi, “əl-Kunə val-Əsmə”, 2/561; Dar İbn Həmz, birinci nəşr: 1421/2000, Beyrut
[29] Bax: “əl-İqtirah fi İlmi Usulin-Nəhv”, səh: 89-99; Dar əl-Mərifətul-Cəmiiyyə, 1426/2006, Misir;
[30] Abdur-Razzəq, “əl-Musannəf”, 1/200
[31] “əs-Sünən əl-Kubra”, 1/428; Dar əl-Kutub əl-İlmiyyə, ikinci nəşr: 1424/2003, Beyrut
[32] “əl-Məsh aləl-Cəurabeyn”, səh: 13
[33] “Fəthul-Qadir”, 1/156-157; Darul-Fikr
[34] “əl-Məcmu Şərh əl-Muhəzzəb”, 1/500
[35] “Bədəius-Sanəi fi Tərtibiş-Şərai”, 1/10; Dar əl-Kutub əl-İlmiyyə, ikinci nəşr: 1406/1986, Beyrut
[36] “Avnul-Məbud”, 1/187-188; Dar əl-Kutubil-İlmiyyə, ikinci nəşr: 1415, Beyrut
[37] əl-Cəssas, “Əhkəmul-Quran”, 2/440; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1415/1994, Beyrut
[38] “Şərh Zədil-Mustəqni”, səh: 214;
