Müasir corablara məsh çəkməyin hökmu (Fiqh məktəblərin görüşləri)
Rəhimli və Mərhəmətli Allahın adı ilə! Müsəlmanın namazı və dəstəmazı ilə əlaqəli olan bütün məsələlər çox böyük əhəmiyyət kəsb edir. Dəstəmaz və namazla bir-başa bağlı olan məsələlərdən biri də məstlərə məsh çəkmək məsələsidir, daha dəqiq desək nazik corablara məsh çəkməklə bağlıdır. Əziz və dəyərli müsəlman! Bil ki, islam ümmətin müctəhid fəqihləri və alimləri xuflara və məshlərə şərtlər qoyublar. Biz bu məqaləmizdə mövzumuzla əlaqədar olan şərtləri zikr edəcəyik. Beləliklə bu şərtlərdən hansının üzərində ittifaq olduğunu və hansı şərt haqqında ixtilaf edildiyini bəyan edəcəyik və bunu edərkən islam dininin mötəbər qaynaqlara əsaslanacağıq. İlk öncə bu şərtləri sadalayaq:
- Fərz olan hissəni örtməsi
- Suyun ayağa çatmasının qarşısını alması
- Heç bir bağa və ya ipə ehtiyac olmadan ayaqda durması və onlarla davamlı yeriməyin mümkün olması.
Sözsüz ki, şərtlər bununla bitmir, lakin bizim mövzumuzla bağlı olan, daha doğrusu corabın keyfiyyəti ilə bağlı olan şərtlərdən ən əhəmiyyətlisi bunlardır. Ayağın fərz olan hissəsinin örtülməsini dörd məzhəbin alimləri şərt görüblər, lakin onlar deşiyi olan, yırtılmış məstlər haqqında ixtilaf ediblər. Beləliklə bu şərtdə ixtilafın olduğunu bilirik. Corabların heç bir kənar dəstək olmadan ayaqda durması şərti üzərində də ixtilaf edilib. Gəzməyə yararlı olması və qalın olması şərti isə bütün məzhəblərin və alimlərin üzərində ittifaq etdikləri bir şərtdir. Məzhəblərin bu barədə görüşləri ilə tanış olaq:
Hənəfi məzhəbi
Hənəfi alimlərindən Əbul-Həsən əs-Suğdi (v. h. 461) deyir: “Corablara məsh çəkməyə gəldikdə isə, əş-Şafiyə görə onlar məsh yerinə qədər dəri ilə örtülü olmadığı təqdirdə onlara məsh çəkmək caiz deyildir. Əbu Hənifəyə görə isə altı dəri qat ilə örtülü olmadığı təqdirdə məsh çəkmək caiz deyildir. Əbu Yusuf, Muhamməd və Əbu Abdilləhə görə isə (corab) sıxdırsa/qalındırsa çəkmək olar.”[1] Məşhur hənəfi alimi Alləmə əs-Səraxsi deyir: “(əl-Həkim) dedi: “Corablara məsh çəkməyə gəldikdə isə, əgər qalındırsa və altında dəri qat varsa onlara məsh çəkmək caizdir,” çünki səfərdə onlarla davamlı yürümək mümkündür, lakin nazikdirsə onlara məsh çəkmək olmaz … Əgər qalındırsa, lakin altında dəri qat yoxdursa Əbu Hənifəyə (Allah ondan razı olsun) görə məsh çəkmək olmaz, çünki səfərdə onlarla davamlı yerimək mümkün deyildir, beləliklə nazik corab kimi olur. Əbu Yusuf və Muhammədin (Allah ona rəhm etsin) görüşünə görə isə onlara məsh çəkmək olar.”[2] Hənəfi alimlərindən Burhənuddin Əbul-Həsən əl-Mərğinəni deyir: “(Əbu Yusuf və Muhamməd əş-Şeybəni) deyir: (corablar) əgər qalındırsa və (dərini) göstərmirsə (onlara məsh çəkmək) caizdir, çünki rəvayət edildiyi kimi peyğəmbər ﷺ corablara məsh çəkib və çünki qalın olduqda onlarla gəzmək mümkündür..,”[3] Məcdud-din Əbul-Fədl əl-Məusili deyir: “Əgər qalındırsa və ya dəri ilə örtülüdürsə və ya dəri altlığı varsa corablara (məsh çəkmək) icazəlidir.”[4] Alləmə Əbul-Həsən Əhməd əl-Quduri deyir: “Əbu Hənifəyə görə (Allah ona rəhm etsin) corablar cildlə örtülmüş və ya dəri altığa sahib olmadıqda məsh çəkmək olmaz. Əbu Yusuf və Muhamməd isə (Allah ona rəhm etsin) dedilər ki, əgər qalındırsa və (dərini) göstərmirsə məsh çəkmək olar.”[5]
Qeyd: Hənəfilərdə bu məsələdə fətva Əbu Yusuf və Muhamməd əş-Şeybəninin görüşü üzərindədir.
Maliki məzhəbi
Maliki fəqihlərinə gəldikdə isə onların məzhəbinə görə coraba ümumiyyətlə məsh çəkmək olmaz, yalnız altı da, üstü də dəri ilə örtülmüş corablara məsh çəkməyə icazə verirlər. Lakin onlar da gəzməyə yararlı olmasını şərt qoşurlar. Şeyx Xəlil öz müxtəsərində malikilərin tələb etdikləri şərtləri sayır: “… o şərtlə ki, dəri olmalı, təmiz olmalı, tikilmiş olmalı, (ayağın) fərz yerini örtməli və onunla davamlı gəzməyə imkan verməlidir.”[6]
Şafi’i məzhəbi
Şafi’i alimlərinin bir qismi corabın dəri altlığının olmasını şərt görür, bir qismi isə bunu şərt görmür, lakin qalın və möhkəm olmasını şərt görür. Əbu İshaq əş-Şirazi deyir: “Əgər corab geyinərsə iki şərtlə məsh çəkməsi caizdir, birinci: qalın və sıx olmalı, dərini göstərməməlidir. İkinci: altı dəri qatla örtülməlidir.”[7] İmam ən-Nəvəvi bu sözlərin izahında deyir: “əş-Şafi (Allah ondan razı olsun) müəllifin qeyd etdiyi kimi “əl-Umm” əsərində bu barədə demişdir ki, corablara məsh çəkmək o şərtlə caizdir ki, corablar qalın, sıx və altı sərt qabıqla örtülü olsun. Bu görüşü bir qrup alim mənimsəmişdir, onların arasında əş-Şeyx Əbu Həmid, əl-Məhamili, İbn Sabbağ, əl-Mutəvalli və başqaları vardır. əl-Muzəni isə (əş-Şafidən) nəql edir ki, corablara məsh çəkmək yalnız ayaqları tam örtəcək şəkildə dəridən hazırlandığı halda caizdir. əl-Qadi Əbu Tayyib dedi: Corablara məsh çəkmək yalnız o vaxt caizdir ki, corablar ayağın fərz olan hissəsini tam şəkildə örtsün və onlar (çöldə) gəzmək üçün yararlı olsun. Dedi: əl-Muzəninin ondan (əş-Şafidən) nəql etdiyi “yalnız ayaqları örtəcək şəkildə dəridən hazırlandığı halda” sözü əslində bir şərt deyildir, lakin əş-Şafi (Allah ondan razı olsun) bunu qeyd etməsinin səbəbi budur ki, əksər hallarda corab yalnız ayaqları örtəcək şəkildə dəridən hazırlandığı halda (çöldə) gəzmək üçün yararlı olur. Bu, əl-Qadi Əbu Tayyibin sözləridir və muhaqqiqlərdən bir çox alimlər bunun bənzərini söyləmişdir. “əl-Havi” və “əl-Bəhr” əsərlərinin sahibləri və bu ikisindən başqaları isə başqa bir görüş nəql edirlər və onlara görə corablar (çöldə) gəzməyə yararlı olacaq şəkildə qalın olsa belə, bütün ayaq boyu dəri ilə örtülmədiyi halda ona məsh çəkmək caiz deyildir. Lakin səhih və doğru olan əl-Qadi Əbu Tayyibin, əl-Qaffalın və mühəqqiqlərdən bir çox alimin qeyd etdiyi görüşdür, yəni necə olmasından asılı olmayaraq (çöldə) gəzməyə yararlı olduğu halda, məsh çəkmək caizdir, əks təqdirdə caiz deyildir. Bunu bu şəkildə əl-Furabi “əl-İbanə” kitabında bütün əshabımızdan nəql etmişdir və demişdir: “Əshabımız dedi: Əgər corablar (çöldə) gəzmək üçün yararlıdırsa, onların üzərinə məsh çəkmək olar, əks təqdirdə olmaz … . Bizim məzhəbimizə görə səhih olan budur ki, əgər corab gəzməyə yararlı olacaq şəkildə qalındırsa, ona məsh çəkmək caizdir, əks halda caiz deyildir … Bizim əshabımız dəlil gətirir ki, ayağa geyinilən corab ayağın fərz olan hissəsini örtərək gəzmək üçün yararlı ola bilər və bunda xufa bənzəyir. Corabın dəridən və ya başqa materialdan hazırlanmasında bir problem yoxdur.”[8] ən-Nəvəvi başqa yerdə deyir: “Əshabımız və əş-Şafi’nin (Allah ondan razı olsun) sözləri ittifaq edir ki, xuffun möhkəm olması və onlarla davamlı gəzməyin mümkün olması şərtdir.”[9] Xufların möhkəm olması və gəzməyə yararlı olması şərt olduğu kimi corablarda da şərtdir və aydın olduğu kimi şafi’ilərdə bu barədə heç bir ixtilaf yoxdur. Digər şafi’i alimi Əbul-Hüseyn Yəhya əl-İmrani əl-Yəməni deyir: “Əgər corabla gəzmək mümkün deyilsə, misal üçün altı dəri qatla örtülməyibsə və ya örtülüb, lakin nazik parçalardan hazırlanıb, o mənada ki, gəzəndə yırtılır, beləsinə məsh çəkmək olmaz. Bu, bizim məzhəbimizdir və həm də Malik və Əbu Hənifənin görüşüdür.”[10] ən-Nəvəvi “ər-Ravda” kitabında deyir: “Yun və libddən hazırlanmış lifəfələr və corablara məsh çəkmək olmaz, həmçinin cilddən hazırlanmış və çarıqla birlikdə geyinilən corablara da – və bunlar sufilərin corablarıdır – gəzməyə yararlı olmayana qədər və suyu keçirməyənə – əgər bunu şərt görürüksə – qədər məsh çəkmək caiz deyildir.”[11] Libd yun materialdır, bunu hazırlamaq üçün yunu toplayıb isladırlar, sonra yastılanıb bərkiyənə qədər ayaqlar altında tapdalanır, necə ki, bunu İbn Battal ər-Rukəbi “ən-Nəzm əl-Mustə’zəb” kitabında[12] deyir. Lifəfə isə ayağa corab əvəzi sarılan parçalardır.
Qeyd: Şafi’i məzhəbində xufların və corabların su keçirməməsi də etibara alınan bir şərtdir.
Hənbəli məzhəbi
Hənbəli alimlərinə gəldikdə isə İbn Qudəmə deyir: “Əhməd bir yerdə deyib: Corab sıx və qalın olmadığı təqdirdə ona məsh çəkmək keçərli deyildir və xuflar kimi ayağında durmalı və cırılmamalıdır. Onlar (yəni səhabələr) yalnız ona görə corablara məsh çəkirdilər ki, çünki corablar onlara görə xuflarla eyni idi, ayaqda xuffun yerini verirdi, insan onunla gedib gələrdi.”[13] Yəni corablar xufların daşıdığı vəzifəni daşımalıdır və xuflar kimi corablar da dözümlü və qalın olmalıdır. Bu şərt bütün hənbəli alimlərinin üzərində razılaşdıqları bir şərtdir. Corabların qalın və sıx olmasını və onlarda yeriməyin mümkün olmasını söyləyirlər. əl-Xiraqi deyir: “Həmçinin yeridikdə (ayaqdan) düşməyən qalın və sıx corab da; əgər səndəl ilə ayaqda durursa ona məsh çəkə bilər, lakin səndəllərini çıxarsa dəstəmazı pozulacaq …”[14] əl-Xiraqinin burada və həmçinin əksər fəqihlərin kitablarında corabı vəsf etmək üçün istifadə etdikləri söz “safiq” sözüdür ki, Cəməluddin Əbul-Məhəsin Yusuf ibn Abdilhədi bu barədə deyir: “Safiq ilə qəsd olunan arxasındakını göstərməyəndir və bədənin dərisini vəsf etməyəndir.”[15] Şəmsuddin əz-Zərkəşi bu şərt haqqında danışarkən deyir: “Üçüncü şərt: onda yeriməyin mümkün olması; əgər çox dar olması və ya dəri altlığının yeni olması və ya incə şüşə kimi sınması səbəbilə (onlarla gəzmək) mümkün olmazsa məsh çəkmək də olmaz, çünki (şəri mətnlərdə) bu qeyd olunmur və qeyd olunmuşlarla da eyni mənada deyildir.” Yəni bu cür məstlər haqqında şəriət mətnlərindən heç bir şey gəlməyib və xuf kimi haqqında dəlil gələn məstlərlə eyni mənada deyildir, tamamilə fərqlidir. Daha sonra əz-Zərkəşi yuxarıda əl-Xiraqidən sitat gətirdiyimiz sözlərin şərhində deyir: “Adətən geyinilən xuflar qalın olduğu üçün və yeridikdə ayaqdan düşmədiyi üçün (əl-Xiraqi) bu iki şərti orada açıq şəkildə zikr etmədi. Corab da – və o, isti saxlamaq üçün geyinilən yun örtüdür – bəzən istifadə edildiyi üçün bu şəkildə bunu şərt olaraq açıq şəkildə bildirmişdir.”[16] Həmçinin Nuruddin Əbu Talib əd-Dərir deyir: “Coraba məsh çəkmək yalnız xufda zikr etdiyimiz iki şərtlə icazəlidir. Birincisi, sıx və qalın olmalıdır, ayaqdan heç bir şeyi göstərməməlidir. İkinci isə onlarda davamlı yerimək mümkün olmalıdır.”[17] İmam əş-Şərif İbn Əbu Musa əl-Həşimi deyir: “Curmuqlara və dəri ilə örtülmüş və ya örtülməmiş corablara – əgər qalın və sıxdırlarsa – və əmmamələrə və baş örtülərinə məsh çəkmək caizdir.” Daha sonra deyir: “Əgər xuflarda cırıq varsa və oradan ayaq görünürsə onlara məsh çəkmək olmaz, lakin xufların içində ayağına qalın və sıx corab geyinmiş olması istisnadır, o zaman məsh çəkmək keçərlidir.”[18] Curmuq isə adi xufların üstündən geyinilən boğazı qısa xufdur. Nəsiruddin əs-Səmuri deyir: “Əgər corab nazikdirsə, dərini vəsf edirsə və ya ayaqdan düşəcək qədər genişdirsə, onlara məsh çəkmək olmaz.”[19] Alləmə İbn Qudəmə deyir: “Coraba məsh çəkmək yalnız xufda zikr etdiyimiz iki şərtlə icazəlidir. Birincisi, sıx və qalın olmalıdır, ayaqdan heç bir şeyi göstərməməlidir. İkinci isə onlarda davamlı yerimək mümkün olmalıdır.”[20] Şərəfuddin əl-Həccəvi deyir: “Onlarda örfdə qəbul olunduğu qədər yeriməyin mümkün olması şərtdir.”[21] əl-Mərdəvi “əl-İnsaf” kitabında deyir: “Qeyd: onun “corab nazik olarsa, ayağı vəsf edirsə və ya gəzdikdə ayaqdan düşürsə” sözünə gəldikdə, heç bir ixtilaf yoxdur ki, belə corablara məsh çəkmək olmaz.”[22]
Qeyd: Hənbəli məzhəbindəki səhih görüşə görə corabların suyu keçirməməsi şərt deyildir. əl-Buhuti deyir: “Üçüncü şərt: Örfə qəbul edildiyi qədər onlarda gəzməyin mümkün olması, suyun keçməsinin qarşısını alması (şərt) deyildir.”[23] Bu sözün eynisini Şeyx Mustafa ər-Ruheybəni “əl-Ğayətul-Muntəhə” kitabının şərhində zikr edir.
Corabların gəzməyə yararlı olması deyildikdə nə qəsd olunur?
Fəqihlər bu şərti zikr etdikdə ilk olaraq corabların və ya xufların gəzməyə mane olacaq qədər geniş olmamasını qəsd edirlər. Çünki corab geniş olduqda gəzdikdən ayaqdan çıxır. İkinci olaraq gəzməyi çətinləşdirməyən corablar olmasını qəsd edirlər, yəni əgər ayağa geyinilən şüşədən və ya taxtadan və ya metaldandırsa və gəzdikdə çox əziyyət verirsə belələri də şərti ödəmiş sayılmaz, çünki ayağa geyilən xufların və corabların məqsədini ödəmir. Üçüncü isə müəyyən məsafə və ya müəyyən müddət ərzində gəzdikdə ayaqdakı corabların və ya xufların şərtləri ödəyəcək qədər salamat qalmasını qəsd edirlər. Əbul-Fərac əl-Məqdisi deyir: “Əgər özlüyündə ayaqda qalmırsa, beləki yeridikdə ayaqdan düşürsə onlara məsh çəkmək olmaz, çünki ehtiyacın geyinməyi tələb etdiyi (ayaq geyimləri) gəzməyə imkan verənlərdir.”[24]
Gəzməyə yararlı olması üçün tələb olunan məsafə və ya vaxt nə qədərdir? Bu barədə də məzhəblər ixtilaf ediblər. İbn Nuceym “əl-Bəhrur-Raiq” kitabında deyir: “Qadi Xan fətvalarında deyir: “sonra üzərinə məsh çəkməyin caiz olduğu xuff məsafəni qət etmək üçün və adətə uyğun olaraq davamlı gəzmək üçün yararlı olandır.” Bu kitaba haşiyə yazmış İbn Abidin deyir: “Baxaq bununla qəsd olunan nədir? Etibara alınan xuffun özü ilə məsafəni qət etməkdirmi, yəni (üstündən) çarıq geyinmədən buna yararlı olmasıdırmı yoxsa bizim zamanımızda adət etdiyimiz kimi üstündən çarıq geyinərək buna yararlı olmasıdır? Çoxdan bu məsələ üzərində görüş bildirməkdən çəkindik və çoxlu araşdırmağımıza və səy göstərməyimizə baxmayaraq bu barədə heç bir nəql tapa bilmədik. Lakin şeyximiz dedi: “Alimlərin izahlarında və dəlillərində işlətdikləri sözlərindən ilk ağla gələn budur ki, etibara alınan özü ilə məsafəni qət etməyə yararlı olanlardır. Buna əsasən insana öz xuffunun halını yoxlaması vacibdir, çünki ola bilsin ki, altı nazikdir və o, çarıqla birlikdə onda günlərlə gəzir və deşilmir. Əgər fərz etsək ki, çarıq olmadan təkcə onunla gəzsə yırtılarsa, o zaman ona məsh çəkmək olmaz. İnsanlar isə bundan qafildirlər, belə ki, onlar üç barmaq böyüklüyündə cırılmayana qədər məsh çəkməyə davam edirlər, halbuki bundan əvvəl etibara alınan müddətdə onunla gəzmək mümkün deyildir. Həmin kəsə cırılmadan öncə və sonra bunu nəzərə alması lazımdır ki, təharətsiz namaz qılmasın.”[25] Əgər hal İbn Abidinin zamanında belə idisə bizim zamanımızda diqqətsizlik inanılmaz həddə çatıb. əl-Həskəfi “əd-Durrul-Muxtər” kitabında ət-Timurtəşinin “Tənvirul-Əbsar” kitabındakı “qalın (corablar)” sözünü izah edərək deyir: “belə ki, bir fərsəx gedə bilsin və ayağında özlüyündə qalsın…”[26] Həmçinin İbn Abidin yenə “Minhətul-Xaliq” haşiyəsində bir başqa hənəfi alimi İbrahim əl-Hələbidən nəql edərək deyir: “əgər qalın olarsa; o qədər qalın ki, nə altı, nə də başqa yeri dəri qatla örtülmədən onunla bir fərsəx getmək mümkün olsun.”[27] Bir fərsəx isə üç mildir və bu, təxminən 6 kilometrdən bir az azdır.
Şafi’i alimlərindən Əbu Bəkr əl-Hisni deyir: “Şeyx Əbu Muhamməd dedi: “Davamlı gəzməyin həddi dəqiq ölçü ilə yox, lakin təqribən namazı qısaltmağa imkan verən məsafədir. Şeyx Əbu Həmid isə dedi: “Üç mil ilə hesablanır.” Birinci görüş mötəməddir.”[28] Digər Şafi’i alimi İbn Həcər əl-Heytəmi deyir: “Sonra müsafir və muqim üçün vacib olan geydiyi müddətdə ehtiyacları üçün (xuff və ya corab ilə) səndəlsiz gedib gəlməyin mümkün olmasıdır və bu müddət müsafir üçün üç gün, üç gecədir və muqim üçün bir gün, bir gecədir. Beləliklə yaxın məsafədə yeridikdə yırtılıb cırılan naziklərə (məsh çəkmək) keçərli deyildir.”[29] Digər şafi’i alimi Şihəbuddin ər-Ramli deyir: “Xufda möhkəm olması şərtdir, belə ki, adətdə cərəyan etdiyi kimi bir yerdə dayandıqda və sonra yoluna davam etdikdə müsafirin ehtiyaclarında gedib gəlməsi üçün möhkəmliyinə görə onlarda (yəni xuflarda) davamlı gəzməsi mümkün olmalıdır, hətta onu geyinən oturaq halda olsa belə əgər namazı qısaltmağa imkan verəcək bir səfərdə müsafirdirsə üç gün, üç gecə müddətində, muqimdirsə ehtiyacı üçün bir gün, bir gecə müddətində (xufları gəzmək üçün yararlı olmalıdır). Burada göründüyü kimi çətinlik və asanlıqda yerdəki torpaq qatının orta ölçülü olması nəzərə alınmalıdır. Möhkəmlik ilə qəsd olunan bütün bu qeyd olunanların başmaqsız tək xuflarla baş verməsidir, çünki əgər başmaq ilə birlikdə etibara alınsaydı xufların əksəriyyəti ilə tələb olunan hasil olardı. Yaxın məsafədən yırtılan naziklər(ə məsh çəkmək) keçərli deyildir.”[30] əl-Xatib əş-Şirbini məsh üçün yararlı olması müddətini təyin edərkən deyir: “Möhkəm olmalıdır ki, möhkəmliyinə görə müsafir (səfərdə) adətdə görüldüyü kimi durduqda və yenidən yola düşdükdə ehtiyaclarını qarşılamağa görə gedib gəlməsi üçün gəzməyə yararlı olmalıdır, hətta oturaq halda olsa belə (xufların möhkəm olması şərtdir). Xuflarda gəzməyə tələb olunan müddət barəsində ixtilaf ediblər; əl-Məhəmili bunu üç də daha çox gecə olaraq müəyyənləşdirib və əl-İsnəvi “ət-Tənqih”də onunla razılaşıb. (əl-İsnəvi) “əl-Muhimmət” kitabında deyir: “Mötəməd olan Şeyx Əbu Həmidin təqribən namazı qısaltmaq məsafəsi olaraq təyin etdiyidir. İbnun-Nəqib dedi: “Əgər üç gün, üç gecə durduğu mənzillər olaraq müəyyən etsəydi uzaq bir görüş olmazdı.”[31]
Fəqihlərin sözlərin adətdə cərəyan etdiyi kim qeyd etməklərin faydası budur ki, tələb olunan bütün səfər məsafəsini piyada qət etmək deyildir, çünki adətən insanlar səfər məsafəsini piyada qət etmirlər. Lakin qəsd olunan budur ki, miniklə səfər yolunda olduqda durduğu, minikdən düşdüyü yerlərdə ehtiyacını qarşılamaq üçün ehtiyac duyduğu qədər ayaqla gəzmək məsafəsidir. Bu isə sözsüz ki, səfər məsafəsindən çox azdır, lakin təqribidir və dəqiq bir ölçü qeyd olunmayıb. Hənəfi alimləri bu məsələdə işi daha da asanlaşdıraraq yuxarıda zikr olunduğu kimi bu məsafəni bir fərsəx olaraq təyin ediblər. Sözsüz ki, burada qəsd olunan ayaqqabısız gəzməkdir, yoxsa ayaqqabı ilə gəzməyə demək olar ki, bütün corablar yararlıdır. Buna görə də əl-Fəqih İbn Həcər əl-Heytəmi İmam ən-Nəvəvi’nin “əl-Minhəc”dəki “onda davamlı gəzmək mümkün olmalıdır” sözlərini şərh edərək deyir: “Çox zaman ehtiyac duyduğu hacətləri üçün məsh çəkmək istədiyi müddətdə ayaqqabısız (gəzmək mümkün olsun) və bu, muqim üçün bir gün, bir gecədir və müsafir üçün üç gündür.”[32] əş-Şirvani isə bu sözləri haşiyəsində belə şərh edir: “Tibə’ sözü burada adətə uyğun olaraq insanların çoxca gəzdiyi yerlərdə (gəzməkdəki) davamlılıqdır. Daşlı, kəsəkli yol fərqlidir, çünki daşlarının çox olması səbəbi ilə (gəzmək) çətindir.” Yəni davamlı gəzməyə yararlı olması deyildikdə burada mötədil yollar qəsd olunur, yoxsa asfalt yollarda xuflarla da gəzdikdə onlar tez cırılacaq. Buna diqqət etmək lazımdır.
Hənbəli alimlərindən Şeyxul-İslam İbn Teymiyyə deyir: “Əgər nazikdirsə, iki və ya üç gündə yırtılırsa və ya özü ayaqda durmursa ona məsh çəkmək olmaz, çünki belə birində adətən gəzilmir və buna görə də üzərinə məshin çəkilməsinə ehtiyac yoxdur. Əgər corablar səndəllər ilə ayaqda dura bilirsə onlara məsh çəkmək olar.”[33] Bir başqa yerdə buyurur: “Lakin nazik parçalarda və ya libd’də olduğu kimi ya darlığı, ya ağırlığı və ya yeriyərkən büzülməsi və ya imkansız olması səbəbi ilə davamlı gəzməyə yararlı olmayanlara gəldikdə isə onlara məsh çəkmək olmaz, çünki bu, nə şəriət mətnlərində qeyd olunub, nə də qeyd olunanlarla eyni mənadadır.”[34] Aləuddin əl-Mərdəvi deyir: “Qeyd: Mənim “onun gəzməyə yararlı olması” sözümə gəldikdə (İbn Həmdən) “ər-Riayə əl-Kubra” kitabında (bu barədə) deyir: “Bir görüşə görə səfərdə olanın ehtiyacları üçün gedib gəldiyi qədər gəzmək üçün yararlı olmalıdır. Bunun üç gün və ya daha az bir müddət olduğu da deyilib.”[35]
Bil ki, əziz müsəlman, ümmətin ilk nəsil imamlarından corablara məsh çəkməyə icazə verənlər bunu səhabələrin əməli və qiyasa[36] əsaslanaraq ediblər. Həmçinin İmam Əhməd də bu məsələdə səhabələrin görüşlərinə və qiyasa əsaslanmışdır. Hafiz İbnul-Qayyim deyir: “Onun (yəni İmam Əhmədin) əsaslandığı dəlil bu səhabələr və aşkar qiyasdır, çünki xufla corab arasında təsir edici elə bir fərq görünmür ki, hökmün coraba da tətbiq edilməsinə mane olsun.”[37] Beləliklə corabları xuflara qiyas edərək üzərilərinə məshin çəkilməsinə icazə verənlər də corablarda xuflarda olan özəllikləri şərt qoşublar. Həmçinin Şeyxul-İslam İbn Teymiyyə deyir: “Bəli! Alimlərin görüşləri içində ən səhih görüşə görə əgər corablarda gəzirsə – bunda corabın dəri ilə örtülmüş olması ilə örtülü olmaması arasında fərq yoxdur – onlara məsh çəkmək icazəlidir. “əs-Sünən” kitabında gəlir ki, “peyğəmbər ﷺ corablarına və səndəllərinə məsh çəkdi.” Bu hədis əgər sabit deyilsə də qiyas bunu tələb edir, çünki xuflar ilə corablar arasındakı yeganə fərq bunların yundan, onların isə dəridən olmasıdır.”[38] Əlbəttə ki, burada nazik corablardan söz gedə bilməz, çünki onların xuflara qiyas edilməsi mümkün deyildir. İlk dövr imamlar da bu şəkildə corabları xuflara qiyas edərək onlara məsh çəkiblər. Bu barədə gəlmiş rəvayətlərin müsəlmanların diqqətinə çatdırırıq. İbn Əbi Şeybə deyir: “Əbu Bəkr bizə rəvayət etdi: dedi: Yəhyə bin Said bizə İbn Cureycdən, o da Ata’dan belə dediyini rəvayət etdi: “Corablara məsh çəkmək xuflara məsh çəkməklə eyni dərəcədədir.” Əbu Davud bizə Abbad bin Raşiddən belə dediyini rəvayət etdi: “Nafidən corablara məsh barəsində soruşdum və dedi: “Onlar xuflarla eynidir. “… Vaki bizə rəvayət etdi; dedi: Əbu Cəfər ər-Razi bizə Yəhyə əl-Bəkkədən belə dediyini rəvayət etdi: İbn Öməri belə deyərkən eşitdim: “Corablara məsh xuflara məsh kimidir.”[39] Abdurrazzaq əs-Sənani deyir: “Mə’mər bizə Qatədədən, o da Ənəs bin Malikdən xəbər verdi ki, o, corablarına məsh çəkərdi və dedi: “Bəli, xuflar kim onun üstünə məsh çəkə bilər.”[40] Beləliklə qiyasa əsaslanaraq corablara məsh çəkdikləri üçün corablarda da xuflarda olan xüsusiyyətləri şərt görüblər. İbn Əbi Şeybə “əl-Musannəf”də deyir: “Hüşeym bizə rəvayət etdi; dedi: Yunus bizə əl-Həsəndən, o da Şubədən, o da Qatədədən, o isə Səid bin əl-Museyyəb və əl-Həsəndən hər ikisinin belə dediyini rəvayət etdi: “Corablar qalın və sıxdırsa onlara məsh çəkmək olar.”[41] Heç bir müctəhid nazik corablara, yeriməyə yararlı olmayan corablara məshi icazəli görməyib. Əksinə kitablara nəzər saldıqda görürük ki, corabların qalın olması hamı tərəfindən tələb edilmiş bir vəsfdir. İbnul-Munzir “əl-Əvsət” kitabında deyir: “Bu görüşü Ata bin Əbi Rabəh, əl-Həsən və Said bin əl-Museyyəb qəbul ediblər və bu ikisi belə deyib: “Əgər qalındırsa. “… Əbu Səvr dedi: “Əgər onlarla yeriyirsə üzərinə məsh çəkə bilər.” Yaqub və Muhamməd də bu cür deyiblər: “Əgər qalındırsa və (dərini) göstərmirsə.”[42]
Allahın İslamla şərəfləndirdiyi ey müsəlman! Allah sənə rəhm etsin! Buraya qədər tanış olduğumuz görüşlər və nəqllərdən sənə günəş kimi aydın oldu ki, heç bir alim nazik corablara məsh çəkməyə icazə verməmişdir. Məhz buna görə də bir çox alim bu məsələdə icma olduğunu söyləyib. Əbu Bəkr əl-Cəssas deyir: “Nəzəri tərəfdən isə dəlil budur ki, hamı lifəfəyə məsh çəkməyin caiz olmamasında ittifaq etmişdir, çünki adətdə onlarla gəzilmir.”[43] Bu sözlər gəzməyə yararlı olmayan xuflar və corabların üzərinə məsh çəkməyin icma ilə caiz olmamasını aşkar şəkildə göstərir. Həmçinin Aləuddin əl-Kəsəni deyir: “Corablara məsh çəkməyə gəldikdə isə, əgər hər tərəfi dəri ilə örtülüdürsə və ya altına dəri/sərt qabıq vurulubsa, məsh çəkmək caizdir və əshabımız arasında bu barədə ixtilaf yoxdur, hətta (altından savayı digər yerləri) dəri ilə örtülü olmasa belə! Lakin nazikdirsə, (məsh çəkdikdə) su keçirirsə icma ilə onlara məsh çəkmək olmaz …“[44] İbn Abidin haşiyəsində su keçirməyi “məsh çəkərkən” qeydi ilə zikr etdiyi üçün biz də bu qeydi mötərizə daxilində təqdim etdik. Həmçinin böyük alim İbnul-Qattan əl-Fəsi[45] deyir: “Hamı icma edib ki, corablar əgər sıx və qalın deyilsə onlara məsh çəkmək caiz deyildir.”[46] Bəziləri icma nəqlinə etiraz ediblər. Onlar İbn Abdilbərr, ən-Nəvəvi kimi alimlərin icma hekayələrində bir qədər gevşək davrandıqlarını göstərərək hər icma hekayəsinin səhih olmadığını söyləyirlər. Lakin icmanı bu şəkildə rədd etmək əsassızdır. İbnul-Qatan icmada gevşək davranmaqla tanınmayıb, əksinə özü İbn Abdilbərri asanlıqla icma iddia etməkdə tənqid edib. O, deyir: “Məlumdur ki, Əbu Ömər bin Abdilbərr icma hekayət etdikdə onu icmanı isbat edən edən qaynağa çatan nəql ilə hekayət etmir, sadəcə olaraq (kitabları) vərəqləməklə bunu edir. Kitabları vərəqləməklə isə bu mövzuda ixtilafın olmaması barəsində elm yox, sadəcə olaraq ixtilafın olması barədə elmsizlik əldə edilir. Bir şeydə ixtilafın olduğunu bilməmək icma sayılmaz, icma yalnız ixtilafın olmadığını bilməkdir.”[47] Bu da İbnul-Qattanın icma iddia edərkən necə sağlam davranmasının açıq-aydın sübutudur. Bu sözlərdən sonra necə demək olar ki, İbnul-Qattan da İbn Abdilbərr və ən-Nəvəvi kimi icma hekayəsində gevşək davranır?! Üstəlik məlumdur ki, İbnul-Qattan bu kitabını Xəlifə Əbu Yusuf Yaqub əl-Mənsur bin Yusuf bin Abdil-Mu’minin tələbi ilə yazmışdır ki, dövlətin rəiyəsi olan insanlar və fəqihlər bu icmalardan kənara çıxmasınlar. Bir də İbnul-Qattanın icmaları zikr etdiyi “əl-İqna” adlı kitabının özəlliyi bundadır ki, orada itirilmiş bir çox qaynaqdan nəql etmişdir. Ümumilikdə müəllifin istifadə etdiyi mənbələr arasında İmam Malikin “əl-Muvatta”, İmam əş-Şafi’nin “ər-Risələ” və “Muxtəliful-Hədis”, Əbu Muhəmməd Qasim İbn Səyyər əl-Qurtubinin “əl-İdah”[48], əl-Mərvazinin “İxtiləful-Uləmə”, Əbu Bəkr Muhamməd bin Davud əz-Zahirinin”əl-İcəz” və “əl-İntisar”, İbnul-Munzirin “əl-İşraf”, ət-Tahəvinin “Şərh Mə’anil-Əsər”, Əbul-Həsən Abdullah ibn əl-Muğalləs əz-Zahirinin “əl-Muvaddah”, Əbul-Həkəm Munzir bin Said əl-Bəlutinin “əl-İnbə alə İstinbətil-Əhkəm fi Kitəbilləh”, əs-Sabğinin “əl-Əsməu vas-Sifət”, Qadi Əbul-Abbas Əhməd əl-Mənsuri əz-Zahirinin “ən-Neyyir”, Muhamməd bin əl-Həsən ət-Təmimi əl-Cəvhərinin “Nəvadirul-İcmə”, İbnul-Qassar əl-Bəğdədinin “Nukətul-Uyun”, Əbu Ömər ət-Taləmənkinin “əl-Vusul ilə Mərifətil-Usul”, İbnul-Battalın “Sahih əl-Buxari” şərhi, İbn Həzm əz-Zahirinin “Məratibul-İcmə”, “əl-Muhəllə”, “əl-İhkəm fi Usulil-Əhkəm”, İbn Abdilbərrin “əl-İstizkər” və “ət-Təmhid” və əl-Əbhərinin kitabları yer alır. 24 kitabdan 9-u bizim zamanımızda mövcud olmayan kitablardır ki, bizim nəzər sala bilmədiyimiz qaynaqlara İbnul-Qattan nəzər salmışdır. Həmçinin Şeyx Muhamməd əl-Əmin əş-Şənqiti “Ədvəul-Bəyan” kitabında corab məsələsindəki ixtilafı zikr edərkən corabın qalın olması qeydini zikr edir və sözlərindən anlaşıldığı kimi nazik corablarda hər hansı bir ixtilafın olduğunu qeyd etmir. Şeyx deyir: “Alimlər dəridən olan xufların üzərinə məsh çəkməyin icazəli olmasında icma ediblər və dəridən olmayanlarda isə – əgər qalın olarsa, ayağın fərz olan hissəsini örtərsə – ixilaf ediblər.”[49] Əgər nazik corablarda ixtilaf olsaydı o zaman qalınlığı qeyd etməyə ehtiyac olmazdı və sadəcə olaraq dəridən olmayan digər ayaq geyimlərinə məsh çəkməyin ixtilaflı olmasını zikr edərdi. Şeyxin bu sözləri məsələdə icmanın olmasını açıq şəkildə qeyd etməsə də sözlərindəki məfhum icmanın olmasını dəstəkləyir.
Onu da qeyd edək ki, Şeyx əl-Qasiminin risaləsində əl-Kəsəninin icma iddiasına etiraz edilmişdir. Kitabın təhqiqində deyilir: “Əgər (əl-Kəsəni) sələfin və xələfin imamlarının icmasını qəsd edirsə batildir, çünki İmam ən-Nəvəvi “Şərhul-Muhəzzəb”də corablar nazik olsa da onlara məsh çəkməyin icazəli olması görüşünü möminlərin iki əmiri Ömər və Əlidən (Allah onların ikisindən də razı olsun) , İshaqdan və Davuddan nəql etmişdir, hətta bunun həmçinin Əbu Yusuf və Muhəmməddən hekayəsini də nəql etmişdir. Üstəlik bu, qarşıda zikr olunacağı kimi İbn Həzmin də məzhəbidir, o zaman icma iddiası necə səhih ola bilər?! Əgər (əl-Kəsəni) hənəfilərin icmasını qəsd edirsə belə bir şeyi qəbul etmək olar. Lakin ən-Nəvəvinin (bunu) həm də (Əbu Hənifənin) iki tələbəsindən hekayət etməsi belə bir icmanı da dəf edir. Beləliklə də icmanın olmadığı aydın olur.”[50] Buna cavab vermədən öncə burada ən-Nəvəvinin sözlərini zikr edək. ən-Nəvəvi deyir: “Əshabımız Ömərdən və Əlidən (Allah onların ikisindən də razı olsun) corablar nazik olsalar belə onlara məsh çəkməyin icazəli olmasını hekayət ediblər və bunu Əbu Yusuf, Muhamməd, İshaq və Davuddan da hekayət ediblər.”[51] Buna əsaslanaraq icmanın olmadığını deyiblər. Belə bir şeyə təəccüblənməmək mümkün deyildir. Bəs bu barədə Ömərin və Əlinin sözləri hardadır? Gecə-gündüz “səhih isnad olmadan heç bir şey qəbul etmirik” deyərək hər yerə səslənənlər nə əcəb bunu belə rahatlıqla qəbul etdilər. O zaman göstərin Əlinin, Ömərin, İshaq bin Rahaveyh, Davud əz-Zahiri və Əbu Hənifənin iki tələbəsinin sözlərini! Haqq budur ki, bu barədə nə Ömərdən, nə Əlidən, nə də qeyrilərindən bizə nə səhih, nə zəif, nə də uydurma sənədlə heç bir şey gəlməyib. İcmanın olmadığını söyləyənlər ən-Nəvəvinin bu sözləri ilə kifayətləniblər, halbuki ən-Nəvəvi nəql olunduğunu demir, sadəcə olaraq şafi’i alimlərinin bunu adı çəkilənlərdən hekayət etdiyini deyir. Hekayət ilə nəql arasındakı fərqi bilənlər çox gözəl anlayırlar ki, hekayət sadəcə olaraq hər hansı bir sözü müəyyən bir kəsə nisbət etməkdən savayı bir şey deyildir və bunun dəlil-sübut kimi heç bir qüvvəsi yoxdur. Lakin aşkar olan budur ki, burada xəta edən ümumilikdə şafi’i alimləri deyildir, lakin İmam ən-Nəvəvinin özüdür. Bunu isə iki cür isbat etmək olar. Hər şeydən əvvəl adı çəkilən şəxslərin bu görüşdə olmaqları səhih deyildir, əksinə Əbu Yusuf, Muhamməd əş-Şeybəni və İshaq bin Rahaveyhin görüşləri səhih olaraq sabitdir ki, onlar yalnız qalın corablara məsh çəkməyi icazəli görüblər. Bu da onların görüşlərinin bəyanıdır:
Əbu Yusuf və Muhamməd əş-Şeybəniyə gəldikdə onların görüşləri hənəfi alimlərinin kitablarında mövcuddur. Hətta Muhamməd əş-Şeybəni’nin sözü hənəfilərdə üsul kitablardan sayılan “əl-Məbsut” kitabında keçir. Muhammədin tələbəsi Əbu Süleymən əl-Cəvzəcəni öz şeyxi Muhammədin və Əbu Yusufun görüşünü şeyxi Muhammədin dilindən nəql edərək deyir: “Əgər coraba məsh çəkərsə – və əgər corablar sıx, qalındırsa, (dərini) göstərmirsə – məshi keçərlidir, necəki xuffa çəkilən məsh keçərlidir.”[52] ət-Tahavi deyir: “Çünki biz corablar sıx/qalın olduqda onlara məsh çəkməkdə bir problem görmürük. Bunu Əbu Yusuf və Muhamməd deyib.”[53] əs-Səraxsisi deyir: “(əl-Həkim) dedi: “Corablara məsh çəkməyə gəldikdə isə, əgər qalındırsa və altında dəri qat varsa onlara məsh çəkmək caizdir,” çünki səfərdə onlarla davamlı yürümək mümkündür, lakin nazikdirsə onlara məsh çəkmək olmaz… Əgər qalındırsa, lakin altında dəri qat yoxdursa Əbu Hənifəyə (Rahiməhullah Təalə) görə məsh çəkmək olmaz, çünki səfərdə onlarla davamlı yerimək mümkün deyildir, beləliklə nazik corab kimi olur. Əbu Yusuf və Muhammədin (Rahiməhuməllahu Təalə) görüşünə görə isə onlara məsh çəkmək olar.”[54] Yəni qalın olan, lakin altı dəri qat ilə örtülməmiş corablara məsh çəkmək Əbu Hənifəyə görə olmaz, lakin Əbu Yusuf ilə Muhamməd əş-Şeybəniyə görə olar. əl-Həkim isə əş-Şəhid Əbul-Fədl Muhamməd bin Muhamməd əl-Mərvazidir, hənəfilərdə üsul sayılan Muhamməd əş-Şeybəninin yazdığı kitabları bir arada toplamışdır, daha sonra onu ixtisar etmişdir. əs-Səraxsisi isə “əl-Məbsut” kitabını həmin müxtəsərə şərh olaraq yazıb. Heç şübhəsiz ki, hənəfi imamlarının şahidliyi ilə Əbu Yusuf və Muhamməd yalnız qalın corablara məsh çəkməyi icazəli sayıblar, onlara görə də nazik corablara məsh çəkmək keçərli deyildir. Həmçinin Əbu Bəkr əs-Səmərqəndi “Tuhfətul-Fuqahə” kitabında yalnız bu görüşü iki imama nisbət etmişdir. Beləliklə aydın olur ki, bunun əksini onlara nisbət etməyin xəta olmasında şəkk ola bilməz.
İshaq bin Rahəveyhə gəldikdə isə yuxarıda onun tələbəsi ət-Tirmizinin sözlərini sitat gətirdik. ət-Tirmizi aşkar şəkildə qeyd edir ki, İshaq da bəzi digər alimlər kimi yalnız qalın corablara məsh çəkməyi icazəli görür. ət-Tirmizi deyir: “Bu, birdən çox elm əhlinin görüşüdür; bu görüşü Sufyan əs-Səvri, İbnul-Mubərak, əş-Şəfi’i, Əhməd və İshaq qəbul ediblər və deyiblər: “Səndəllər olmasa belə əgər corablar sıxdırsa/qalındırsa onlara məsh çəkə bilər.” Şəkk yoxdur ki, ən-Nəvəvinin nəqlində İmam İshaqa nisbət edilən xətadır. ət-Tirmizinin şeyxi İshaqdan nəql etdiyi görüşü həmçinin İbnul-Munzir “əl-Əvsət”də və İbn Qudəmə “əl-Muğni”də nəql edir.
Davud əz-Zahirinin görüşünə gəldikdə isə bunu ən-Nəvəvinin xəta etdiyini ikinci tərəfdən isbatımızda təqdim edəcəyik. Beləliklə xətanın ikinci tərəfdən isbatı budur ki, ən-Nəvəvidən əvvəlki şafi’i alimlərinin bu barədə sözlərini axtardıqda onların “nazik” corablara məsh çəkmək görüşünü yox, qalın corablara məsh çəkmək görüşünü bu şəxslərə nisbət etdiklərinin şahidi olduq. Bu da o alimlərdən bəzilərinin görüşləridir:
Əbu Bəşr əş-Şəşi əl-Qaffəl deyir: “Əgər dərini göstərməyən qalın, sıx və altı dəri ilə örtülmüş və davamlı gəzməyə yararlı olan corab geyinərsə ona məsh çəkmək olar. Bu, həm də Əbu Hənifənin görüşüdür. Əhməd, Əbu Yusuf, Muhamməd və Davud isə bu görüşdədirlər ki, corabın altı dəri ilə örtülü olmasa da ona məsh çəkmək olar.”[55] Digər şafi’i alimi İmam Əbul-Həsən əl-İmrani deyir: “Əhməd dedi: “Qalın coraba – hətta altında dəri qatı olmasa da – məsh çəkmək olar.” Bu, Ömərdən və Əlidən rəvayət olunub və bu görüşü Əbu Yusuf, Muhamməd və Davud götürüb.”[56] Hər iki alim İmam ən-Nəvəvidən öncə yaşayıb və bu iki nəql ən-Nəvəvinin xəta etdiyini göstərir və bu cür xətaların böyük alimlər tərəfindən edilməsi qəribə bir hal deyildir. Gördüyümüz kimi bu alimlər Davud əz-Zahirinin görüşünü İmam Əhmədin, İshaq bin Rahaveyhin, Muhamməd və Əbu Yusufun görüşü ilə bir zikr edirlər. İbn Həzmə gəldikdə isə bilmək lazımdır ki, əgər biz İbn Həzmin fərqli görüşdə olduğunu qəbul etsək belə bu, icmanı pozmaz, çünki icma ondan əvvəl sabit olmuşdur, çünki alimlərin cumhuruna görə İbn Həzmin müxalif olması icmaya təsir etmir. Lakin qeyd edək ki, onun bu barədə aşkar bir sözü yoxdur. İstifadə etdiyi sözlərdə nazik corablara məsh çəkməyin caiz olması haqqında açıq-aşkar heç bir söz yoxdur, lakin ehtimal vardır. Yuxarıda bu barədə icmanın olduğunu deyən İbnul-Qattan əl-Fəsi isə zahirilərin elmi irsinə ən gözəl şəkildə vaqif olmuş alimlərdən biridir və bir çox kitabında zahirilərə nisbət edilmiş xətalı görüşləri inkar etmiş, zahiriləri müdafiə etmişdir. İcmalar haqqında yazdığı “əl-İqna” kitabında istifadə etdiyi mənbələr arasında İbn Həzmin kitablarının da olduğunu nəzərə alsaq anlayacayıq ki, əgər İbn Həzmdən aşkar bir söz olsaydı bunu ilk növbədə İbnul-Qattan qeyd edərdi.
Bura qədər zikr etdiklərimiz bir daha göstərir ki, məsələdə ixtilaf yoxdur və sələfdən kiminsə nazik corablara məsh çəkməyə izn verməsi kitablarda zikr olunmur, əksinə bu barədə bəzi alimlərin icma olması barədəki sözləri ilə yuxarıda tanış oldunuz. Biz sözsüz ki, tənqidlərə və etirazlara açıq düşüncə ilə yanaşırıq. Əgər kimsə bu barədə ilk dövr alimlər arasında ixtilafın olduğunu isbat edə bilərsə mütləq bizi bu barədə agah etməsini xahiş edirik. Əgər qarşımıza tutarlı bir dəlil qoyulsa biz bu nöqtədə xəta etdiyimizi bəyan edəcəyik. Biz çox gözəl bilirik ki, bəzi müsəlmanlar bu qədər dəlil və burhana rağmən bu yazımızla qane olmayacaqlar. Onlara müraciət edərək deyirik ki, əgər icmanın olması ilə razılaşmırsızsa heç olmasa nazik corablara məsh çəkməyə icazə verməyən bu qədər imamın heybəti qarşısında nazik corablara məsh çəkməyin! Bəziləri elə zənn edir ki, istənilən növ coraba məsh çəkmək sabit bir sünnətdir və bu yalnış anlayışda kimlərin günahı olduğunu biz çox gözəl bilirik. Bu yazımızda məsələnin heç də elə olmadığını isbat etdik. Ən yaxşı halda məsələdə güclü bir şübhənin olduğunu gördünüz, o zaman şübhəli olanlardan əl çəkin və şübhəli olmayanlara yönəldin. Allahın elçisi (ﷺ) səhih hədisdə buyurur: “Səni şübhəyə salanı tərk edib şübhəyə salmayanı et!”[57] Bir başqa hədisdə buyurur: “Kim şübhələrdən çəkinərsə dinini və irzini qorumuşdur.”[58]
Tənbih: Burada bir məsələyə diqqət çəkmək istəyirik. Məlumdur ki, alimlər ayaqları yumaq ilə məstlərə məsh çəkməkdən hansının daha fəzilətli olması barəsində ixtilaf ediblər. İmam Əbu Hənifə, İmam Malik və İmam əş-Şafi’yə görə yumaq daha əfzəldir. İmam Əhməd, İmam əş-Şəbi, əl-Həkəm və Həmmədə görə isə ayağa məsh çəkmək daha əfzəldir. Lakin bizim zamanımızda müsəlmanlardan yalnış bir anlayış formalaşın. Onlar heç bir ehtiyac olmadan məhz məsh çəkmək xatirinə ayaqlarına corab geyinirlər. Bu isə sünnətə müvafiq deyildir. İbnul-Bəhə əl-Bəğdədi deyir: “əl-Muhərrar” kitabının sahibi “Şərhul-Hidəyə”də dedi: “Kimin ayağında xuff yoxdursa və məsh məqsədi ilə geyinmək istərsə və bundan başqa məqsədi olmazsa, o zaman hər iki rəvayətə görə məsh çəkməsi müstəhəb deyildir.”[59] Həmçinin Mustafa ər-Ruheybəni deyir: “Xuffu və ona bənzər ayaq geyimlərini onların üzərilərinə [məsh çəkmək məqsədi ilə geyinmək sünnət deyildir.”[60] Şeyxul-İslam İbn Teymiyyə deyir: “Məsh çəkmək məqsədi ilə xuflar geyinməsi məşru deyildir, əksinə məsələnin mahiyyəti ehtiyac üçün geyindikdədir.”[61] Yəni heç bir ehtiyac olmadan ayaqları yumaqdan qurtulmaq məqsədi ilə xufları və ya corabları geyinib onlara məsh çəkmək doğru deyildir. Alimlər xüsusilə buna diqqət çəkiblər.
Bizə bu məqaləni yazmağa müvəffəq edən Allaha həmd olsun! Peyğəmbərlərin sonuncusu, bəşəriyyətin ən xeyirlisi olan Muhammədə, onun pak ailəsinə, səhabələrinə salam və salavat olsun!
[1] “ən-Nutəfu fil-Fətəva”, 1/19; Muəssəsətur-Risələ/Darul-Furqan, ikinci nəşr, 1404/1984, Beyrut/Amman
[2] “əl-Məbsut”, 1/101-102; Dərul-Mərifə, Beyrut
[3] “əl-Hidəyə”, 1/32; Dar İhyə ət-Turas əl-Arabi, Beyrut
[4] “əl-İxtiyər li Tə’lilil-Muxtər”, 1/25; Mətbəətul-Hələbi, 1356/1937, Qahirə
[5] “Muxtəsar əl-Quduri”, səh: 17-18; Dar əl-Kutubil-İlmiyyə, birinci nəşr: 1418/1997, Beyrut
[6] “Muxtəsar Xalil”, səh: 24-25; Dar əl-Hədis, birinci nəşr: 1426/2005, Qahirə
[7] “əl-Muhəzzəb”, 1/46; Dar əl-Kutub əl-İlmiyyə,
[8] “əl-Məcmu”, 1/499-500;
[9] “əl-Məcmu”, 1/496
[10] “əl-Bəyən”, 1/157; Darul-Minhəc, birinci nəşr: 1421/2000, Cuddə
[11] “Ravdatut-Talibin”, 1/126; əl-Məktəb əl-İsləmi, üçüncü nəşr: 1412/1991, Beyrut
[12] Bax: “əl-Muhəzzəb”, 1/46; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1416/1995, Beyrut; “əl-Muhəzzəb” kitabının bu çapı Şeyx İbn Battal ər-Rukəbinin “ən-Nəzmul-Mustə’zəb fi Şərhi Ğaribil-Muhəzzəb” kitabı ilə birlikdə çap edilib.
[13] “əl-Muğni”, 1/216; Məktəbətul-Qahira, 1388/1968
[14] “Mətnul-Xiraqi”, səh: 16; Darus-Sahəbə, birinci nəşr: 1413/1993, Misir
[15] “əd-Durun-Nəqi fi Şərhi Əlfəzil-Xiraqi”, səh: 134; Dar əl-Muctəmə, birinci nəşr: 1411/1911, Cuddə
[16] ”Şərhuz-Zərkəşi alə Mətnil-Xiraqi”, 1/205-206; Məktəbə əl-Əsədi, üçüncü nəşr: 1430/2009, Məkkə
[17] “əl-Vadih fi Şərhi Muxtəsar əl-Xiraqi”, 1/138; Dar Xidir, birinci nəşr: 1421/2001, Beyrut
[18] ”Kitəbul-İrşəd ilə Səbilir-Raşəd”, səh: 40-41; Muəssəsətur-Risələ, birinci nəşr: 1419/1998, Beyrut
[19] “əl-Mustəv’ib”, səh: 72; Doktor Abdullah ibn Dəhiş təhqiqi, ikinci nəşr: 1424/2003, Məkkə
[20] “əl-Muğni”, 1/216; Məktəbətul-Qahira, 1388/1968
[21] “əl-İqna”, 1/34; Darul-Mərifə, Beyrut
[22] “əl-İnsaf”, 1/182
[23] “Buluğ əl-Qasidi Culləl-Məqasid”, səh: 35; Dar əl-Bəşəir əl-İsləmiyyə, birinci nəşr: 1421/2000, Beyrut
[24] “əş-Şərh əl-Kəbir alə Mətnil-Muqni”, 1/161; Dar əl-Kitəb əl-Arabi, Muhamməd Rəşid Rida təbəəsi
[25] “əl-Bəhrur-Raiq Şərh Kənzid-Dəqaiq va Minhətul-Xaliq va Təkmilətur-Turi”, 1/189; Dar əl-Kitəb əl-İsləmi, ikinci nəşr; “əl-Bəhrur-Raiq” kitabı İbn Nuceym’in ən-Nəsəfi’nin “Kənzud-Dəqaiq” kitabına yazdığı şərhdir. Kitab İbn Abidin’in “Minhətul-Xaliq” adlı haşiyəsi ilə və axırında da Şeyx Muhamməd bin Hüseyn ət-Turi’nin təkmiləsi ilə birlikdə çap olunub.
[26] “əd-Durrul-Muxtər”, səh: 41; Darul-Kutubil-İlmiyyə, birinci nəşr: 1423/2002, Beyrut
[27] “əl-Bəhrur-Raiq Şərh Kənzid Dəqaiq va Minhətul-Xaliq”, 1/192
[28] “Kifəyətul-Əxyər fi Həlli Ğayətil-İxtisar”, səh: 50; Darul-Xeyr, birinci nəşr: 1994, Dəməşq
[29] “əl-Minhəc əl-Qavim Şərh əl-Muqaddimətil-Hədramiyyə”, səh: 35; Dar əl-Kutub əl-İlmiyyə, birinci nəşr: 1420/2000, Beyrut
[30] “Nihəyətul-Muhtəc ilə Şərhil-Minhəc”, 1/204; Darul-Fikr, axırıncı nəşr: 1404/1984, Beyrut
[31] “Muğnil-Muhtəc ilə Mərifəti Məani Əlfəzil-Minhəc”, 1/206; Darul-Kutubil-İmliyyə, birinci nəşr: 1415/1994, Beyrut
[32] “Tuhfətul-Muhtəc fi Şərhil-Minhəc va Həvəşi əş-Şirvani val-Abbədi”, 1/251; əl-Məktəbə ət-Ticəriyyə əl-Kubra, 1357/1983, Misir
[33] “Şərhul-Umdə”, 1/251; Məktəbətul-Ubeykən, birinci nəşr: 1413, Riyad
[34] “Şərhul-Umdə”, 1/253; Məktəbətul-Ubeykən, birinci nəşr: 1413, Riyad
[35] “əl-İnsaf”, 1/181
[36] Hənəfi üləması bu məqamda buna qiyas yox, lakin “dələlətun-nass” deyirlər. Başqa adla desək “məfhumul-muvafəqa” və ya “fəhval-xitab” deyirlər. Onlarda bu növ qəti nasdan bir başa anlaşılan mənadan çıxarılan hökmə deyildir, lakin cumhura görə bu da qiyasın növlərindəndir və onlar buna “əl-qiyəsul-cəli” və ya “sarihul-qiyas” deyirlər. Bəziləri deyiblər ki, bu ikisi arasındakı fərq budur ki, qiyas ilə hökm çıxarmaqda illəti və iki hökmün eyniliyini anlamaq üçün ictihad şərtdir, lakin “dələlətun-nass”ı anlamaq üçün ictihad şərt deyildir, ərəb dilini bilmək kifayət edir.
[37] “Avnul-Məbud Şərh Sünən Əbi Davud məa Şərhil-Həfiz İbnil-Qayyim”, 1/273; əl-Məktəbə əs-Sələfiyyə, ikinci nəşr: 1388/1968, Mədinə
[38] “Məcmu əl-Fətəva”, 21/214
[39] İbn Əbi Şeybə, “əl-Musannəf”, 1/173
[40] Abdurrazzəq, “əl-Musannəf”, 1/200
[41] İbn Əbi Şeybə, “əl-Musannəf”, 1/171
[42] “əl-Əvsət fis-Sünən val-İcmə val-İxtiləf”, 1/463-465; Dar Taybə, birinci nəşr: 1405/1985, Riyad
[43] əl-Cəssas, ”Əhkəmul-Quran”, 2/440
[44] “Bədəius-Sanəi”, 1/10
[45] Əli bin Muhamməd bin Abdil-Məlik bin Yəhyə bin Muhamməd bin İbrahim bin Xaslə bin Səməhə əl-Humeyri əl-Fəsi; künyəsi Əbul-Həsən, ləqəbi isə İbnul-Qattandır. Fas şəhərində hicri 562-ci ildə anadan olub. İlk elm tələbini Tunisin Qayravan şəhərində alıb, sonra Mərakeşə köçərək orada davam edib. əz-Zəhəbi deyib: “Hafizdir, alləmədir və tənqidçidir.” İbn Nəsir deyir: “O, hafizdir, alləmədir. Çox fənnlərə vaqifdir, etibarlıdır.” İbnul-Əbər onun haqqında deyir: “Hədis elmində insanların ən bəsirətlisi idi, ravilərin adlarını ən yaxşı bilən idi.” İbnul-Qattan qazi olaraq çalışmış. Həmçinin tələbələr və onların rəhbərlikləri üzərində nəzarətçi idi. Xəlifənin və alimlərin hüzurunda imla məclisləri qurardı və bu cür işləri yalnız zamanının ən böyük alimləri edərdi. Hədis elmindəki məşhur “Bəyənul-Vəhm val-İyhəmi əl-Vaqieyn fi Kitəbil-Əhkəm” kitabının müəllifidir. Hicri 628-ci ildə vəfat edib.
[46] “əl-İqna fi Məsəilil-İcmə”, 1/90; əl-Fəruq əl-Xadəsiyyə, birinci nəşr: 1424/2004,
[47] “ən-Nəzar fi Əhkəmin-Nəzar bi Həssətil-Bəsar”, səh: 69; Darus-Sahabə, 1414/1994, Misir
[48] “əl-İqna” kitabını təhqiq etmiş Doktor Fəruq Həmmədə bunun hansı “əl-İdah” kitabı olmasında iki variant zikr edir. Birinci ehtimal bunun Davud əz-Zahirinin kitabı olmasıdır, ikinci ehtimal isə Əbu Muhamməd İbn Səyyərin kitabı olmasıdır. Fəruq Həmmədə özü ikinci ehtimala üstünlük verib.
[49] “Ədvaul-Bəyən”, 1/337; Darul-Fikr, 1415/1995, Beyrut
[50] “əl-Məshu aləl-Cəurabeyn”, səh: 67
[51] “əl-Məcmu Şərh əl-Muhəzzəb”, 1/500
[52] “Kitəbul-Əsl əl-Məruf bil-Məbsut”, 1/100; Dar Aləmil-Kutub, birinci nəşr: 1410/1990, Beyrut
[53] “Şərh Məanil-Əsər”, 1/97; Dar Aləmil-Kutub, birinci nəşr: 1414/1994,
[54] “əl-Məbsut”, 1/101-102; Darul-Mərifə, Beyrut
[55] “Hilyətul-Uləmə fi Mərifəti Məzəhibil-Fuqahə”, 1/134; Muəssəsətur-Risələ/Dar əl-Ərqam, birinci nəşr: 1980, Beyrut/Amman
[56] “əl-Bəyən fi Məzhəbil-İməm əş-Şəfi”, 1/157; Darul-Minhəc, birinci nəşr: 1421/2000, Ciddə
[57] ət-Tirmizi (2518)
[58] “Sahih Muslim”, (1599)
[59] “Fəthul-Məlikil-Aziz bi Şərhil-Vaciz”, 1/236; Dar əl-Xidir, birinci nəşr: 1423/2002, Beyrut
[60] “Mətalibu Ulin-Nuhə fi Şərhi Ğayətil-Muntəhə”, 1/125; əl-Məktəb əl-İsləmi, Beyrut, birinci nəşr: 1381/1961
[61] “Məcmu əl-Fətəva”, 26/94
