Fiqh Elmi

İslam dinində mövcud olan şəri ehkamlar[1] Allahın vəhyinə əsaslanır. Bu hökmlərin əsas qaynaqları Allahın endirdiyi Kitab yəni Qurani-Kərim və Onun Peyğəmbərinin ﷺ hədisləridir. İslam dinində olan şərii hökmlər İslam alimləri tərəfindən məzmuna və tətbiq sahəsinə üç qrupa bölünür:

Etiqadi hökmlər (الْأَحْكَامُ الْاِعْتِقَادِيَّةُ): Əqidə və inancla bağlı olan – Allah ﷻ varlığı, təkliyi, sifətləri, mələklər, səmavi kitablar, nəbi (peyğəmbər) və rəsullar, qədər, axirət günündə baş verəcək hadisələr, cənnət, cəhənnəm və qəbir həyatı ilə bağlı hökümləri əhatə edir. Etiqadi hökmlər “Əqidə” elminin mövzusudur və inanılması vacib olan prinsipləri təşkil edir

Əməli hökmlər  (الْأَحْكَامُ اْلعَمَلِيَّةُ): Bu hökmlər insanın gündəlik həyatda əməl baxımından necə davranmalı olduğunu tənzimləyir. Əməli hökmlər ibadət, müamələ, ailə huququ, müxtəlif cəza və cinayətlərlərin bağlı olan hökmləri əhatə edir. Əməli hökümlər “Fiqh” elminin mövzusudur və şəri hüquq sistemini təşkil edir.

Əxlaqi hökmlər  (الْأَحْكَامُ الْخُلُقِيّةُ): Bu hökmlər əxlaqi prinsipləri tənzimləyir, fərdin mənəvi kamilliyə çatması üçün bir vasitə rolunu oynuyur. Ədəb, əxlaq, qəlbin və nəfsin tərbiyəsi ilə əlaqəli olan – yalan danışmamaq, dürüst olmaq, verilən sözə əməl etmək, vədə xilaf çıxmamaq sadiq qalmaq, əmanətə xəyanət etməmək, insanlarla gözəl və yumşaq müamilə etmək kimi nəfs tərbiyəsi və təzkiyəsi ilə bağlı hökümləri əhatə edir. Əxlaqi hökümlər “İslam əxlaqi” elminin mövzusudur.

 

FİQH ELMİ

Fiqh kəlməsinin lüğəvi mənası: Fiqh (فِقْهٌ) kəliməsi ərəb dilində فَقِهَ (fəqihə) feilinin məsdəridir, “fəhm etmək”, “dərindən başa düşmək”, “idrak etmək”, “anlamaq”, “bilmək” “qavramaq” kimi mənalari vardır. Fiqh kəlməsi və bu kəlmədən törəyən növləri Qurani-Kərimdə iyirmi yerdə keçir “deyilən sözün məqsədini qavramaq, anlamaq, dərindən bilmək və öyrənmək” kimi mənalarda işlədilmişdir. Qurani-Kərimdə “fiqh” kəlməsinin işləndiyi bəzi ayələrə diqqət yetirək:

وَ مَا كَانَ الْمُؤْمِنُونَ لِيَنْفِرُوا كَافَّةً فَلَوْلَا نَفَرَ مِنْ كُلِّ فِرْقَةٍ مِنْهُمْ طَائِفَةٌ لِيَتَفَقَّهُوا فِي الدِّينِ وَلِيُنْذِرُوا قَوْمَهُمْ إِذَا رَجَعُوا إِلَيْهِمْ لَعَلَّهُمْ يَحْذَرُونَ “Möminlərin hamısı eyni vaxtda döyüşə çıxmamalıdır. Hər qəbilədən bir dəstə qalmalıdır ki, dini (dərindən) öyrənsinlər və öz camaatı döyüşdən geri qayıtdıqları zaman onları xəbərdar etsinlər. Bəlkə, onlar (pis işlərdən) çəkinərlər” (Tövbə, 122)[2]

قَالُوا يَا شُعَيْبُ مَا نَفْقَهُ كَثِيرًا مِمَّا تَقُولُ وَ إِنَّا لَنَرَاكَ فِينَا ضَعِيفًا وَ لَوْلَا رَهْطُكَ لَرَجَمْنَاكَ وَمَا أَنْتَ عَلَيْنَا بِعَزِيزٍ”Onlar dedilər: “Ey Şuayb! Dediklərinin çoxunu anlamırıq. Biz səni aramızda zəif (gücsüz) görürük. Əgər qəbilən olmasaydı, səni daşqalaq edərdik. Sən bizim üçün heç də əziz bir adam deyilsən” (Hud, 91)

Fiqh kəlməsi hədisi-şəriflərdə isə “dinin incəliklərini qavramaq” mənasında istifadə olunmuşdur. Fiqh kəlməsinin işləndiyi bəzi hədislər belədir:

 قال رسول الله ﷺ: مَنْ يُرِدِ اللَّهُ بِهِ خَيْرًا يُفَقِّهْهُ فِي الدِّينِ Allah Rəsulunun () belə buyurdu “Allah kimə xeyir diləyərsə onu dində fəqih edər”[3]

Hədislərdə “fiqh” kəlməsinin işləndiyinə dair bəzi nümunələr: “Insanın bilmədiyini bilmirəm, Allah bilir, deməsi onun fəqih olmasınına dəlalət edir”[4]

“Bir şəxsin namazını uzun, xütbələrini qisa tutması fəqih olmasının əlamətlərindəndir”[5]

“Allah Rəsulu Abdullah ibn Amrin həddindən çox Quran oxuması səbəbilə ona xəbərdarlıq etmiş və belə buyurmuşdur: “Üç gündən daha qısa bir müddətdə oxuyub bitirmə, çünki bu qədər sürətlə oxuyan Qurani fiqh edə bilməz (anlayıb dərk edə bilməz)”[6]

Tövbə sürəsi 122-ci ayətdə keçən لِيَتَفَقَّهُوا فِي الدِّينِ ibarəsi və Peyğəmbərin hədisindəkiيُفَقِّهْهُ فِي” الدِّينِ” ” işlənən fiqh (فِقْهٌ) kəlməsi dində və ya dini elmlərdə dərin anlayış və fəhm (qavrama) sahibi olmaq mənasını verir. Fiqh elmi ilə məşğul olub, bu elmdə ixtisaslaşan və dərinləşən şəxslərə “fəqih” (فَقِهٌ) deyilir. Bu kəlimənin cəmi فُقَهَاءُ (fuqaha) kəlməsidir.

Fiqh kəlməsinin istilahi (termin) mənası: Peyğəmbərimizin vəfatından sonra hicri II əsrin ortalarından etibarən islami elmlərin ortaya çıxması ilə əlaqədar olaraq fiqh kəliməsi də termin kimi istifadə edilməyə başladı. İlk hicri əsrlərdə islami elmlərin hamısını ehtiva etməsi baxımından da fiqh kəliməsi istifadə olunmuşdur. “Dini hökmləri dəlilləri ilə bilmək” olaraq kimi qısa tərif edilən fiqh termininin müxtəlif tərifləri vardır. Fiqhə verilən ən məşhur təriflər:

İmam Azam Əbu Hənifənin fiqhə verdiyi tərif: “Fiqh insanın öz lehinə və əleyhinə olan hökmləri bilməsidir” (الْفِقْهُ مَعْرِفَةُ النَّفْسِ مَا لَهَا و مَا عَلَيْهَا)

İmam Şafiinin fiqhə verdiyi tərif: “Fiqh müfəssəl (təfsilatli) dəlillərdən (yəni ayə və hədislərdən) çıxarılan əməli şəri ehkamları (hökmləri) bilməkdir” (الْفِقْهُ مَعْرِفَةُ الأحكامِ الشَّرْعِيَّةِ الْعَمَلِيَّةِ الْمُكْتَسَبَةِ مِنْ أَدِلَّتِهَا التَّفْصِيلِيَّةِ)

 Fiqh elminin mövzusu: Fiqh elmi mükəlləflərin[7] feilləri haqqındadır. Mükəlləfə ibadətlərində, müamələtlərində[8] və digər məsələlərdə fiqh elmindən ehtiyacı olan hər bir şeyi öyrənməsi vacib, öyrənməkdə ehmalkarlığ və tənbəllik etməsi icazəli deyil, ehmalkarlığ və tənbəllik edilməsi şəxsə günah qazandırır.

Fiqh elminin məqsədi (qayəsi): Fəqihlər (İslam hüquqşünasları) İslam dininin əsas məqsədini “Məqasiduş-Şəriə” (şəriətin məqsədləri) anlayışı ilə ifadə edirlər. Məqasiduş-Şəriə, insanın Allah ilə olan ibadəti, digər insanlarla qarşılıqlı münasibət və gündəlik davranışlarını tənzimləyir. Fiqh elminin başlıca məqsədi Qurani-Kərim və hədislərdə yer alan şəri hökmlərin doğru şəkildə anlaşılması və tətbiq olunması, eləcə də insanların məsul olduqları əməllər və hüquqlar barədə maarifləndirilməsidir. Bundan əlavə, Quran və hədislərdə hökmü açıq şəkildə bəyan edilməmiş məsələlərin müctəhid alimlər tərəfindən ictihad yolu ilə izah olunması da fiqh elminin əsas vəzifələrindən sayılır.

Fiqh, hər bir müsəlmana ibadətləri düzgün və şəriətə uyğun şəkildə yerinə yetirməyi öyrədərək, onların Allahın razılığını qazanmasına, həm dünya, həm də axirətdə əbədi səadətə nail olmasına yardım edir. Bu baxımdan, mükəlləf şəxsin özünə aid fiqhi məsələləri öyrənməsi də vacibdir.

Fiqh elminin nisbəti: Fiqh elmi İslam elmləri sisteminə daxil olan fundamental (əsas) İslami elmlərdən biridir. Bu elm, Quran və hədislərə əsaslanaraq fərdi və ictimai həyatı tənzimləyən hüquqi və əxlaqi qaydaları öyrənir. Bu baxımdan, fiqh elmi həm ilahi vəhyə əsaslanan, həm də ictimai münasibətləri əhatə edən İslami elmlərin əsas sütunlarından biri hesab olunur.

Fiqh elminin əsasını qoyan: Fiqh elminin əsası İslam Peyğəmbəri Məhəmməd () tərəfindən qoyulmuşdur. Peyğəmbər, Allahdan aldığı vəhylərlə insanlara dini hökmləri izah etmiş, Quranın ayələrini şərh etmiş və əməli nümunələri ilə fiqhin təməlini formalaşdırmışdır. Bu mənada fiqhin ilk və əsas mənbəyi Quran, Sünnə (hədislər və peyğəmbərin əməli davranışları) olmuşdur.

Lakin fiqh elmi müstəqil bir elm sahəsi olaraq səhabələr dövründən başlayaraq təbiin, ətbəut-tabiin və sonrakı dövrlərdə inkişaf etdirilmişdir. Fiqh elminin sistemləşdirilməsində və məzhəb əsaslı təməl prinsiplərin formalaşmasında böyük fiqh alimlərinin rolu olmuşdur. Xüsusilə dörd məşhur məzhəb imamı – İmam Əbu Hənifə (699-767), İmam Malik (711-795), İmam Şafii (767-820) və İmam Əhməd bin Hənbəl (780–855) bu sahədə önəmli iz qoymuşlar. İmam Şafii həm də İslam hüququ metodologiyanı sistemləşdirən ilk alim hesab edilir. Xülasə olaraq fiqh elminin əsasını Peyğəmbər vəhyə əsaslanaraq qoymuşdur, daha sonra fiqh, səhabələr, tabiunlər və məşhur fiqh alimləri tərəfindən sistemləşdirilərək müstəqil bir elm sahəsinə çevrilmişdir.

Fiqh elminin tarixi inkişaf mərhələləri:

Fiqh elminə aid yazılmış ilk əsər: Fiqh elminin inkişaf mərhələsində ilk yazılı mənbələrin ortaya çıxması hicri I əsrin sonları və hicri II əsrin əvvəllərinə təsadüf edir. Bu dövrdə fiqhi məsələlər əvvəlcə şifahi şəkildə nəql olunur, daha sonra isə fəqihlər bu məlumatları sistemləşdirərək yazıya almağa başlamışdır. İlk fiqh kitabının müəllifi haqqında dəqiq məlumat olmasa da, İmam Malikin “əl-Muvatta” əsəri ilk sistemli fiqh əsərlərindən biri kimi qəbul olunur. Həmçinin Hənəfi fiqh məktəbinin qurucusu İmam Əbu Hənifə və onun tələbələri fiqh elminin yazılı ənənəsinin əsasını qoyan fəqihlərdən hesab edilirlər.

Fiqh elmi ilə fiqh üsulu elmi arasındakı əlaqə: Fiqh üsulu fiqh elminin nəzəri və metodoloji əsaslarını tədqiq edən bir elm sahəsidir. Bu elm, fəqihə hökmlərin çıxarılması üçün istifadə olunan metodları, qaydaları və dəlil sistemini öyrədir. Başqa sözlə, fiqh elmi əməli (praktik) hökmləri, fiqh üsulu isə bu hökmlərin necə çıxarıldığı metodalogiyanı öyrənir. Fiqh üsulu elmi şəri dəlillərin (Quran, Sünnə, icma, qiyas və s.) hüquqi əsası və tətbiq qaydalarını, hökmlərin əsaslandığı metod və məntiqi çərçivəni, müctəhidin (ictihad edən alimin) hansı əsaslarla hökm çıxara biləcəyini göstərir. Bu baxımdan, fiqh ilə fiqh üsulu arasında səbəb–nəticə əlaqəsi vardır. Fiqh üsulu vasitə, fiqh isə nəticədir.

Furu’ul-fiqh (فروع الفقه) Fiqhin Tətbiqi hissəsi: İslam hüququnda yəni fiqh elmində şəri hökmlər üsul alimləri tərəfindən iki əsas kateqoriyaya bölünür: Əsli hökmlər  və Fəri hökmlər

Fiqh üsulunun tərifi: Fiqh üsulu fiqh elminin nəzəri əsaslarını öyrənən elm sahəsidir. Ən məşhur tərifə görə:

أصول الفقه هو معرفةُ دلائل الفقه إجمالا و كيفية الاستفادة منها، و حال المستفيد، و هو مجتهد “Fiqh üsulu: fiqhin dəlillərini mücməl şəkildə bilmək, bu dəlillərdən necə istifadə olunacağını və bu dəlillərdən istifadə edəni halınını öyrənən elmdir. Dəlillərdən istifadə edib İslamın əsas mənbələrindən hökm çıxaran isə müctəhiddir”[10]

Bu tərifdən də göründüyü kimi, fiqh üsulu üç əsas komponenti özündə əhatə edir:

Fiqh üsulunun əsasları: Fiqh üsulu elmi, şəri hökmlərin düzgün şəkildə əldə olunması üçün nəzəri əsasları və metodları ortaya qoyur. Bu elmin dörd əsas sütunu vardır

Fiqh üsulunun əsasları haqqında daha ətraflı məlumat üçün fiqh üsulu kitablarına baxılması tövsiyə edilir.

 

[1] أَحْكَامٌ (əhkam) kəliməsi ərəb dilində bir kəlimədir və “hökm” (حُكْمٌ) kəliməsinin cəmidir.

[2] Həmçinin nümunə olaraq fiqh kəliməsinin işləndiyi bu ayələrə də baxıla bilər: Nisa, 78; Ənfal, 65; Həşr, 13; İsra, 44

[3] Buxari, “Səhih”, Elm 71; Müslim, “Səhih”, Zəkat 1037 (Muttəfəqun aleyh)

[4] Müslim, “Səhih”, Munafiqun, 40

[5] Müslim, “Səhih”, Cümə 47

[6] Əhməd bin Hənbəl,“Müsnəd”, X, 55

[7] “Mükəlləf” termini ilə müsəlman şəxs qəsd olunur. Mükəlləfin məsul olduğu hökmlərə isə təklifi hökmlər deyilir

[8] İbadət və müamələ terminləri arasında fərq mövcuddur: İbadət namaz, oruc, həcc kimi sırf Allah ilə qul arasında olan əməllərdir. Bu əməlləri vasitəsilə qul Allahın rizasına nail olmağa və Ona yaxınlaşmağa çalışır.

Müamələ isə insanların bir-biri ilə olan hüquqi və ictimai münasibətlərini tənzimləyən hökmləri əhatə edir. Buna misal olaraq alış-veriş, ticarət, borc vermə, ziyarət kimi gündəlik həyatla bağlı hüquqi və əxlaqi davranışlar göstərilə bilər

[9] rəb dilindən hərfi tərcüməsi: “fiqhin budaqları”

[10] Abdulmumin Abdulhaqq Hənbəli, “Qavaidul-usul və Məaqidul-fusul”

Salihiyyə

Exit mobile version